Artıq 9-cu gününə daxil olan Afrin əməliyyatı bu gündən böyük vüsət qazanıb.
Ovqat.az Türk mətbuatına istinadən xəbər verir ki, əməliyyatın bu zamana qədər ləngiməsi bölgədəki hava şəraitinin əlverişsizliyi ilə izah olunur.
Bildirildiyinə görə, Afrin bölgəsində ayın 20-dən başlayan sağnaq yağışlar və ətrafı bürüyən çiskin TSQ birliklərinin irəliləməsinə mane olurdu. Bu gün havaların açılmasıyla TSQ və Azad Suriya ordusu yenidən hərbi əməliyyatlara başlayıb.
Ötən gecə Afrinin cənub-şərqindən əməliyyatın ilk mərhələsinə başlayan Türk ordusu bu gün günorta saatlarında strateji yüksəklik olan Burseya dağını terrorçulardan tam təmizləyə bilib. Bu istiqamətdə bir neçə kəndi də alan TSQ Afrin mərkəzi üzərində böyük üstünlük qazanıb. Bütün yüksəkliklərin artıq Türkiyəyə bağlı qüvvələrin əlində olduğu bildirilir. Burseyadan Afrinə məsafə 13 km-dir.
Əməliyyatın digər mərhələsi isə Afrinin qərbində Cinderes bölgəsində başlayıb. Məlumatlara görə, bu istiqamətdə cəbhə xətti top atışları və havadan bombardımanlarla yarılmağa çalışılır. Bombardıman hazırda da davam edir.
II cəbhənin Cinderesdən açılması səbəbsiz deyil. Dərə-təpələrdən ibarət olan Afrin bölgəsində yeganə düz yol bu istiqamətdədir. Afrinin mərkəzinə də əsas hücumun Cinderesdən olacağı gözlənilir.
Bildirilir ki, TSQ və ASO birlikləri Afrinin şimalında və şərqində də əməliyyatlara hazırlaşır. Şimaldakı Bülbül mahalının sonuna qədər irəliyən hərbi birliklər bu ərazini PKK-dan təmizləyə başlayıblar. Şimal istiqamətində Afrinin mərkəzində şəhərdaxili müharibə mərhələsinə gəlinib.
Afrinin şərq hissəsi dağlıq ərazilərdən ibarət olduğundan, Türk əsgərləri bu bölgəni qərbdən Tel Rüfət və cənubdan İdlib istiqamətində yeni cəbhələr açmaqla nəzarət altına götürməyə çalışırlar. Məlumatlara görə, Tel Rüfət-İdlib arasındakı bu dəhliz intensiv bombardman və quru əməliyyatları ilə terrorçuların keçişinə bağlanacaq. Bunun üçün hazırlıqların tamamlandığı qeyd olunur. Həmin hərəkat baş verərsə, Afrindəki terrorçuların Hələblə əlaqəsi kəsiləcək. Bu isə olduqca vacibdir. Çünki PKK/PYD qüvvələri çətin vəziyyətdə qalıb Bəşər Əsəddən bölgəyə müdaxilə etməsini istəmişdilər. Suriya ordusu da bu istəyə müsbət cavab vermişdi. Bildirildiyinə görə, rejim ordusu içərisində sayları çox olmasa da, bəzi kiçik qrupların Türk əsgəri ilə müharibə aparmaq üçün Afrinə keçmişlər.
Paylaş: