Xəbər lenti

Musavat.com xəbər verir ki, İsrailin Nazirlər Kabineti bu həftənin cümə axşamı Qəzza zolağının tam işğalı ilə bağlı həlledici iclas keçirməyə hazırlaşır. İsrail mediasının məlumatına görə, Baş nazir Benyamin Netanyahu girovların azad olunması və Hamasın tamamilə məhv edilməsi məqsədilə Qəzzaya tam hərbi nəzarətin bərpasını nəzərdə tutan yeni planı təhlükəsizlik kabinetinə təqdim edəcək.

Hazırda İsrail Ordusu Qəzzanın təxminən 75 faizinə nəzarət etsə də, bu planla bölgənin tam işğalı, yəni qalan hissənin də silahlı nəzarət altına alınması nəzərdə tutulur. Netanyahu bu qərarı ilə həm də ölkə daxilində uzun sürən tənqidlərə və beynəlxalq təzyiqlərə qarşı sərt mövqe nümayiş etdirmək istəyir.

Lakin bu plan ölkə daxilində ciddi narazılıq və qarşıdurma yaradıb. İddialara görə, İsrail Silahlı Qüvvələrinin baş qərargah rəisi Eyal Zamir plana qarşı çıxıb. O, belə bir əməliyyatın girovların həyatını riskə atacağını və ordunun döyüş qabiliyyətini zəiflədəcəyini bildirib. Zamirə, hətta planı qəbul etməsi və ya istefa verməsi ilə bağlı təzyiqlər olduğu deyilir.

Nazirlər Kabinetində də bu məsələ ətrafında dərin ixtilaflar yaşanır. Müdafiə naziri Yoav Qallant və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir kimi sağçı nazirlər tam işğal planını dəstəkləyir. Buna qarşı olaraq, xarici işlər naziri Gideon Sa’ar və ŞAS Partiyasının lideri Arye Deri daha məhdud və mərhələli hərbi əməliyyatları üstün tuturlar.

Bu fondda ABŞ prezidenti Donald Trampa ünvanlanan müraciət də xüsusi diqqət çəkir. Aralarında keçmiş Mossad və Şin Bet rəhbərlərinin də olduğu 600-dən çox sabiq israilli təhlükəsizlik rəsmisi Tramp administrasiyasından Qəzza planının dayandırılması üçün Netanyahunun qarşısını almağı tələb ediblər. Onların fikrincə, bu qərar həm girovlar, həm də İsrailin beynəlxalq nüfuzu üçün fəlakətli nəticələr doğura bilər.

İclas ərəfəsində beynəlxalq media vəziyyəti “həlledici dönüm nöqtəsi” kimi qiymətləndirir. The Guardian yazır ki, hətta qərar verilməmişdən öncə belə, kabinet daxilindəki qarşıdurmalar planın icrasına mane ola bilər. Reuters-in məlumatına görə isə plan artıq Netanyahunun təsdiqindən keçib və yalnız təhlükəsizlik kabinetinin yekun rəyini gözləyir.

Qeyd edək ki, BMT və digər beynəlxalq təşkilatlar İsrailin mümkün işğal planını ciddi humanitar və hüquqi fəsadlarla müşayiət olunacaq riskli addım kimi qiymətləndirib. Hazırda Qəzzada ölənlərin sayı 60 min nəfəri keçib, minlərlə insan isə aclıq və blokada şəraitində həyat mübarizəsi aparır.

Cümə axşamı keçiriləcək toplantı yalnız Qəzza üçün deyil, həm də İsrailin daxili siyasi gələcəyi üçün həlledici sınaq ola bilər.




Ana səhifəyə qayıt        Baxış: 2 734          Tarix: Dünən, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma