ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı iyulun 8-dən 14-dək dəyişməyərək 952 ədəd təşkil edib. Bu, son 3 həftədə 2-ci zəif göstərici olub. Qeyd edək ki, ABŞ-da aktiv neft-qaz quyularının sayı 2 həftə öncə 23 həftəlik ardıcıl yüksəlişin ardından 1 ədəd azalma göstərib.
"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 2 ədəd və yaxud 0,26% artaraq 765 ədəd, qaz quyularının sayı 2 ədəd və yaxud 1,06% azalaraq 187 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 0-a bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 408 və yaxud 114,3%, qaz quyularının sayı isə 98 ədəd və ya 110%, ümumilikdə isə neft-qaz quyularının sayı 506 ədəd və yaxud 119,9% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,42 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,5% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barelə yaxınlaşması ABŞ-da aktiv neft quyularının sayının artmasında səngiməyə gətirib çıxaracaq. Qiymətin 55 dollar/barelə yaxınlaşması isə neft quyularının aktivləşməsinə səbəb olur".
Paylaş: