Xəbər lenti


Türkiyə ilə Yunanıstan arasındakı Aralıq dənizindəki gərginlikdən sonra nəzərlər iki ölkəni mütəmadi qarşı-qarşıya gətirən təbii qaz ticarətinə yönəlib.

Teleqraf.com xəbər verir ki, Türkiyə ilə Azərbaycan arasında imzalanan “Şahdəniz 1” razılaşmasına görə, ildə 6.6 milyard kubmetr qaz idxalı nəzərdə tutulur.

Türkiyə bu qazın illik 750 milyon kubmetrlik hissəsini 23 dekabr 2003-cü ildə imzaladığı müqavilə ilə Yunanıstana satır. Türkiyə ilə Yunanıstan arasında imzalanan qaz alqı-satqı müqaviləsinin müddəti 2021-ci ildə başa çatır. Türkiyə sözügedən müqaviləni yeniləməyəcəyini və növbəti ildə Yunanıstana qaz idxalını dayandıracağını vurğulayır.

Qeyd edək ki, 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. Türkiyənin BOTAS qaz şirkəti bu xətlə idxal olunan qazın bir hissəsini "təkrar ixrac” haqqına uyğun olaraq Yunanıstana ixrac edir.

Türkiyədə ildə təxminən 45-50 milyard kubmetr təbii qaz istehlak edilir. Türkiyə neft və qaz ehtiyaclarının demək olar ki, hamısını idxal yolu ilə qarşılayır. İdxal üçün ikili metod izlənilir. Təbii qaz Rusiya, İran və Azərbaycandan uzunmüddətli müqavilələrlə boru kəmərləri ilə alınır. Maye qaz (LNG) ABŞ, Qətər, Əlcazir və Nigeriyadan idxal olunur.

Əldə olunan məlumatlara görə, Yunanıstan bu qazın yaratdığı boşluğu necə dolduracağının yolunu tapıb. Belə ki, Yunanıstanın Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz idxalına dair razılaşma əldə etməsi gözlənilir.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Teleqraf.com-a bildirib ki, hazırda Türkiyəyə ixrac olunan qaz iki razılaşma əsasında həyata keçirilir:

“Razılaşmaya əsasən, qaz ixracı “Şahdəniz” yatağının işlənməsinin I və II mərhələsi çərçivəsində aparılır. “Şahdəniz I” çərçivəsində satılan qazın həcmi 6 milyard kubmetr civarındadır. “Şahdəniz II” mərhələdə də elə təxminən bir o qədər qaz Türkiyəyə ixrac olunur. Bundan əlavə, 10 milyard kubmetr qaz Avropa üçün nəzərdə tutulur. Birinci mərhələ üzrə bağladığımız sazişin vaxtı 2021-ci ildə bitir. Bu sazişin yenilənməsi lazımdır. Hazırda bununla bağlı Türkiyə tərəfi ilə danışıqlar aparılır. Müxtəlif imkanlar və şərtlər nəzərdən keçirilir, müzakirələr gedir.

Bunlar kommersiya danışıqlarıdır. Bununla bağlı əlavə məlumatım yoxdur, hərçənd dəqiq təfərrüatları məlum olsaydı belə, onu açıqlamağımız düzgün olmazdı. Saziş bağlanandan sonra ictimaiyyətə dəqiq məlumat veriləcək”.

İbrahim Əhmədov Yunanıstana birbaşa təbii qaz satışlarının olacağını da deyib:

“Tək Yunanıstana deyil, bütün Avropaya təbii qaz satışı olacaq. Adətən bir çox müqavilələrdə təkrar ixraca icazə verilmir. Ancaq hazırda Türkiyə ilə təkrar ixrac məsələsinin müqavilələrdə olub-olmayacağı bilinmir. Bilsəm də bunu indiki mərhələdə açıqlamaq düzgün deyil”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Türkiyə may ayında 10 ölkədən 300 milyon kubmetr həcmində qaz idxal edib:
“Yunanıstanın qaza tələbi yoxdur.

Türkiyənin idxal etdiyi qazı satması barədə deyilən fikirlər reallığı əks etdirmir. Əgər Türkiyə qazı saxlasa, əngəlləsə müqavilənin şərtlərinə görə, Avropa İqtisad Məhkəməsi qarşısında göndərilməyən hər min kubmetrə görə cərimə formasında haqq ödəyəcək.

Türkiyənin Aralıq dənizində tapdığı qaz layihəsini işləmək üçün ən aşağısı 3 il vaxt lazımdır. Bundan sonra 5 il də hasilata başlamaq üçün vaxt gərək olacaq. Burada mürəkkəb bir məsələ yoxdur”.

Qeyd edək ki, BOTAŞ-la Yunanıstanın qaz şirkəti DEPA qiymət mübahisəsi səbəbindən indiyədək bir neçə dəfə məhkəməlik olub. Beynəlxalq arbitraj məhkəməsinə qədər gedib çıxan mübahisənin birini DEPA, digərini isə Türkiyənin BOTAŞ şirkəti qazanıb.



Ana səhifəyə qayıt        Baxış: 3 059          Tarix: 15-09-2020, 16:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma