Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan uyğun vaxtda Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə o, parlamentdə jurnalistlərə bildirib.
"Mən uyğun vaxtda Azərbaycana səfər etməyə hazıram. Həmkarımı hansısa formatda Ermənistana dəvət etmək niyyətindəyəm", - deyə Simonyan qeyd edib.
Azərbaycana səfər etmək üçün dəvət alıb-almadığı ilə bağlı suala Simonyan "yox" cavabını verib. Amma bildirib ki, dəvət alarsa, bunu nəzərdən keçirəcək.
Alen Simonyanın sözlərinə görə, Azərbaycanın 2026-cı ilin may ayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməkdən imtina etməsi Ermənistanla əlaqəli deyil.
"Xanım (Sahibə) Qafarova görüşümüz zamanı Prezidentin adından bunun Ermənistan tərəfi ilə heç bir əlaqəsi olmadığını çatdırmağımı xahiş etdi", - deyə Simonyan vurğulayıb.
Daha əvvəl Alen Simonyan iki ölkənin yüksəkvəzifəli şəxslərinin İrəvan və Bakıya qarşılıqlı səfərlərinin mümkünlüyündən danışmışdı.
Paylaş:




























