"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsinin ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.
"Report" xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu, bizim üçün çox böyük hadisə idi: “Məsələ araşdırılır və səbəbləri barədə ictimaiyyətə məlumat veriləcək. Allah həlak olanlara rəhmət, sağ qalanlara şəfa versin”.
S.Rzayev sağ qalanların ölkəyə gətirmə prosesinə də aydınlıq gətirib:
“Sağ qalan şəxslərin ölkəyə gətirilməsi günün ikinci yarsında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində ölkəyə gətiriləcək. Təyyarənin qəza səbəbi barədə nəsə demək tezdir. Hazırda detallı araşdırılma aparılır. Qara qutu tapılıb və oxunması qanunvericiliyə uyğun həyata keçiriləcək”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Paylaş: