Xəbər lenti


Tövrata görə, Musa peyğəmbərdən sonra yəhudi toplumuna rəhbərlik edən Saul (Quranda Talut olaraq keçər) krallığı dövründə İsrail oğullarının antik fələstinlilərlə savaşı olur. Fələstin ordusuna Golyat (Qurana görə, Calut) adlı sərgərdə rəhbərlik edir.

Golyat nəhəng bir adam imiş. Boyu, Tövratın bəzi ayələrinə görə, 6 arşın, 1 qarış (2.93 m.), bəzi ayələrə görə isə, 4 arşın 1 qarış (2.03 m.) imiş. Geyindiyi zirehin ağırlığı 60 kq, mizrağının uzunluğu 600 şekelmiş. 1 şekelin 8.33 qram olduğunu nəzərə alsaq, bu hardasa 5 kq. deməkdir. 
 
Qısası, olduqca nəhəng və dövrünə görə xeyli ağır silahla qurşanmış bu adam yəhudi ordusunun qabağına çıxıb günlərlə meydan sulayır və onunla təkbətək savaşacaq igid göndərmələrini tələb edir. İsrail oğullarından isə heç kim onun qarşısına çıxmağa cəsarət etmir.
 
Bir gün döyüş meydanına qohumunun yanına gələn Davud adlı bir musiqiçi mənzərəni görüb bu rəzaləti öz millətinə yaraşdırmır və nəhəngin qarşısına çıxmağa qərar verir. Fikrini döyüş komandanlığına bildirir və uzun müzakirədən sonra çar-naçar gənci Golyatın qarşısına çıxarırlar. Döyüş başlayar-başlamaz gənc sapandına daş qoyub nəhəngə doğru atır. Daş Golyatın tam alnına dəyir və o, huşunu itirib yerə yıxılır. Davud da qılıncıyla onun başını kəsib döyüşü qazanır.
 
Fələstin ordusu bu şücaət qarşısında qorxuya düşüb qaçır və İsrail oğulları tarixlərinin ən böyük savaşını bir daşla qazanır.
 
Tarixçilər bu hadisənin miladdan əvvəl 11-ci əsrdə baş verdiyini bildirirlər. Yəni üzərindən ən azı 3 min ildən artıq zaman keçib. Fəqət yəhudilər bu gəncin qəhrəmanlığını müqəddəsləşdirib indiyədək unudulmasına imkan verməyiblər. Məhz bu döyüşdən sonra o, peyğəmbər adı alır, qəhrəmanlığı Tövrata düşür, Tövratdan sonra İncil və Quran da Allahın möcuzəsi kimi tərənnüm edilən bu hekayə ilə zənginləşir. Davud peyğəmbər Sauldan sonra İsrail və Yahuda krallığının hökmdarı adını qazanır və s.
 
İstedadlı bir musiqiçidən qəhrəmana, peyğəmbərə və krala çevrilən Davud peyğəmbərin bu hekayəsi təkcə yəhudi toplumu üçün yox, bütün insanlıq üçün ibrət dərsi çıxarılacaq nümunədir. Yəhudilər öz igidlərinin qəhrəmanlıqlarına dəyər verərək, onu hafizələrində ölümsüzləşdirərək indiki İsrail dövlətini qurublar və dünyaya ağalıq edirlər. Həqiqətən də bir daşla güclü düşmən üzərində qələbə qazanmaq xor görüləcək və ya unudulacaq hadisə deyil.


 
Amma gəlin, görək, bu cür misilsiz qələbələr yalnız yəhudilərəmi nəsib olub? Qətiyyən. Heç uzağa getməyək, Azərbaycan igidləri son Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlıq nümunələri ilə heç də Davud peyğəmbərin atdığı sapand daşından az şücaət göstərməyiblər. Adi bir bıçaq və tapanca ilə Şuşada ən müasir silahlarla təchiz olunmuş erməni ordusuna qarşı qazandığımız qələbə hərb tarixinə düşəcək mahiyyətdədir. Azərbaycan əsgərlərinin uca dağları aşa-aşa, yaralılarını və ölülərini belə, arxada buraxmayaq, 100 metrlərlə hündürdəki Şuşa sıldırımlarına kanatlarla dırmanması misli-bənzəri görünməmiş şücaətdir. Hətta ermənilərin özləri belə, bu uğurumuzu hərbi möcuzə adlandırırlar. Amma biz öz Davudlarımızı necə qiymətləndiririk?


 
Naxçıvanda Şuşanın və digər rayonların işğaldan azad olunmasında canlarını qoyan şəhidlərimizin başdaşına şəkillərini belə, yapışdırmağa izn verməyəcək şəkildə. Çünki Naxçıvan MR Nazirlər Kabinetinin 3 il əvvəl çıxardığı qərar var: kimliyindən asılı olmayaraq bütün başdaşları eyni standartda olmalıdır - uzunluğu 2.20 sm, eni 1.20 sm,  hündürlüyü 60 sm. ölçüsündə
 
Vəssəlam, şüt-təmam.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 512          Tarix: 1-12-2020, 10:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma