ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı iyulun 22-dən 28-dək davam edən həftə ərzində 8 ədəd və yaxud 0,84% artaraq 958 ədəd təşkil edib.
Bu barədə "Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir.
Qeyd edək ki, ABŞ-da aktiv neft-qaz quyularının sayı 23 həftəlik ardıcıl artımdan sonra son bir ay ərzində iki dəfə azalma, bir dəfə isə sabitlik nümayiş etdirib.
Son hesabat həftəsində aktiv neft quyularının sayı 2 ədəd və yaxud 0,26% artaraq 766 ədəd, qaz quyularının sayı 6 ədəd və yaxud 3,23% artaraq 192 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 0-a bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 392 və yaxud 104,5%, qaz quyularının sayı isə 106 ədəd və ya 2,23 dəfə, ümumilikdə isə neft-qaz quyularının sayı 495 ədəd və yaxud 2,07 dəfə artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,42 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,4% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidə bilər. Qiymətin 55 dollar/barelə yaxınlaşması isə quyularının sayının artmasını sürətləndirə bilər".
Paylaş: