Dünya neft bazarında qiymətlər yüksəlməyə başlayıb.
Ovqat.com-un məlumatına görə, Londonun ICE birjasında bir barrel neftin qiyməti 92 dolları ötüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə WTI neftinin qiyməti 89 dollar/barelə yaxınlaşıb.
Neftin qiymətlərinin yüksəlməsinin səbəbi Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatın azaldılması qərarını 2023-cü ilin sonuna qədər uzadılması ilə izah olunur. OPEC-in məlumatına görə, Səudiyyə Ərəbistanın qərarı ilə bu ilin son rübündə tədarük kəsirinin iki dəfə artıraraq gündəlik 3 milyon barrelə çatdıracağı gözlənilir. Əgər bu reallaşsa, qlobal neft bazarlarında 2007-ci ildən bəri ən böyük defisit yaşanacaq.
Qeyd edək ki, Ər-Riyad administrasiyası ötən həftə neft bazarlarındakı gərginliyə baxmayaraq, hasilatın gündəlik əlavə 1 milyon barel azaldılmasını ilin sonuna qədər uzadacağını açıqlamışdı. OPEC-in çərşənbə axşamı açıqladığı hesabatda növbəti üç ayda qlobal hasilatın gündə təxminən 3,3 milyon barel azalacağı gözlənildiyi bildirilir. Təşkilatın analitikləri iddia edirlər ki, Səudiyyə Ərəbistanının proqnozlaşdırdığı kimi hasilatın həcmini dəyişməsə, ilin son rübündə tələb və təklif arasındakı fərq iki dəfə arta bilər. “Bloomberg”in analizinə görə isə, bu baş verərsə, ən azı 2007-ci ildən bəri ən böyük səhm azalmasının yaşanması qaçılmazdır.
Səudiyyə Ərəbistanının bu qərarından sonra Avropada dizel qiymətlərinin artdığı, Amerika aviaşirkətlərinin öz sərnişinlərini artan xərclərə hazır olmaları barədə xəbərdarlıq etdiyi bildirilir.
Səudiyyə Ərəbistanının bu qərarı iki səbəblə izah edilir. İlk səbəb; ABŞ-da neft və neft məhsullarının qiymətinin bahalaşması gələn il yenidən seçki kampaniyasına hazırlaşan ABŞ prezidenti Co Bayden üçün siyasi problemə çevrilə bilər. Görünür, Bayden administrasiyası ilə arası çox da isti olmayan vəliəhd-şahzadə Məhəmməd bin Salman (MBS) onun ikinci dəfə seçilməsi qarşısında əngəl yaratmağa çalışır.
Digər bir səbəb isə Səudiyyə vəliəhdi MBS-in xeyli iddialı layihələrini həyata keçirmək istəyi ilə bağlı ola bilər. Ekspertlərin fikrincə, bu layihələrin ərsəyə gəlməsi üçün ər-Riyada daha çox pul lazımdır və bunun üçün neftin qiymətləri 100 dollara yüksəlməlidir.
“Hesablamalara görə, Səudiyyə Ərəbistanı hökumət xərclərini, eləcə də vəliəhd şahzadə Məhəmməd Bin Salmanın iddialı layihələrini qarşılamaq üçün neftin qiymətinin təxminən 100 dollar/barel səviyyəsinə qalxmasına ehtiyac duya bilər. Krallıq Neom kimi tanınan futuristik şəhərdən tutmuş Kristiano Ronaldo kimi ən yaxşı futbolçuların daxili liqaya alınmasına qədər müxtəlif təşəbbüslərə əhəmiyyətli məbləğlər xərcləyib” – “Bloomberg Economics” yazır.
Nəşr bildirir ki, səudiyyəlilər tərəfindən hazırlanmış tədarükün sərtləşdirilməsi krallığın hələ də enerji bazarları üzərində hökmranlığını əks etdirsə də, Beynəlxalq Enerji Agentliyi (IEA) çərşənbə axşamı bu hökmranlığın necə zəiflənə biləcəyini xatırladıb.
“IEA, istehlakçıları fəlakətli iqlim dəyişikliyinin qarşısını almaq üçün bərpa olunan enerjiyə müraciət etməyə çağırıb və bildirib ki, bu onillikdə tələbatın pik həddə çatması ilə " fosil yanacaq dövrünün sonunun başlanğıcının şahidi ola bilərik", - “Bloomberg Economics”-in analizində qeyd olunur.
Paylaş: