Sabah Milli Məclis özünü buraxdıqdan sonra növbədənkənar parlament seçkilərinin önü açılacaq. Bəs siyasi partiyalar bu seçkidə iştirak edəcəklərmi?
Ovqat.com-un sualını cavablandıran ADP sədri Sərdar Cəlaloğlu dedi ki, hələ qoy, bir parlament buraxılsın, ondan sonra ADP bu barədə qərarını verəcək: "Qanun var; parlament buraxılmalıdır, seçkilər elan edilməlidir. Ondan sonra da biz mövqeyimizi bildirməliyik. Bəlkə heç parlament buraxılmayacaq, onda necə olur?"
Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə qeyd qetdi ki, Milli Məclis özünü buraxmayacaq: "Milli Məclis yeni parlament seçkilərinə hazırlaşır. Erkən parlament seçkiləri təşəbbüsü ilə çıxış edən də Yeni Azərbaycan Partiyasıdır. Yeni Azərbaycan Partiyası parlamentdə daha çox mandata malikdir, onun təşəbbüsü mən əminəm ki, digər millət vəkilləri tərəfindən də müdafiə olunacaq. Bu məsələ sabah Milli Məclisin gündəliyinə salınıbdı, biz müzakirə edəcəyik. Müzakirə edəndən sonra təbii ki, cənab prezidentə müraciət olunacaq. Cənab prezident də seçki gününü təyin edəcək və bununla da parlament sadəcə olaraq islaslarını dayandıracaq, lakin öz səlahiyyətini itirməyəcək. Onun səlahiyyətləri yeni Milli Məclis seçilib, təsdiq edildikdən sonra bitir".
Fəzail Ağamalı onu da qeyd etdi ki, sabah Milli Məclisin plenar iclasından sonra Ana Vətən Partiyasinın Mərkəzi Şurası toplantısı keçiriləcək və növbəti seçkilərdə iştirak edib-etməmək məsələsi həmin iclasda müzakirə olunacaq: “Mən hər halda bu fikirdəyəm ki, partiya qarşıdan gələn erkən parlament seçkilərində iştirak eləsin və ümidvaram ki, partiyamız da bu qərarı qəbul edəcək".
Sualımıza Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə belə cavab verdi: "Müzakirə etməmişik, amma böyük ehtimalla seçkirədə iştirakla bağlı məsələyə münasibət mənfi olacaq. Amma müzakirə etməmişik, bunu xüsusi vurğulamaq lazımdır".
Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sualımızı belə cavablandırdı: "Bu, seçkilərin hansı şəraitdə keçirilməsi və seçki islahatları istiqamətində hansı addımlar atılmasından asılı olacaq".
Keçmiş deputat, Milli Şuranın Kardinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə bildirdi ki, bununla bağlı Milli Şuranın rəsmi qərarı var: "Noyabrın 30-da biz Milli Şuranın Kordinasiya Mərkəzinin növbədəkənar iclasını keçirdik və həmin iclasda Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən çoxluğunun prezidentə müraciəti və parlamentin buraxılması ehtimalının ciddiləşməsi ilə bağlı məsələ müzakirəyə çıxarıldı, orada bizim Milli Şura olaraq yekun mövqeyimiz ortaya çıxdı. Həmin mövqe artıq bu gün paylaşılıb. Qısaca olaraq, onu bildirmək istəyirəm ki, biz Milli Şura olaraq seçkilərdə iştirak etmək istəyirik, amma biz gerçək, ədalətli və rəqabətli seçkilərdə iştirak etmək istəyirik. Ona görə də seçkilərdə iştirakımız üçün konkret tələblər irəli sürmüşük və Azərbaycan hakimiyyətinə müraciət edərək parlamentin buraxılmasını yubatmağa çağırmışıq.
Gültəkin Hacibəylinin fikrincə, parlament daha 2 həftə və daha çox işləməli və bu müddət ərzində seçki islahatları istiqamətində addımlar atılmalıdır. Seçki komissiyalarının paritet əsasda - hakimiyyətin, müxalifətin və bitərəf namizədlərin iştirakı ilə təşkil olunması məsələsi ilə bağlı qanunverciliyə dəyişikliklər edilməlidir. İctimai Televiziya və digər resursların üzərindən bərabər təbliğat imkanlarının yaradılması, seçkiləri müşahidə ilə bağlı tələblərimiz irəli sürülüb. Yəni seçki prosesi ilə bağlı konkret tələblərimiz var. Seçkinin demokratikliyinin təmin olunması, eyni zamanda namizədlərin qeydiyyatına yaradılan əngəllərin aradan qaldırılması ilə bağlı konktret tələblər var ki, onlar qanunvericiliyə əlavə edilməlidir. Eyni zamanda sərbəst toplaşma azadlığının təmin olunması da əsas tələblərdən biridir. Çünki sərbəst toplaşma azadlığı olmadan seçki mühitindən danışmaq olmaz və bütün siyasi məhbusların azadlığa buraxılması da tələbimizdəndir. Bu tələblərimiz yerinə yetiriləcəyi halda, biz demokratik qüvvələrin Milli Şurası olaraq həmin seçkilərdə iştirak edəcəyik. Ancaq əgər bu tələblər yerinə yetirilməyəcəksə, o zaman bəlli olacaq ki, Azərbaycanda heç olmasa yarım azad seçki keçirmək üçün minimum standartalara da əməl olunmur. O zaman təbii ki, Milli Şuranın seçkiləri baykot etməkdən başqa yolu qalmır".
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də məsələyə münasibətini bildirdi: "Parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar veriləndən sonra partiyamızda müzakirələr olacaq və ondan sonra iştirakla bağlı konkret qərar veriləcək".
Şamo
Ovqat. com
Paylaş: