Xəbər lenti
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
Dünən, 12:14
Dünən, 10:57
9-12-2024, 23:30
9-12-2024, 21:49
9-12-2024, 21:00
9-12-2024, 20:00
9-12-2024, 19:00
"Zəngəzur dəhlizi bölgənin simasını tamamilə dəyişəcək".
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova iyunun 13-də Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Respublikası Milli Şurasının spikeri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti ilə görüşərkən deyib.
Bildirilib ki, əvvəlcə Slovakiyalı spikerlə təkbətək görüş olub. Görüşdə ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrə dair fikir mübadiləsi aparılıb. Sonra görüş geniş tərkibdə davam etdirilib.
S.Qafarova bu səfəri iki ölkə arasında dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib və ötən il Slovakiyaya səfərini xatırlayaraq bu ölkənin rəsmiləri ilə keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. O ümidvar olduğunu bildirib ki, Slovakiya spikerinin Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər münasibətlərimizin daha da dərinləşməsinə və genişləndirilməsinə töhfə verəcək: "Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri zamanı aparılan danışıqlar əlaqələrimizin inkişafında mühüm rol oynayır. Bu gün Azərbaycanla Slovakiya arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələri əhatə edən bir sıra sənədlər imzalanıb. Bu sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir".
Milli Məclisin sədri Slovakiya nümayəndə heyətinin səfər zamanı Azərbaycanın bölgələrini ziyarət etməsini tanışlıq baxımından əhəmiyyətli hesab edib: "Azərbaycan çoxmədəniyyətli, multikultural ölkədir. Müxtəlif mədəniyyətlərə, dinlərə və irqlərə hörmət Azərbaycan xalqının mənəvi dəyərlərinin tərkib hissəsidir. Müxtəlif dini və etnik qruplar əsrlər boyu burada sülh və dostluq şəraitində yaşayıblar. Səfər çərçivəsində qonaqlar da şahid oldular ki, Bakıda və Azərbaycanın bölgələrində müxtəlif dini və mədəni abidələr – Katolik, Pravoslav kilsələr, Sinaqoqlar və Məscidlər yan-yana fəaliyyət göstərir".
S.Qafarova dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu vurğulayaraq parlament spikerlərinin və deputatların qarşılıqlı səfərlərini əməkdaşlığımızın inkişafı baxımından önəmli hesab edib. O, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib, bunun təcrübə və informasiya mübadiləsi baxımından önəmini vurğulayıb. Spiker AŞPA, ATƏT PA, NATO PA, Parlamentlərarası İttifaq kimi beynəlxalq təşkilatlarda əməkdaşlığımızın səviyyəsini daha da artırmaq üçün yaxşı imkanlar olduğunu deyib.
Sədr qonaqların Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtımız Şuşaya səfərlərinə toxunaraq qeyd edib ki, Ermənistan işğal dövründə bu ərazilərdəki bütün şəhər və kəndləri bilərəkdən dağıtmış, mədəni, dini obyektləri vandalizmə məruz qoymuşdur: "Azərbaycan öz ərazilərini azad etdikdən sonra həmin bölgələrdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda işğaldan azad olunmuş ərazilərdəki bütün infrastruktur bərpa edilir. “Yaşıl enerji” zonası elan edilən Qarabağda və Şərqi Zəngəzurda yeni şəhərlər, kəndlər tikilir. Ancaq Ermənistan tərəfindən həmin ərazilərin minalanması bu işlərin həyata keçirilməsinə və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasına böyük maneçilik törədir. Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Biz sülhdən danışmaq istəyirik".
S.Qafarova bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında üçüncü üçtərəfli görüş keçirilib: "Azərbaycan tərəfindən sülh sazişinin imzalanması üçün məqsədyönlü addımlar atılır. Ümidvarıq ki, Ermənistan da öz öhdəliklərini yerinə yetirəcək, konstruktiv yanaşma nümayiş etdirəcək. Postmünaqişə dövründə Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Zəngəzur dəhlizi, əldə edilmiş razılaşmalara uyğun açılacaq yeni nəqliyyat infrastrukturu bölgənin simasını tamam dəyişəcək. Avropa ölkələri, o cümlədən Slovakiya bu nəqliyyat infrastrukturundan faydalana bilər və yeni bazarlara çıxış əldə edə bilərlər". Spiker bir daha vurğulayıb ki, Slovakiya nümayəndə heyətinin bu səfəri parlamentlərarası münasibətlərimizin inkişafında yeni bir səhifə açacaq.
Slovakiya Respublikası Milli Şurasının spikeri Boris Kollar ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Slovakiyanın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirilib ki, siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrimizin daha da inkişafı ümumi mənafelərimizə xidmət edir. Parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi həyatın digər sahələrində əməkdaşlığa da öz müsbət təsirini göstərəcək.
Slovakiyalı spiker ölkəmizə səfəri çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Şuşa şəhərinə səfər etdiklərini bildirərək səfər təəssüratları haqqında öz yüksək fikirlərini bölüşüb, bu ərazilərdə aparılan quruculuq, bərpa işlərini təqdir edib. Boris Kollar aparılan bərpa işləri çərçivəsində bu torpaqların minalardan təmizlənməsi məsələsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün mövcud imkanlardan xalqlarımızın rifahı naminə istifadə olunmalıdır.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər haqqında da danışılıb.
Görüşdə Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, qrupun üzvləri Sədaqət Vəliyeva, Arzu Nağıyev, Malik Həsənov, ölkəmizin Slovakiyadakı səfiri Rövşən Sadıqbəyli, Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak və digər rəsmi şəxslər iştirak ediblər
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar