ABŞ-da aktiv neft quyularının sayı avqustun 26-dan sentyabrın 1-nə qədər davam edən həftə ərzində dəyişməyərək 759 ədəd olub.
Bu barədə "Report" ABŞ-ın "BakerHughes" şirkətinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, hesabat dövründə fəaliyyətdə olan neft-qaz quyularının sayı 3 ədəd və yaxud 0,32% artaraq 943 ədəd, aktiv qaz quyularının sayı isə 3 ədəd və yaxud 1,66% artaraq 183 ədədə yüksəlib.
Qeyd edək ki, ABŞ-da aktiv neft-qaz quyularının sayı 23 həftəlik ardıcıl artımdan sonra son 10 həftə ərzində altı dəfə azalma, bir dəfə sabitlik, üç dəfə isə artım nümayiş etdirib. Lakin buna baxmayaraq son 1 həftədə ölkədə sutkalıq neft hasilatı 2 min barel və yaxud 0,02% artaraq 9,504 mln. barel təşkil edib.
Keçən ilin eyni dövrü ilə müqayisədə ABŞ-da neft quyularının sayı 352 və yaxud 86,5%, qaz quyularının sayı isə 95 ədəd və yaxud 2,08 dəfə, ümumilikdə isə neft-qaz quyularının sayı 446 ədəd və yaxud 89,7% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,4 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,8% aşağıdır.
"Report"un analitik qrupu hesab edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcək: "Neftin qiymətinin 45 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidə, 55 dollar/barelə yaxınlaşması isə quyuların sayının artmasını sürətləndirə bilər".
Paylaş: