Xəbər lenti

Azərbaycanın 2025-ci ildə xarici dövlət borcunun məbləğinin 2018-ci ilin sonuna olan proqnozdan 3,2 mlrd. dollar azalaraq 6,5 mlrd. ABŞ dolları təşkil edəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 24 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada qeyd edilib.

Həmin ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 12% təşkil edəcək.

Sənədə əsasən, 2018-ci ilin sonuna ölkənin xarici dövlət borcunun məbləğinin 9,7 mlrd. dollar (ÜDM-ə nisbəti 22,5%), 2019-cu ildə 10,1 mlrd. dollar, 2020-ci ildə 9,8 mlrd. dollar, 2021-ci ildə 9,2 mlrd. dollar, 2022-ci ildə 8,5 mlrd. dollar, 2023-cü ildə 7,8 mlrd. dollar, 2024-cü ildə 7,2 mlrd. dollar, 2025-ci ildə isə 6,5 mlrd. dollar olacağı proqnozlaşdırılır.

Bildirilib ki, 2018-ci il 1 yanvar tarixinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 17 007,4 mln. manat təşkil edib: “Məcmu dövlət borcunun 15 978,1 mln.manatı (9 398,3 mln. ABŞ dolları) və ya 93,9 faizi xarici, 1 029,3 mln. manatı və ya 6,1 faizi daxili dövlət borcunun payına düşür. Xarici dövlət borcunun ÜDM-ə nisbəti 22,8 faiz, daxili dövlət borcunun ÜDM-ə nisbəti 1,5 faiz olmaqla, ölkənin məcmu dövlət borcunun 2017-ci ildə ÜDM-ə nisbəti 24,3 faiz təşkil edib. Məcmu dövlət borcunun ölkənin valyuta ehtiyatlarına nisbəti 23,8 faiz olub. Xarici dövlət borcunun 3 331,4 mln. ABŞ dolları və ya 35,5 faizi xarici valyuta nominallı dövlət qiymətli kağızlarından, 5 510,4 mln. ABŞ dolları və ya 58,6 faizi hökumətin birbaşa cəlb etdiyi kreditlərdən, 556,5 mln. ABŞ dolları və ya 5,9 faizi isə xarici dövlət borcu hesab edilən şərti öhdəliklərdən ibarətdir”.

Sənəd ortamüddətli və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək dövlət borcalmaları sahəsində yeni strategiya və tədbirlər planından, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan ibarətdir. Strategiyada müəyyən edilmiş hədəflərə nail olmaq üçün 3 strateji məqsədin və 5 prioritet tədbirin həyata keçirilməsi planlaşdırılır.

Strategiyanın həyata keçirilməsi üçün müəyyən edilmiş hədəflər bunlardır; Dayanıqlı və idarəolunan dövlət borcu səviyyəsi, Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, Dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizmlərinin gücləndirilməsi.

Qeyd edilib ki, 2018-2025-ci illəri əhatə edən bu Strategiya qlobal miqyasda formalaşmış yeni makroiqtisadi və geosiyasi çağırışlar fonunda Azərbaycan Respublikasının dövlət borcunun idarəolunan çərçivədə saxlanılmasına və dövlət borcalmalarının əsas prinsip və istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.

Sənəddə qeyd olunan hədəflərin 2020-ci ildən etibarən hər 2 ildən bir yenidən qiymətləndirilməsi həyata keçiriləcək

 




Ana səhifəyə qayıt        Baxış: 548          Tarix: 25-08-2018, 13:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma