Məlum olduğu kimi, beynəlxalq ödəniş sistemləri “Visa” və “MasterCard” Rusiyanın Ukraynaya təcavüzünü əsas gətirib bu ölkədə fəaliyyətini dayandırdıqdan sonra rus bankları alternativ olaraq “UnionPay”a ümid bağlamışdılar. Baxmayaraq ki, “UnionPay”ların “Visa” və “Mastercard”-ı tam əvəz etməsi müşkül məsələ idi. Çünki Çin ödəniş sisteminin kartlarının emissiyası daha bahadır və heç də bütün satış məntəqələri onlarla ödənişi qəbul etmir.
Ovqat.com-un məlumatına görə, bütün çatışmazlıqlarına və bundan doğan müştəri qıtlığına baxmayaraq, “UnionPay” belə, Rusiyadan üz döndərib.
Bildirildiyinə görə, aprel-may aylarından Rusiyada UnionPay kartlarının fəaliyyəti məhdudlaşdırılıb. Ödəniş sistemindəki mənbələr Rusiyanın RBK kanalına verdikləri çəlumatda bu qərarı ikinci dərəcəli sanksiyalar qorxusu ilə izah ediblər.
İddialara görə, “UnionPay” həm alış, həm də emissiya baxımından sanksiyaya məruz qalmış banklarla işini dayandırıb.
“UnionPay” bu məlumatı rəsmi səviyyədə şərh etməyə tələsmir.
Çin beynəlxalq ödəniş sistemi “UnionPay” 2002-ci ildə Dövlət Şurasının və Çin Xalq Bankının təşəbbüsü ilə yaradılıb. “UnionPay” səhmdarları arasında 200-dən çox maliyyə institutu var.
Paylaş: