Bu gün gecə saatlarından başlayaraq, bombardıman edildikdən sonra günorta vaxtı Afrinin cənub-şərqində yerləşən Burseya dağının terrorçulardan xilas edilməsinin ardından Türk ordusu bölgənin qərb cəbhəsində də hərbi əməliyyatlara başlayıb.
Ovqat.com Türk mətbuatına istinadən xəbər verir ki, qərb cəbhəsində yerləşən Cinderes bölgəsi hazırda havadan və top atışlarıyla bombardıman edilir.
Cinderesin strateji əhəmiyyəti Afrinə uzanan düz yolun üzərində yerləşməsidir. Təpələrlə əhatə olunan bölgənin ən hündür yüksəkliyi sayılan Burseyada əldə edilən yüksəklik avantajı Afrinə tam nəzarət imkanı yaratdığı kimi, Cinderes də Türk ordusunun təbii maneələrlə üzləşmədən irəliləməsi üçün böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, əməliyyatın 9 gün əvvəl başlamasına baxmayaraq, bölgədəki hava şəraitinin uyğun olmaması Türk ordusunun irəliləməsini xeyli əngəlləmişdi. Bu gün havaların açılmasıyla əməliyyat da sürətləndirilib və önəmli uğurlar əldə edilib. Verilən son məlumata görə, Türk əsgərləri Burseya dağının cənubunda başda Kastel olmaqla bir sıra kəndlər PKK/PYD silahlılarından təmizlənib.
Burseyadan Afrinə qədər məsafə cəmi 13-15 km-dir.
Paylaş: