Xəbər lenti


Cəmiyyət yaranandan yaşam üçün mənəvi-ideoloji proqram, həyat fəlsəfəsi axtarıb, müəyyənləşdirməyə çalışıb. Dünyaya gəlməkdə məqsəd, yaşamağın mənası, vəhdəti-vücud, Allah-insan münasibətlərinin özəyini axtarış cəhdləri daim insanlığı məşğul etmiş, müxtəlif ideologiyaların yaranmasına, zaman keçdikcə bu ideologiyaların bəşəriyyətin fikir özəyinin əsas məhvərinə çevrilməsinə səbəb olmuşdur. Sufizm Şərq fəlsəfəsinin, mənəvi ideologiyasının ən qədim və geniş şaxəli dini-irfani sahəsidır. Onun cəlbedici müddəaları bütün zamanlarda irfani ruhlu mütəfəkkirləri, söz yaradıcılarını, alim və şairləri cəlb etmiş, hər kəs bu nəhəng okeandan bir damla götürərək yaradıcılığında bəhrələnmişdir. Bu baxımdan Azərbaycanın nəinki yazılı, həmçinin şifahi ədəbiyyatına və aşıq yaradıcılığına güclü təsir edən sufizm insanın mənəvi saflaşması yolunda, Allaha yaxınlıqda, həqiqət yolunu tapmaqda bir çıraq olmuşdur. Aşıq ədəbiyyatımızın zirvəsi hesab olunan Aşıq Ələsgərin yaradıcılığında da sufizm və islam ideyalarının bədii ifadəsi xüsusi tədqiqat tələb edən dərin mövzu olmuşdur.

Bu yaxınlarda Adilə Nəzərovanın işığına toplaşdığımız “Aşıq Ələsgər yaradıcılığında sufizm” kitabı, məncə, yuxarıda adını çəkdiyim mövzuda yazılmış ən dəyərli elmi-tədqiqat əsəridir. 


Oxuyanda hiss edirsən, kitab çox böyük zəhmət bahasına başa gəlmişdir. Müəllif təkcə bir yöndən yanaşaraq Aşıq Ələsgərin yaradıcılığında sufizm ideyalarını tədqiq etməklə qalmayıb, müxtəlif dini-elmi mənbələrdən, “Quran-I Kərim”dən,  sufi şair və təriqətçilərdən misallar gətirməklə əhatəli, mükəmməl  bir əsər ortaya çıxarmışdır. Həmçinin Aşıq Ələsgər haqqında danışılan maraqlı rəvayət və əhvalatları, aşığın on şeirini yeni redaktə ilə əlavə edərək oxuculara mükəmməl bir kitab təqdim etmişdir. Oxuduqca müəllifin kitabı necə böyük ürəklə, həmçinin əsl alim-tədqiqatçı baxışı ilə yazdığının şahidi olursan. 

Müəllifin yazdığına görə mövzunu sazın 9 siminin rəmzi kimi 9 məqalədə tədqiq etmişdir: 1. Aşıq Ələsgər yaradıcılığında “vəhdəti-vücud” anlayışı. 2.Aşıq Ələsgər şeirində “Ələstü birəbbikum qalu bəla”. 3.Aşıq Ələsgər şeirində kamil insan düşüncəsi. 4.Xalq şeiri ilə qəzəlin qarşılıqlı əlaqəsi. 5.Aşıq Ələsgər yaradıcılığında irfan məqamları və Hz. Əli qüdrəti. 6.Aşıq Ələsgər şeirində ilahiləşdirilmiş insan obrazı – Hz. Əli. 7.Aşıq Ələsgər şeirində ariflik – “Haqq səni sərraf yaradıb”. 8.Aşıq Ələsgər şeirində hərflərin və sözlərin dili. 9.Folklor, din və mifologiya (Aşıq Ələsgərin şeirləri və özü haqqında rəvayətlər əsasında).

 Tədqiqatçı-alim hər məqalədə geniş təhlil və müqayisələr aparmaqla Aşıq Ələsgərin qoşma, gəraylı, müxəmməs və qəzəllərində mətnaltı mənalarda gizli qalmış sufi-irfani, həmçinin islam dininin ideyaları ilə oxucunu tanış edir,  indiyədək mənasını anlamadığımız söz və ifadələrə aydınlıq gətirir: “Aşıq Ələsgər  şeirlərindəki “vəhdəti-vücud” Yunus Əmrə, Mövlanə Cəlaləddin Rumi, Hacı Bektaşi Vəli, Şah İsmayıl Xətayi, Aşıq Qurbani, Xəstə Qasım, Sarı Aşıq, Ağ Aşıq, Aşıq Alı kimi böyük sənətkarların ideyaları ilə eynidir. Bu mövzuda ustadın şeirləri arasında xarakterik olan “Aparır” rədifli müxəmməsidir:

                        ...Ölmək var, dirilmək var, qail ol miyata, gedən!

                        Qəlbində şeytan mətahın alıb sata-sata gedən!

                        Sirat-əl müstəqimdə tapar səni xata, gedən!

                        Zülm ilə, sələm ilə yığıb ziyarata gedən!

                        Ziyarata getmək deyil, urusa sursat aparır!”

Müəllifin qeyd etdiyi kimi, Aşıq Ələsgər bütün varlığı ilə islama biət gətirsə də, həm də təsəvvüfün dörd mərhələsinin – şəriət, təriqət, mərifət və həqiqət pillələrinin də mahiyyətini dərindən dərk etmiş, mənasını mənimsəmişdir.

            Həqiqətdən dərs almışam, təriqətdə söz qanam.

             Şahi-Mərdan sayəsində elm içində ümmanam.

             Dəryaların qaydasıdır, ümmana baş endirir.

 Kitabın müəllifi Aşıq Ələsgər şeirlərindəki sufilik və islam ideyalarını paralel, həm də əlaqəli şəkildə məharətlə, əsl alim-tədqiqatçı bacarığı ilə müqayisə etmişdir. Göründüyü kimi, təsəvvüf dünyagörüşü islama müxalif deyil, əksinə, onun təməl prinsiplərinə bağlıdır” – deyən müəllif haqlı olaraq hər iki ideologiyanın bağlılığını təsdiq edir, aşığın “Gərəkdi” qoşmasında təriqət, şəriət, mərifət, həqiqət  kateqoriyalarını çox ustalıqla açıqlayır. 

“Vəhdət məqamını dərk edən haqq aşığı üçün sən-mən ayırımı yoxdur. Çünki Allahın sirrinə vaqif olmaq yolunda vəhdət şüurunda ikilik və müxaliflik düşüncəsi olmur. Haqq aşığı Aşıq Ələsgər insanın kamil olmaq yolunda ayrı-seçkilikdən keçməli, şöhrətpərəstlik, karyera, qısqanclıq, kin, nifrət, özünügöstərmə kimi aldadıcı hisslərdən və vəziyyətlərdən uzaq durmalı, ədəb-ərkan bilməli olduğunu tövsiyə edir”. Bu mənada tədqiqatçı-alim aşığın “Biləsən” rədifli qoşmasından misal gətirməklə onun özünü əsərdə övliya kimi təqdim etməsini qeyd edir:

                                 Təriqətdə mərifətə qulaq ver,

                                 Şəriətdə yol-ərkanı biləsən.

                                 Həqiqətdə nədən xəlq eylədi Haqq

                                 Ərşi, kürşü, asimanı biləsən.

 A.Nəzərova hər səhifədə oxucunu irfani ideyaların dərinliyinə aparır, bu sahənin mütəxəsisi, bilicisi kimi diqqəti cəlb edir: “Yaranan 10-u şəriət, 10-u təriqət, 10-u mərifət, 10-u həqiqət olmaqla, 40 məqamdan keçəndən sonra Yaradanla “vəhdəti-vücud” olur. Bu müqəddəs çətin yolu bilmək də getmək qədər çətin və önəmlidir. Ustad bir bənddə bu müqəddəsliyi bəyan edir, amma açmır, çünki “Həqiqəti tam açmağa dəyməz”. Müəllif qeyd edir ki, “Eylə” qoşmasında gecə-gündüz “ya Hu”, “ya Hu!” deyib “İbadət eylə” – deyə qəm xirqəsini geyən aşıq arzulanan imici ilə “vəhdəti-vücud” əlqəsinə və fənafillahda təsəlli dərkinə işarə edir:

                                Qəddim əyib qəm xirqəsin geyirəm,

                                Məhəbbət odundan təam yeyirəm.

                                Leylü-nəhar “ya Hu”, “ya Hu!” deyirəm

                                Çıxıbdı qəlbimdən “İbadət eylə”.

Sufilər hesab edirdilər ki, mənəviyyat yolçuları dözümülük, sülhsevərlik, yüksək əxlaqi keyfiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Sufilərə görə mənəvi inkişaf yalnlz fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə də problemlərin yalnız zahiri tərəfini nizmlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, Allaha içdən gələn sevgi duyğularını ona aşılayır. Bu təlimdə əsas örnək Məhəmməd peyğəmbər, onun səhabələri, əhli-beytidir. Sufiliyin qaynağı isə “Quran” və hədislərdir. Müəllif bu baxımdan Aşıq Ələsgərin əsələrindəki sufi və islami təlimlərin qaynağını çox mükəmməl şəkildə aydınlaşdırır, oxucu aşığın şeirlərindəki bu mənaları anlaya billir. Həmçinin A.Nəzərova bir alim fəhmi ilə haqlı olaraq qeyd edir ki, Aşıq Ələsgər xalq içərisindən çxmış bir el aşığıdır, ozandır. Onun yaradıcılığına sırf sufi-irfani nəzəri ilə baxmaq birtərəfli yanaşma olardı. Aşıq Ələsgər özündən əvvəlki aşıq ədəbiyyatının təsiri ilə xalq ruhunda gözəl əsərlər yaratmış, dini-mistik ideyalardan xali sırf real həyat lövhələrini də yaradıcılığının meyarına çevirmişdir: “Aşıq Ələsgər yaradıcılığını ümumilikdə qətiyyən təriqət ənənəsinə bağlamaq olmaz. Çünki aşıq ədəbiyyatı özündən əvvəlki və formalaşdığı dövrlərdəki bütün ədəbiyyatlardan qidalanan müstəqil janrdır. Aşıq ədəbiyyatı və saz ənənəsi qeyri-dini xarakter daşıyır. Bunun səbəbi isə mədrəsə ənənəsinə zidd olaraq həm də əyləncə məqsədli bir sahə olmuşdur ki, Aşıq Ələsgər də həyat və yaradıcılığını bu yöndə qurmuşdur. Xalqın mədəniyyətinə, davranışına təsir edən iki fərqli tərzin ortaya çıxması nəticəsində mədəniyyət dairəsinin üst təbəqəsini təmsil edən ziyalıların aşıqlara xor baxdığı dövrlər də olmuşdur. Bu səbəbdən cəmiyyətin rəğbətini qazanmaq üçün aşıqlar irfani şeirlərində ancaq nəsihət ənənəsini qoruyub saxlamaqla həm dini qaydaları yaymağa, həm də ümumi vəziyyəti tənzimləməyə başlamış və bunu bacarmışlar”.


Kitabın ikinci məqaləsində müəllif əsasən “Quran”dan müxtəlif surə və ayələrdən misallar gətirməklə Aşıq Ələsgərin əsərlərində “Quran”a işarə edilən söz və ifadələrin izahını mükəmməl verə bilmişdir. Aşıq Ələsgərin “Olmuşam” rədifli qoşmasında bir ifadənin (Ələstü birəbbikum qalu bəla) izahını “Əl-Əraf” surəsinin 172-ci ayəsi ilə bağlı izahı çox maraqlıdır.

                     Ələstü birəbbikum qalu bəladan

                      Mərdin mövlasına nökər olmuşam.

                      Sütmşəm üzümü xaki-payinə,

                      Elm tapıb, sinədəftər olmuşam.

23 il ərzində nazil olan “Quran-i Kərim”in ayələri yarandığı dövrün tarixi hadisələrilə əlaqəli, bağlıdır. Müəllifin sözlərinə görə, tədqiqatçılar müəyyən etmişlər ki, müqəddəs kitabda yalnış beş yüzə yaxın ayənin nazil olması üçün konkret səbəblər vardır. Müəllif VII əsr ərəb tarixindən, “Quran” təfsirçilərinin yazdıqlarından misallar gətirməklə ayənin və qoşmadakı “Quran”la bağlı sözlərin izahını ustalıqla əlqələndrmişdir: “İrfan fəlsəfəsinə görə hər kəs dünyaya gəlməmiş Allahın hüzurunda ruh şəklndə mövcud olub. Həmin vaxt hər kəsdən öz rəbbini tanıması və bu təqdirdə Rəbbin buyruqlarına tabe olması haqqında sual edilib: bütün ruhlar buna razılıq edərək “bəli” cavabını iqrar etmişlər. Məhz bu “bəli”nin əsasında Allahla hər kəs arasında əhd-peyman bağlanıb:             

             Ələstüdə bəli deyən, sübhana baş endirir,

              Məhəmmədə nazil olan “Quran”a baş endirir.
              
         Özü birdir, adı minbir, vəhdəhüəl-la-şərik

              Əhli-mömin görə bilməz, pünhana baş endirir”.

Adilə Nəzərova “Quran” ayələri ilə hədis və qissələri müqayisə edərək məntiqi cəhətdən düzgün nəticəyə gəlmişdir. Kitabda yeri gəldikcə müxtəlif səmavi kitablardan da misallar gətirməklə “Quran-i Kərim”in mükəmməlliyindən söhbət açmışdır. Həmçinin “qəlb şairi” M.Füzulinin qəzəlləri ilə Aşıq Ələsgər yaradıcılığına aid əsərlərin məna yaxınlığının izahı xüsusən maraqlıdır. Əslində, bu konteksdən yanaşdıqda sufi-irfani əsərlərin ən kamil yaradıcısı olan M.Füzulinin əsərlərinin Aşıq Ələsgər yaradıcılığına təsiri o qədər də təəccüblü deyil. Lakin diqqəti çəkən əsas cəhət hər iki dahinin əsərlərindəki oxşarlıq, məna yaxınlığını fərq etməkdədir:

              Qazdır məzarımı çeşmə başında,

              Sal sinəm üstündən yol, incimərəm.(A.Ələsgər)

               Ucaldın qəbrim, ey bidərdilər, səngi-məlamətdən,

               Ki, məlum ola, dərd əhlinə qəbrim ol əlamətdən.

               Məzarım üstə mil qoymun, əgər kuyində can versəm,

              Qoyun bir saya düşsün qəbrimə ol sərvi-qamətdən. (M.Füzuli)                                                                                           

  A.Nəzərova klassik ədəbiyyatda geniş yayılan müəmmalara ustad aşığın da yaradıcılığında rast gəlindiyini qeyd edir. İlk nümunələri “divani lüğıt-it türk”də rast gəlinən müəmmalar əyləncə üçün yazılan xalq şeiri növüdür. Mövzusuna görə altı yerə bölünən müəmmalar əsasən xalq arasında bir zamanlar rütbə qazanmaq istə­yən sənətkarın biliyini ölçmək üçün sınaq şeiri olmuşdur. Aşıq Ələsgər də bir zaman­lar bu sınaqlardan keçmiş, sonralar isə öz müasirlərini və şəyirdlərini sınağa çəkmişdir.

“Kamil insan nədir?” – sualına cavab axtaran müəllif cavabı “Qurani- Kərimdə” tapır: “Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 29-cu ayə) “Verdiyimiz nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərindən üstün edən Odur!” (Ənam surəsi, 175-ci ayə). “Biz ... özlərinə təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik” (İsra surəsi, 7-ci ayə).

Aşıq Əlsgərin bağlamalarına diqqəti yönəldən tədqiqatçı alim qeyd edir ki, bu şeir şəkllərində aşıq rəmzlər, məcazlar, kinayə və işarələrlə kamil insan fəlsəfəsi anlayışını təqdim edə bilmişdir. Adətən bağlamalarda verilən suallara cavabı da müəllifin özü bilir. 

Bir haşiyə çıxım, redaktəsini birlikdə etdiyimiz Aşıq Xaspoladın (Aşıq Valehin nəvəsi) kitabındakı müəmmalı, sirli bağlamaların cavabını soruşduqda, aşıq çoxuna cavab vermədi: “O şeirləri meydanda vəcdə gələndə demişəm. Qulağıma pıçıldayırdı, mən də deyirdim,” – dedi. Deməli, hər ustad aşıq bağlamalara cavab məsələsində ustadlığın kamillik zirvəsində qala bilmir. 

Aşıq Ələsgərin “Biləsən” şeiri bu mənada çox xarakterikdir:

                             Təriqətlə mərifətə qulaq ver

                             Şəriətdə yol-ərkanı biləsən

                             Nəqiqətdə nədən xəlq eylədi haqq

                             Ərşi, kürşü, asimanı biləsən.

 

                            Şəcərətil-yəqin harda bitibdir?

                            Təşbehi dünyada nəyə yetibdi?

                            Neçə kökdü, neçə budaqa atıbdı?

                             Neçədi yarpağın san, biləsən? ...

Müəllif qeyd edir ki, şeirdəki simvolik ağac insandır, meyvəsi kamil insandır. Çünki hər şeyin incəliklərini üzə çıxaran həqiqətlərin cəmidir. Həqiqətin cəmi isə nə Şərqdə, nə Qərbdədir – ikisinin arasındadır. Əsli yerdə sabit, budaqları göylərdə, fiziki hissələri damarlarında, mənəvi həqiqətləri daxilindədir. 

 Adilə Nəzərova digər sufi  şairlər, aşıqlar kimi Aşıq Ələsgər yaradıcılığında da Hz. Əliyə olan sevgi və ehtiram, onun şəxsiyyətinə pərəstiş, etiqad bildirən şeirlərindən söz açır: “Allahın adı ilə” “Haraya qərəz”, “Getdi”, “Peyğəmbərin meracı”, “Pənc ali-əba”, “İmamlar”, “Baş endirir”, “Yalvarıram” və s.:

        ...Saldı şəhadət barmağın, atdı dəri-Xeybəri;

           Hökm qıldı Zülfüqara, iki böldü Əntəri

           Çəkəndə “Allahu-əkbər” qırdı min-min kafəri 

            Zəlillərin ümidvarı, möminləri sərvəri;

            Şahi-Mərdan, Şiri-Yəzdan, mən ona yalvarıram.

Hz.Əlinin Xeybəri azad etməsi, Əntəri öldürməsi hadisəsi “Quran” qissələrində, hədislərdə vardır. Kitabın müəllifi Aşıq Ələsgərin bunlardan qaynaqlanaraq əsərlərində Hz.Əlini sidq-ürəklə vəsf etməsini, onun peyğəmbər və Allah tərəfindən üstünlüyünü lütf və imtiyazlarla göstərməsini qeyd etmişdir.

Kitabı vərəqlədikcə tədqiqatçı- alimin Aşıq Ələsgər yaradıcılığına adi oxucu-tənqidçi münasibətini yox, adı çəkilən mövzuda yazılmış hər əsəri, şeiri üzərində necə dərin araşdırmalar aparmasının şahidi olursan. 

Kitabın son bölümündə Aşıq Ələsgərin yaradıcılığından gətirilən seçmələrdə ifadə olunan dini-irfani məzmunun bir çox yöndə - zamansızlıq və məkansızlıq; həqiqəti intuitiv olaraq sezmək, məlumatın möhkəm mənbədən gəldiyini hiss etmək; müqəddəslik, dindarlıq və ilahilik hissi; məntiqsiz görünmək, məntiqə meydan oxumaq;  özünü hiss etmənin itirilməsi; mistik təcrübə və s. izahı xüsusilə diqqəti cəlb edir. Burada həmçinin Aşıq Ələsgər haqqında xalq arasında dolaşan və yazılı mənbələrdə olan maraqlı rəvayət və əhvalatlar toplanıb. Bunları oxuduqca aşığın həqiqi bir Allah adamı, xalq sevgisini qazanan müdrik söz sənətkarı, övliya kimi mükəmməl obrazı göz önündə canlanır: “Qış vaxtıydı. Yenə Dədəmi görməyə gəlmişdilər. Bəşir qonaqlar üçün heyvan kəsmişdi. Bordaxları (qoyunları) buraxmışdıq ot tayasında açıq havada otlasınlar. Sonra baş qarışıb söhbətə, çoxuşaqlı ailədir, biri o birinə arxayın olub, heyvanları tövləyə salmayıb. Bir də xəbər tutduq ki, bordaxlar yoxdur. Bəşirlə Əbdüləzim kəndi dolaşdılar, boş qayıtdılar. Qar yağıb, izi örtüb, heyvanların hansı səmtə getməyi bilinməyib. Dədəm ağac çarpayının üstündə oturub qəlyan çəkirdi. Birdən dilləndi:

-A bala, narahat olmayın, Müseyib heyvanları gətirir.

Müseyib qonşu idi, qohumluğu da çatırdı. Bəşir dedi:

-Ay dədə, bu vaxt Müseyib hardaydı ki, qoyunları da tapıb gətirə. Yəqin, indi o, çoxdan yatıb.

Dədəm dedi:

-Müseyib Qaraqoyunludan gəlir, bordaxlar cərgələnib o tərəfə gedirmişlər. Yolda rast gəlib. Qabağına qatıb gətirir.

Hamımız bir-birimizin üzünə baxdıq. Heç kəs dillənib danışmadı. Bir az keçmişdi ki, Müseyib otağın bacasından səsləndi:

-Ələsgər əmi, heyvanları niyə dama salmayıbsınız? Qaraqoyunlu tərəfə gedirdilər, kəndin stündə rast gəldim, gətirdim.

Müseyibə razılıq edib bordaxları tövləyə saldıq”. (Aşıq Ələsgərin oğlu Aşıq Talıb).

Kitab haqda ən mükəmməl sözü oxuculara həvalə edək. Adilə Nəzərovaya yeni yaradıcılıq uğurları və oxucularını bu cür mükəmməl, maraqlı kitablarla zamanla tez-tez sevindirməsini arzulayıram.


HƏCƏR PAŞAYEVA 

Yazıçı, müəllim 





Ana səhifəyə qayıt        Baxış: 2 574          Tarix: 23-10-2023, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma