
“Azərbaycanlı ustalar beynəlxalq dələduz şəbəkəylə rastlaşıb”.
Ovqat.com-un e-mail adresinə göndərilən məktubda belə deyilir.
Məktub müəllifi müstəqil yazar Eldəniz Yusifoğlunun bildirdiyinə görə, ustaları aldadan Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Cümşüd və onun oğulları Rahib və Elvin Musayevlərdir.
İddia edilir ki, Musayevlər 39 ustanı Rusiyaya işləməyə dəvət ediblər. Təklifə aldanan ustalar ordan-burdan borc tapıb Moskvaya yollanıblar. İş adamları ustaları Moskvadan 30 kilometr kənarda Odinkovo rayonu Mitkino kəndindəki meşə zolağında yerləşən tikinti ərazisinə aparıblar. 15 gün işlədikdən sonra pul tələb edən ustalar məvaciblərini almadıqlarına görə işlərini dayandırıblar. Bundan sonra onlara təzyiqlər başlayıb. Ustalara “OMON” və reketlə hədə-qorxu gəlib işlərini davam etdirməyi tələb ediblər. Elvin və Rahib öz mühafizəçilərinin iştirakıyla ustaların bir neçəsini döyüb xəsarət yetiriblər və ağır söyüşlərlə təhqir ediblər:
“Bizə bildirdilər ki, bura kriminal Rusiyadır, sizi öldürüb qanınızı batırarıq. Qardaşlardan Elvin Musayev dəfələrlə tikinti yerinə gəlib ustaların üzərinə tapança tutub, “o yan - bu yan edəni yerindəcə güllələyəcəyəm” deyib”.
Ustaların üstünə idmançı ruslardan mühafizə qoyublar ki məcbur işləsinlər. Onlar bildirirlər ki biz özümüzü düşmən əsirliyindəki kimi hiss edirdik: “Çox qorxurduq. Hətta “iş bitəndən sonra bizi öldürüb meşədə basdıra bilərlər” fikirləri hər an bizi qorxuda saxlayırdı. Biz yalvarırdıq ki, ailəmiz, uşağımız var, bizi öldürməyin, nə istəsəniz, edərik”.
Sonra bir neçə usta gecəylə pəncərədən düşüb qaça bilib. Meşəylə gəlib yola çıxıblar.
İş qurtarandan sonra ustaları buraxıblar, heç yol pulu da verməyiblər.
Ustaların bildirdiyinə görə, öz millətimizin nümayəndələri tərəfindən belə bir vəziyyətə düşəcəyimizə inanmazdıq: “Erməni bizə bunu etməzdi, özümüzünkülər etdilər. Orada başqa millətlərdən olan ustalar bizə bildirdilər ki, onlar da 3 aydan çoxdur işləsələr də, pullarını ala bilmirlər. Bu işlərin başında İlqar Hacıyev adlı Akkord şirkətinin Rusiyadakı prezidentinin dayandığı bildirilir. Deyilənə görə, İlqar Hacıyev əvvəllər “Akkord”un Azərbaycandakı prezidenti olub”.
Ustaların dediklərinə görə, özlərinə vəkil tutublar, bu günlərdə ərizələri yığıb baş prokurorluğa və ölkə başcısı cənab İlham Əliyevə müraciət etməyə hazırlaşırlar: “Rusiyanın Bakıdakı səfirliyinə və Rusiya FSB-sinə rəsmi müraciət edəcəyik. Gördükləri iş kvadrata vurulsa, hər bir usta orta hesabla 2000 manatdan 5000 manatadək maddi zərər dəyməklə yanaşı, həm də mənəvi zərər dəyib. 3 ay çölün düzündə təzyiq və qorxu altında yarıac-yarıtox yaşayıblar: “Özünüz hesablayın, 150 min manat bizə pul verəsidirlər. Biz hüquqlarımızın bərpa olunması üçün sona qədər gedəcəyik.
Mətbuat orqanlarını və hüquq mühafizə orqanlarını bizə kömək etməyə çağırırıq. Qarşıdan qış ayları gəlir və biz ailəmizə çörəyi necə alacağımızı bilmirik”.
Qeyd edək ki, şikayət məktubunda ustaları aldatmaqda ittiham olunan iş adamlarının telefon nömrələri də yazılıb. Redaksiya olaraq, qarşı tərəfin telefon nömrəsinə zəng etdik. Dəstəyi qaldıran şəxs haqlarında irəli sürülən ittihamları rədd etsə də, məsələ ilə bağlı təfsilatlı açıqlama verməkdən boyun qaçırtdı.
Biz yenə qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Paylaş: