Xəbər lenti

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı növbəti təxribat xarakterli materiallar yayımlanıb.

Verilişdə Ermənistan hökuməti Qarabağdan köçən erməniəsilli şəxslərə yardım etməməkdə ittiham olunub. Guya onlar məcburi şəkildə Qarabağdan çıxarılıblar. Lakin məlumdur ki, həmin şəxslər könüllü şəkildə Azərbaycan ərazisindən gediblər.

Daha diqqətçəkən məqam isə odur ki, beynəlxalq hüquqa zidd olaraq, dövlət televiziyasında uydurma "Artsax" sözündən istifadə olunub.

Bu isə mövcud olmayan "ərazi vahidi"ni legitimləşdirməyə yönəlmiş cəhddir və birbaşa Azərbaycanın suverenliyinə açıq hörmətsizlikdir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, Rusiyada olan bəzi dairələr Azərbaycana qarşı əks istiqamətdə xüsusi bir siyasət formalaşdırıblar:

"Bu siyasət artıq yarım ildir davam edir. Yəni əvvəllər tənqid üçün istifadə olunmuş mövzular "isidilib" yenidən gündəmə gətirilir. Vaxtilə ermənilər tərəfindən səsləndirilmiş iddialar indi Rusiya televiziyası tərəfindən tirajlanır. Rusiya hansısa verilişlə Azərbaycana təsir edə bilməz. Həmçinin Rusiya real olaraq Azərbaycana qarşı nə iqtisadi, nə də siyasi baxımdan ciddi maneələr yaratmaq gücündədir. Hazırkı Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş mümkündür. ABŞ-nin təsiri nəticəsində Ermənistan kompromis addımlar atmağa daha meyillidir.

Bu baxımdan, Rusiya televiziyasının belə mövzuları tirajlaması onu göstərir ki, onlar prosesə qarşı olan qüvvələrə - yəni Ermənistandakı müxalifətə dolayı yolla dəstək verməyə çalışırlar. Təbliğatçılar öz məqsədləri üçün bu istiqamətdə fəal şəkildə işləyirlər".

T.Zülfüqarov əlavə edib ki, proseslərə bu cür verilişlərin əhəmiyyətli təsiri yoxdur:

"Əsas məsələ ondan ibarətdir ki, Paşinyan öz mövqeyindən dönməsin. Digər tərəfdən, ABŞ bu istiqamətdə Ermənistana təzyiqlərini davam etdirməlidir.

Azərbaycan isə müstəqil siyasət yürüdür. Bu siyasətin əsas meyarı Azərbaycanın milli və dövlət maraqlarıdır. Heç bir xarici təsir altında qərarlar qəbul edilmir".




Ana səhifəyə qayıt        Baxış: 3 626          Tarix: Bu gün, 18:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma