Xəbər lenti

2022-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 158 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 109 ölkəyə məhsul ixrac olunub, 146 ölkədən idxal olunub.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 21348,2 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 16212,6 milyon dollarını və ya 75,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 5135,6 milyon dollarını (24,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 11077,0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 75,5 faiz, real ifadədə isə 10,0 faiz artıb.

İxrac real ifadədə 17,6 faiz artıb, idxal isə 3,4 faiz azalıb. 2022-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 17,5 faiz artaraq 1188,1 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 37,4 faizi İtaliya, 11,9 faizi Türkiyə, 6,0 faizi Rusiya, hər biri 4,2 faiz olmaqla Hindistan və İsrail, 3,8 faizi Çin, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,4 faiz olmaqla Almaniya və Yunanıstan, hər biri 2,1 faiz olmaqla Portuqaliya və Ukrayna, 1,9 faizi Gürcüstan, 1,5 faizi İspaniya, hər biri 1,3 faiz olmaqla Tunis və Tailand, 1,2 faizi Qazaxıstan, 1,0 faizi İran, 12,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 49,1 faizini İtaliyaya, 10,4 faizini Türkiyəyə, 5,6 faizini İsrailə, 5,2 faizini Hindistana, hər biri 3,1 faiz olmaqla Yunanıstan və Birləşmiş Krallığa, 2,8 faizini Portuqaliyaya, 2,3 faizini Gürcüstana, 2,1 faizini Ukraynaya, hər biri 1,8 faiz olmaqla Tunis, Almaniya, Rusiya və İspaniyaya, 1,5 faizini Tailanda, 1,1 faizini Çexiyaya, 0,9 faizini İsveçrəyə, hər biri 0,8 faiz olmaqla Rumıniya və Vyetnama, 4,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,8 faiz), Rusiyaya (22,2 faiz), Gürcüstana (6,3 faiz), İsveçrəyə (5,6 faiz), ABŞ-a (3,7 faiz), İtaliyaya (2,9 faiz), Niderlanda (2,2 faiz), Hindistana (1,7 faiz), Braziliyaya (1,6 faiz), Qazaxıstana (1,5 faiz), Özbəkistana (1,5 faiz), Rumıniyaya (1,2 faiz), Belarusa (1,2 faiz), Ukraynaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.




Ana səhifəyə qayıt        Baxış: 3 137          Tarix: 20-07-2022, 10:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma