Xəbər lenti



“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” və “İnsan Hüquqları və Qanunların Təbliği” hüquq-müdafiə təşkilatları Gəncə şəhər sakini Süleymanov Vüsal İlqar oğlunun əsassız şəkildə həbsdə saxlanılması ilə bağlı ölkə Başçısına müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, Gəncə Polisinin maraqları əsasında həbs olunan Vüsal Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun qeyri-obyektiv yanaşmasına görə artıq 3 ildir ki, əsassız  şəkildə həbsdə saxlanılıb. 


Vüsal Süleymanovun Gəncə Appellyasiya Məhkəməsinin qərarından sonra növbəti məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsində 05 sentyabr 2022-ci il tarixində keciriləcək.  Hər iki təşkilat bununla bağlı Prezidentə müraciət edərək prosesi nəzarətə götürməyi məsələyə hərtərəfli, obyektiv və ədalətli baxılması üçün müvafiq tədbirlər görülməsini xahiş edib. Müraciəti olduğu kimi təqdim edirik:



“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” və “İnsan Hüquqları və Qanunların Təbliği” hüquq-müdafiə təşkilatlarının Gəncə şəhər sakini Süleymanov Vüsal İlqar oğlunun əsassız həbsdə saxlanılması barədə


                            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına


                                                               MÜRACİƏTİ:


Hörmətli cənab Prezident,


Gəncə şəhər sakini Əliyeva Uyma Zülfüqar qızı təmsil etdiyimiz təşkilatlara müraciət edərək övladı Süleymanov Vüsal İlqar oğlunun hec bir dəlil və sübut olmadan əsassız olaraq həbsdə saxlanılmasını Sizin diqqətinizə çatdırmağımızı xahiş edir.


Əliyeva Uyma Zülfüqar qızı müraciətində bildirir ki, 09 yanvar 2018-ci il tarixdə Göygöl rayonu Qızılca kəndində Əsgərov Ruslan Maarif oğlunun bıçaqlanması ilə müşayiət olunan cinayət hadisəsi üzrə oğlu Vüsal Süleymanova Cinayət Məcəlləsinin 29, 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə ittiham irəli sürülüb. 


Aparılan ilkin istintaqdan sonra Vüsal Süleymanovun barəsində Göygöl rayon Məhkəməsinin hakimi Rafiq Məmmədovun qərarı ilə həbs qəti imkan tədbiri secilib. O, 16 aprel 2019-cu il tarixində həbs edilərək Gəncə İstintaq Təcridxanasında saxlanılıb, 4 ay sonra isə ordan Şəki İstintaq Təcridxanasına köçürülüb. 


Gəncə şəhər prokurorluğuna ezam olunmuş, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Orxan Vəliyevin 01 avqust 2020-ci il tarixdə irəli sürdüyü ittiham (29, 120.2.1, 120.2.2 və 221.3-cü maddələri) aktı Gəncə şəhər prokuroru Azad Qarayev tərəfindən təsdiq edilib.


26 aprel 2022-ci il tarixdə, yəni həbs edilməsindən tam 3 il sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə baxılan məhkəmə prosesində cinayət işində irəli sürülən ittihamlar təsdiqini tapmasa da, Vüsal Süleymanova Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3 maddələri ilə üst-üstə hesablanmaqla 8 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hökm oxunan məhkəmə prosesində Vüsal Süleymanovun canlı iştirakı təmin edilməyib, monitorla idarə edilən onlayn görüşmədə onun məhkəmənin gedişini ardıcıllıqla izləmək, dinləmək və cavablandırmaq şəraiti təmin edilməyib. Beləliklə, Vüsal Süleymanova nə prokurorun, nə də hakimin onun barəsində verdiyi hökmü eşitmək və münasibət bildirmək imkanı yaradılmayıb. O, buna etiraz etsə də heç bir əhəmiyyət verilməyib, bundan əlavə, onun vəkilinin də həmin məhkəmə prosesində iştirakı əngəllənib. 


İbtidai və məhkəmə istintaqının gedişindən aydın olur ki, hadisə baş verən zaman Vüsal Süleymanov həmin ərazidən uzaqda olub və bu, zərərçəkənin və şahidlərin verdiyi ifadələrdə də təsdiqini tapır. Şahidlər ibtidai istintaqa verdikləri ifadələrdən məhkəmə prosesində imtina edərək bildiriblər ki, onlar təyziq altında işgəncəyə məruz qalmamaq üçün istintaqa həqiqətə uyğun olmayan yalan ifadə verməyə məcbur olublar.


Məhkəmə prosesində ibtidai istintaqa verdikləri ifadələrdən imtina edən şahidlər – Nəbiyev Sahil Xaliq oğlu və Ələkbərov Tural Məcnun oğlunun işgəncə nəticəsində aldıqları xəsarətlə bağlı həkimdən rəyləri də var və həmin rəyləri məhkəmə istintaqı zamanı hakimə də təqdim ediblər. Həkim rəyinə görə Sahil Nəbiyev kürək qabırğalarının qırılmasına, Tural Ələkbərov isə ürək nahiyəsindəki zədələnmələrə və ağrılara görə bir müddət xəstəxanada müalicə alıblar. 


İşdə adı keçən digər şahid Qasımov Rasif Rasim oğlu isə məhkəmədə etiraf edib ki, o da təyziq altında qalaraq özünü işgəncədən qorumaq üçün istintaqa həqiqəti əks etdirməyən, müstəntiqin istəyinə uyğun ifadələr verib. Lakin Rasif Qasımov məhkəmədə hadisəni olduğu kimi təsvir edib və hakim Elmin Rüstəmova yazılı vəsatət təqdim edib, o cümlədən Baş Prokurorluğa başına gətirilən hadisə ilə bağlı məktubla müraciət edib.

 

Şahidlərlə yanaşı, məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxs Əsgərov Ruslan Maarif oğlu da öz ifadəsində ona zərər (bıcaq zərbəsi) vuran şəxsin Vüsal Süleymanov olmadığını bildirərək, Vüsal Süleymanovu əvvəldən tanıdığını və hadisə zamanı onu orada görmədiyini deyib. O, eyni zamanda bu ifadəni hadisə yerində polislər tərəfindən ilkin dindirilmə zamanı da dediyini bildirib. 


Məsələnin digər şübhəli tərəfi ondan ibarətdir ki, nə ilkin, nə də məhkəmə istintaqı dövründə hadisənin baş verdiyi məkanda yerləşən kameralar və Vüsal Süleymanovun işlətdiyi telefon nömrəsi istintaqa cəlb edilərək araşdırılmayıb. Halbuki, hadisənin təftişi və təsviri üçün bu vasitələrdən kifayət qədər ciddi sübutlar tapıla bilərdi.


Beləliklə, məhkəmədə Vüsal Süleymanova qarşı irəli sürülmüş ittihamlar birmənalı şəkildə sübut olunmasa da bu, hakim Elmin Rüstəmov tərəfindən nəzərə alınmayıb və onun həbsi əsassız və qanunsuz şəkildə uzadılıb. 


Vüsal Süleymanovun şikayəti üzrə onun appellyasiya məhkəməsi 05 iyul 2022-ci il tarixdə Gəncə Appellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutub. 


Appellyasiya şikayəti üzrə keçirilmiş ilkin baxış iclasının qərarı ilə Appellyasiya şikayətlərinə və protestinə baxılmasına xitam verilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin “26 aprel 2022-ci il tarixli 1(100)-08/2022 saylı hökmü” ləğv edilərək yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.


Cənab Prezident!


Vüsal Süleymanovun Gəncə Appellyasiya Məhkəməsinin qərarından sonra növbəti məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsində 05 sentyabr 2022-ci il tarixində keciriləcək. Hüquq-müdafiə təşkilatları olaraq Sizdən prosesi nəzarətə götürməyinizi, məsələyə hərtərəfli, obyektiv və ədalətli baxılması üçün müvafiq instansiyalara göstəriş verməyinizi xahiş edirik”.


Hörmətlə,


İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli, 

 “İnsan Hüquqları və Qanunların Təbliği” İB-nin sədri Gülşən Məmmədoğlu





Ana səhifəyə qayıt        Baxış: 3 223          Tarix: 4-09-2022, 10:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma