ABŞ-da aktiv neft quyularının sayı noyabrın 17-dən 24-nə qədərki həftə ərzində 9 ədəd və yaxud 1,2% artaraq 747 ədədə çatıb.
Bu barədə "Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir.
Məlumata görə, hesabat həftəsində aktiv qaz quyularının sayı isə 1 ədəd və yaxud 0,6% azalaraq 176 ədədə düşüb. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 8 ədəd və yaxud 0,9% artaraq 923 ədəd təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 273 ədəd və yaxud 57,6%, aktiv qaz quyularının sayı 58 ədəd və yaxud 49,1%, ümumilikdə isə fəaliyyətdə olan neft-qaz quyularının sayı 330 ədəd və yaxud 55,6% artıb.
2016-cı il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub ki, bu da son 7 ilin minimal həddi deməkdir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,36 dəfə çoxdur. Bu göstərici rekord həddə isə 2014-cü ilin oktyabr ayında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 53,6% aşağıdır.
"Report"un analitik qrupu hesab edir ki, yaxın 3-6 ay ərzində dünya bazarında neftin 1 barelinin qiyməti 50-65 dollar arasında dəyişəcək. "Neftin qiymətinin 50 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidəcək, 65 dollar/bareli ötməsi isə quyuların sayının artmasını sürətləndirəcək".
Xatırladaq ki, bu il avqustun 11-də ABŞ-da aktiv neft quyularının sayı bu ilin maksimum həddinə çataraq 768 ədəd təşkil edib və hazırda quyuların sayı bu səviyyədən 21 ədəd və yaxud 2,7% aşağıdır. ABŞ-da neft hasilatı bu həftə 13 min barel və yaxud 0,1% artaraq 9,658 mln. barel/günə çatıb və rekordu yeniləyib. Bu rəqəmin qısamüddətli perspektivdə 10 mln. barel/günü ötməsi gözlənilir.
Paylaş: