Xəbər lenti

  

Azərbaycanın qarışıq döyüş növləri (MMA) üzrə tanınmış idmançısı Xəzər Əliyevin faciəvi ölümü barədə müxtəlif xəbərlər yayılır. Məlumata görə, Şərur rayonunda anadan olan Xəzər Əliyev Livanda avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Onun meyitini artıq 4-cü gündür ki, Azərbaycana gətirmək mümkün olmayıb. Səbəb isə M. Ə. Sabirin təbirincə desək, “adamı adam eyləyən pul” çatızmazlığıdır.

Ovqat.com xəbər verir ki, bu iddianı mərhumun anası irəli sürüb. Qəlbidağlı ana sosial çəbəkələrdə yayılan səsyazısında oğlunun meyitinin gətirilməsi üçün Livandakı səfirliyimizin Xəzər Əliyevin ailəsindən gah 40 min, gah 20 min, gah da 12 min dollar pul istədiyini bildirib. Bu pulu ödəmək isə ailənin imkanları xaricindədir.

 

Şəkildə: Livandakı səfirimiz Ağasəlim Şükürov

Ana onlardan pul istəyən səfirlik əməkdaşının adını da açıqlayıb - Şahin müəllim. Saytımız Livan səfirliyində işləyən Şahin müəllimin kimliyini araşdırıb. Səfirliyin və XİN-liyin rəsmi saytlarında Şahin adlı bir nəfərin mövcudluğu ortaya çıxıb. Bu da səfirliyin I katibi Şahin Pənahovdur.

 

Şəkildə: Şahin Pənahov

Səfirlik meyit üçün tələb olunan pulun səbəbinə aydınlıq gətirib. AZƏRTAC-ın məlumatına görə, bu pul qəzadan sonra Xəzər Əliyevin aparıldığı xəstəxananın onun üzərində apardığı əməliyyat üçün tələb olunur. Məlumatda deyilir:

 “Xəzər Əliyev hadisəni törədən şəxsin iştirakı ilə təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb və ona ilkin yardım göstərilməsinə baxmayaraq, həmin gün təqribən saat 11.00 radələrində vəfat edib. Mərhumun üzərində olan pasport sənədi əsasında Beyrut şəhər polisi Azərbaycan Respublikasının səfirliyi ilə əlaqə saxlayıb.

Dərhal səfirliyin konsulluq xidmətinin əməkdaşları xəstəxanaya gəlib, polis və tibb işçiləri ilə birlikdə cənazəyə baxış keçirilib və mərhumun şəxsiyyəti müəyyən edilib.

Səfirlik tərəfindən Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin təlimatı əsasında zəruri tədbirlər görülüb, ilk növbədə, mərhumun ailəsinə məlumat verilib və faktla bağlı cinayət işi açılması təmin edilib.

Livanda olduğu müddətdə Xəzər Əliyev səfirlikdə konsulluq qeydiyyatında olmayıb. Onun səyahət sığortasının da olmadığı bildirilir. Xəstəxana göstərilən tibbi xidmətin müqabilində ödəməni tələb edir”.

 

Səfirliyin isə bu pulu ödəməyə imkanı yoxdur. Çünki “digər ölkələrdə olduğu kimi, büdcə təşkilatları olan Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin büdcəsində bu kimi hallar üçün büdcə vəsaiti nəzərdə tutulmayıb”.

Deyəsən, Livandakı səfirliyimiz yaranmış problemdən çıxış yolunu tələb olunan vəsaiti qəza törədən tərəfin boynuna qoymaqda görür (Bu minvalla məsələnin həlli hələ xeyli uzuna bilər). Hər halda səfirliyin rəsmi açıqlamasından belə anlaşılır:

 “Azərbaycan Respublikasının Livandakı səfirliyi Beyrut polisi, xəstəxana və hadisəni törədən şəxs və onun vəkili ilə təmasları davam etdirərək, cənazənin Azərbaycana göndərilməsinin təmin edilməsinə çalışır.

XİN-in Konsulluq İdarəsi məsələni diqqətdə saxlayır”.

Şərurda isə bir ana mərhum oğlunun cənazəsiylə son dəfə vidalaşmağı gözləyir.

Bir sözlə, Sabirin dövründən fərqli olaraq, indi Azərbaycanda pul təkcə adamı adam etməklə qalmır, həm də ölünü ölü edir. Azərbaycanın pulları isə ayda 1500-2000 arasında maaşa qol çəkən nazirlərin ərköyün balalarının bahalı maşın kolleksiyalarına axır.

 




Ana səhifəyə qayıt        Baxış: 3 388          Tarix: 2-09-2017, 00:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma