Xəbər lenti

Rusiyanın rəhbərliyinin, onun bir çox rəsmi və qeyri-rəsmi şəxslərinin, o cümlədən mediasının Azərbaycana qarşı qəzəbli mövqeyinin kökündə təkcə təyyarə olayı dayanmır. Azərbaycanın “şimal ayısı”na münasibətdə özünü vassal-satellit kimi deyil, məğrur və müstəqil aparması, Ukrayna faktoru da səbəblər sırasındadır.

Sonuncu faktorla bağlı “mötərizələri” bir azca geniş açaq. Söhbət Putin Rusiyasının “Ukrayna bataqlığında” ilişib qalmasının, Prezident İlham Əliyevin ukraynalılara məlum tövsiyəsinin (“heç vaxt işğalla barışmayın”) və Azərbaycan daxil, beynəlxalq birliyin işğal olunan torpaqları heç vaxt Rusiya ərazisi kimi tanımayacağının yaratdığı dilxor ovqatdan gedir.

Putini bizə qarşı əsəbi edən sözsüz ki, həm də bu amillərdir. Halbuki vəziyyətin bu həddə çatmasında Bakının hansısa günahı, yanlışı yoxdur. Bizi əbəs yerə ittiham eləməkdənsə, arada zəhmət çəkib güzgüyə baxsınlar. Amma kimə deyirsən...

Ayın əvvəlində Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğudan bəlli olub ki, Vladimir Putinə ölkə sakinlərinin 78,4%-i etimad göstərir. Onun fəaliyyəti respondentlərin 74,7%-i tərəfindən bəyənilib ki, bu da əvvəlki həftənin göstəriciləri ilə müqayisədə 0,3% artım deməkdir. Keçən ay isə Rusiya liderinə etimad səviyyəsi 77,6% olmuşdu. Yəni yalnız artım.

İndi bu 78%-lik rəğbəti, heyranlığı necə oxuyaq? Nə demək bu? Rus xalqı Ukraynaya qarşı təcavüzkar müharibənin davamını istəyir? Qonşu suveren ölkələrə qarşı Kremlin şantaj və hədə siyasətinin bitməməsinimi arzu edir? “SSRİ-2” planını gizlətməyən, “Harda rus var, Rusiyanın sərhədi oradan keçir”, “Bizim bir müttəfiqimiz bar, o da ordumuzdur” söyləyən bir şəxsə yüksək ictimai dəstəyin ayrı adı axı nə ola bilər?..

Əlbəttə, normal xalq müharibə istəməz. Çünki müharibə - ölüm-itim, maddi və mənəvi məhrumiyyətlər, milli genofonda zərbə, böyük dağıntı və iqtisadi zərər, təbiətin və ekologiyanın ziyan görməsidir. Hələ biz ərazilərin minalanması demirik.

Bu yerdə dəyərli ekspert İlham İsmayılın aşağıdakı qənaəti ilə razılaşmamaq mümkünsüz: “Rusiya insanı pis yaşamağa adət edib. Bu cəmiyyət yaxşı yaşamaq uğrunda yox, başqa millətləri öz təsiri altında saxlamaq, onların torpaqlarını zəbt etmək uğrunda mübarizə edib və edir”.

Yeri gəlmişkən, separatçı Donbas bölgəsinin əhalisi “yağışdan çıxıb yağmura” düşüb. Son məlumatlara görə, Rusiyaya “birləşəndən” sonra yerli sakinlərin yaşayışı daha da pisləşib. Su, ərzaq problemi ciddiləşib və s...

Amma çifayda, rus toplumunu təəssüf ki, belə bəşəri-humanitar məsələlər deyil, daha çox torpaq işğalı maraqlandırır. Sanki yalnız elə bunun üçün doğulublar.

Bu da əsla təəccüblü deyil ki, Kremlin təcavüzkar xarici siyasətinə tarixən və günü bu gün də xeyir-dua verən, onu yeni ərazilərin ilhaqına şirnikləndirib müharibələrə təhrik edənlər arasında Rus Pravoslav Kilsəsi öndə gedir. Hərçənd bütün səmavi dinlər xalqlar, qonşular arasında sülh, dinclik və barışıqdan yanadır. Zülmə, zillətə qarşıdır.

Amma işə bax ki, Putin rus keşişləri ilə birgə məbəddə Ukraynaya qarşı təcavüzkar müharibədə Allahdan “qələbə üçün” dua edir. Yaxşı deyiblər, “qaçan da Allah çağırır, qovan da”...

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 933          Tarix: Bu gün, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma