Xəbər lenti

Bəlli oldu: Azərbaycan Naxçıvana eksklüziv hüquqlu yol alır

Musavat.com xəbər verir ki, Azərbaycanın illərdir hədəflədiyi strateji nəqliyyat arteriyası – Zəngəzur dəhlizi reallığa çevrilir. ABŞ-ın nüfuzlu “Reuters” agentliyi amerikalı rəsmilərə istinadla sensasion məlumat yayıb: Ermənistan hökuməti Azərbaycan ərazisindən Naxçıvan Muxtar Respublikasına keçəcək tranzit yolun işlənməsi üzrə eksklüziv hüquqları ABŞ-a verməyə hazırlaşır.

Bu informasiya Azərbaycan üçün həm diplomatik, həm də geostrateji zəfər anlamı daşıyır. Çünki bu, yalnız “Zəngəzur dəhlizi”nin faktiki olaraq qəbul edilməsi deyil, eyni zamanda ABŞ-ın bu layihəyə strateji təminatçı qismində qoşulması deməkdir.

Mənbəyə görə, 8 avqustda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda danışıqlar aparacaq və sülh sazişini, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı sənədləri imzalayacaqlar. 

Bu marşrut ABŞ tərəfindən “Tramp marşrutu” adlandırılır və Mərkəzi Asiyadan Avropaya enerji resursları və nadir torpaq metallarının daşınması üçün alternativ geosiyasi arteriya sayılır. Marşrut yalnız Azərbaycan üçün deyil, həm də Qərb üçün Rusiya və Çin asılılığından qurtuluş anlamı daşıyır.

Ekspertlərin fikrincə, bu, Azərbaycan diplomatiyasının illərlə apardığı prinsipial və qətiyyətli siyasətin zirvə nöqtəsidir. Vaşinqtonun rəsmi şəkildə bu dəhlizə təminat verməsi Azərbaycanın suveren hüquqlarının tanınması və bölgədəki rolunun yenidən təsdiqi kimi dəyərləndirilir.

Bu hadisə təkcə Azərbaycanın iqtisadi və nəqliyyat imkanlarını genişləndirmir – o, həm də bölgədə yeni geosiyasi reallıqların başlanğıc nöqtəsidir.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 5 121          Tarix: Dünən, 23:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma