Xəbər lenti

Musavat.com xəbər verir ki, Ermənistanın şimalında – Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasına qarşı radikal etiraz aksiyası anons edilib.

Bu çağırışla çıxış edən şəxs isə Ermənistan siyasətində uzun illər tanınan sima – sabiq deputat, “Respublika naminə” partiyasının sədri Arman Babacanyandır.

Babacanyan 23 avqustu Ermənistan tarixində dönüş nöqtəsi elan edib:

“23 avqustda Gümrüdə Rusiya hərbi bazasına qarşı etiraz aksiyamız keçiriləcək. Biz sadəcə aksiya keçirmirik, tarix yazırıq! Həmin gün "Ermənistanın deokkupasiyası başlayır!” – deyə o, bəyanatında vurğulayıb.

Bu bəyanat Ermənistanda ilk dəfə olaraq açıq şəkildə “Rusiya işğalına qarşı müqavimət” çağırışı kimi qiymətləndirilir. Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası illərdir Moskvanın Ermənistan üzərində hərbi-siyasi təsirinin əsas aləti hesab olunur. İndi isə bu baza erməni müxalifətinin birbaşa hədəfinə çevrilir.

Ekspertlər bildirir ki, Babacanyanın bu addımı Kremlin Cənubi Qafqaz siyasətinə açıq meydan oxumaq anlamına gəlir və regionda Rusiya əleyhinə ən sərt ictimai reaksiyalardan biri ola bilər.

Maraqlıdır ki, bu çağırış nəinki Rusiya-Ermənistan münasibətlərində, hətta Ermənistanın daxilində də ciddi siyasi qarşıdurmaya yol aça bilər. Hökumətin aksiyaya icazə verib-verməyəcəyi, yaxud Moskvanın hansı formada cavab verəcəyi hələlik bəlli deyil.

Bir çox siyasi müşahidəçi hesab edir ki, əgər aksiya baş tutarsa, bu, Ermənistanda rus hərbi varlığına qarşı kütləvi müqavimətin başlanğıcı ola bilər. Belə olan halda, 23 avqust təkcə bir etiraz tarixi yox, həm də Ermənistanın Rusiya orbitindən çıxmaq üçün cəhd etdiyi ilk “rəsmiləşmiş gün” kimi tarixə düşə bilər.




Ana səhifəyə qayıt        Baxış: 3 213          Tarix: 31-07-2025, 23:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma