
Son günlər Rusiya dövlət televiziyalarında yayımlanan bəzi süjetlər və verilişlər Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirir. Bu materiallarda hətta Azərbaycanın suveren ərazisi olan Qarabağ uydurma "Artsax" adlandırılır, Ermənistan hökuməti isə bölgədən könüllü şəkildə çıxan ermənilərə guya lazımi yardım göstərməməkdə günahlandırılır. Halbuki beynəlxalq hüquq normalarına əsasən, Qarabağ Azərbaycanın tərkib hissəsidir, qondarma "Artsax" ölkə adı yox, terror yuvasının adı olub və burada yaşayan ermənilər də ərazimizi könüllü şəkildə tərk ediblər.
Deməli, Rusiya bunu bildiyi halda, əksinə hərəkət edir. Dövlət kanalında belə sərsəm fikirlər səsləndirilsə, bu, təxribatdan başqa bir şey deyil və məqsədyönlü xarakter daşıyır.
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib ki, Azərbaycan əleyhinə qərəzli və əsassız fikirlərin səsləndirilməsi, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı aqressiv və qeyri-humanist davranışı və ritorikası iki ölkə arasında münasibətlərə zərər gətirir:
"Xüsusilə zaman-zaman Rusiyanın müxtəlif media resurslarının "Stepanakert", "Dağlıq Qarabağ respublikası" və "Arstax" kimi qondarma məfhumlara yer verməsi Azərbaycanın suverenliyinə qarşı açıq təxribatdır. Rusiya TV kanalı tərəfindən Azərbaycanın Qarabağ bölgəsindən könüllü olaraq köçmüş erməni əhalisinin vəziyyəti ilə əlaqədar guya narahatlıqların ifadə edilməsi isə absurddur. Rusiya tərəfi hətta irəli gedərək üstündən iki il keçəndən sonra Qarabağdan Ermənistana köçmüş şəxslərə humanitar yardım etməyə başlayıb. Mətbuatda ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində istifadə edilən tezislərin Rusiya dövlət təmsilçiləri tərəfindən də istifadə edilməsi bu "orkestrin" arxasında Kremlin olmasını açıq şəkildə göstərir".
"Təyyarəmizin Rusiya tərəfindən vurulması, zərərçəkən tərəflərə kompensasiyanın ödənilməməsi, hadisəni törədənlərin cəzalandırılmaması, tələb olunan şəkildə ciddi araşdırmaların aparılmaması, Azərbaycan tərəfinin məsələ ilə bağlı haqlı tələblərinə laqeyd yanaşma artıq Azərbaycanı bu məsələdə beynəlxalq mühakiməyə getməyə vadar etdi.
Bu kimi məsələlər daha çox daxili auditoriyaya hesablanır. Belə ki, süni gərginliyin yaradılması uğursuzluqları üçüncü qüvvə hesabına ört-basdır etməyə cəhdlərdir. Regionda yaranmış hazırkı reallıqla barışmaq bəzi qüvvələr üçün çətindir. Onlar anlayırlar ki, Qarabağ məsələsində ölkəmizə təsir etmək artıq mümkün olmayacaq. Bunu qəbul etmək və bərabərhüquqlu münasibətlər qurmaq lazımdır", - deyə parlamentari vurğulayıb.
Millət vəkili əlavə edib ki, İvan Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın razılığı olmadan Xankəndidə quraşdırılması Rusiyanın "mədəniyyət" pərdəsi altında ərazidə möhkəmlənmək cəhdi idi:
"Azərbaycanın bu büstü sökməsi ölkəmizin suveren hüququdur. Ərazimizlə bağlı bütün qərarlar və hüquqlar dövlətimizə məxsusdur".
Paylaş: