Xəbər lenti

Azərbaycan və İran arasında Ağbənd avtomobil yolu körpüsü iki ölkə arasında tranzitin daha asan və təhlükəsiz olmasına kömək edəcək.

Trend-in məlumatına görə, bunu İranın Nəqliyyat İnfrastrukturlarının Konstruksiyası və İnkişafı Şirkəti (Construction and Development of Transportation Infrastructures Company) icra direktorunun müavini Məhəmməd Rza Kədxodazadə ILNA-ya açıqlamasında deyib.

M.Kədxodazadənin sözlərinə görə, tikintisinə yenicə başlanan bu körpü bölgədə tranzit imkanlarının artması ilə nəticələnəcək.

“Hazırda iki ölkə arasında sərhəd körpünün tikilməsi ilə yanaşı texniki araşdırmalar da davam etdirilir”, - deyə o qeyd edib.

Şirkət rəsmisi qeyd edib ki, texniki araşdırmalar bitmədiyi zamanadək bu körpünün dəqiq tikinti xərcini elan etmək mümkün deyil. Bu körpünün dəqiq tikinti xərci iki ölkənin birgə komissiyasının iclasında hesablanacaq və iki ölkə tərəfindən birgə şəklində xərclənəcək.

Onun sözlərinə görə, İran və Azərbaycan Astaraçay üzərində körpünün tikintisini birgə şəkildə həyata keçirirlər. Araz çayı üzərində də körpü birgə şəkildə tikilir.

Qeyd edək ki, 21 sentyabrda Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Uzunluğu 112 kilometr olan Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolunu İran İslam Respublikasının avtomobil yolları şəbəkəsi ilə Araz çayı üzərindən birləşdirəcək körpü uzunluğu 216 m, eni isə 24,5 m olmaqla layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyat vasitəsi və 1 piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub. Həmçinin burada hər iki ölkənin ərazisində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 2 818          Tarix: 25-09-2022, 16:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma