
Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, iş adamı Füzuli Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət ünvanlayıb. Müraciətdə növbəti president seçkilərində iştirakı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirən iş adamı haqqında deyilənləri təkzib edib.
Müraciəti Ovqat.com oxucularına təqdim edirik:
“Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndləri.
28 oktyabrda “facebook” sosial şəbəkə istifadəçilərindən biri 15 nəfər Azərbaycan siyasətçilərinin şəkillərindən ibarət tablonu öz səhifəsində paylaşaraq belə bir gündəm yaratmağa cəhd edib: “Prezident seçkiləri - 2018. Siz kimə səs verərsiz?”
Sosial şəbəkə istifadəçisinin Azərbaycan Prezidenti postuna namizəd qismində göstərdiyi bu 15 nəfər Azərbaycan siyasətçilərinin fotoşəkilləri sırasında mənim də şəklim yer alıb. Növbəti gün isə ölkənin qalmaqallı internet saytı olan haqqın.az- da dərc edilən məqalədə mənim mövqeyimi soruşmadan məlumat yayılıb ki, "Frenk Elkaponi adı ilə tanınan məşhur biznesmen Füzuli Məmmədov 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak etmək istəyindədir". Bu gün isə Azərbaycanın əksər sayt və qəzetləri sözü gedən informasiyayaya istinad edərək məlumatı yayıblar.
Çox təəssüflər olsun ki, materialı dərc etməmişdən qabaq bu barədə fikrimi bilmək üçün sözügedən “sayt” mənimlə əlaqə saxlamadan, məlumatı dəqiqləşdirmədən səs-küy yaratma taktikası ilə əsassız bir informasiyanı Azərbaycanın ictimai-siyasi gündəminə daşıyıb.
Hörməti jurnalistlər.
Bildirirəm ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə namizəd kimi yalnız 10 ildən artıq Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının vətəndaşı və ikili vətəndaşlığı olmayan şəxslər öz namizədliyini irəli sürə bilər. Mən isə hazırda Azərbaycan Respublikasının vətəndaşı deyiləm. 30 ildən artıqdır ki, Azərbaycanda yaşamıram və hazırda hüquqi baxımdan ikili vətəndaşlıq - Rusiya və İtaliya vətəndaşılığı daşıyıcısıyam.
2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində mənim namizədliyim haqqında yazılanlar nə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi baxımından qanunauyğun deyil, nə də heç bir zaman mənim belə bir fikrim olmayıb. Xahiş edirəm, gündəm yaratmaq üçün xəbər hazırlayan zaman öncə məsələnin qanunvericilik tərəfinə nəzər yetirin, hətta imkan varsa ən azından qanunvericliyin müvafiq maddələrini araşdırın...
Mən Azərbaycanda doğulmuşam və bu ölkəni bütün varlığımla sevirəm. Dünyanın harasında yaşamağımdan asılı olmayaraq, həmişə Azərbaycanın daha qüdrətli dövlət olmasını və hər tərəfli inkişafını arzulamışam. Ən böyük arzum Azərbaycan xalqını dünyanın ən xoşbəxt xalqı olaraq görməkdir. Harda uğur və yüksək zirvə varsa, orada Azərbaycan bayrağının dalğalanmasını arzulamışam.
Dəyərli jurnalistlər.
Diqqətinizə çatdırım ki, Azərbaycanın hazırkı prezidenti cənab İlham Əliyev mənim yaxın və əziz dostumdur. Dost olmaqdan əlavə, bildirmək istəyirəm ki, dünyada və regionda baş verən siyasi prosesleri təhlil edərkən belə nəticəyə gəlirsən ki, İlham Əliyevin apardığı siyasət Azərbaycanın təhlükəsizliyi, dövlətinin möhkəmlənməsi və inkişafına xidmət etməkdədir. Düşünürəm ki, yaxın 10 il ərzində İlham Əliyevin apardığıı siyaəsətin alternativi olmayacaqdır. Hesab edirəm ki, Azərbaycan xalqı yeni dünya siyasətini daha ciddi təhlil etməli və bu tarixi mərhələni İlham Əliyevlə birlikdə addımlamalıdır.
Qeyd:
17 il bundan əvvəl Rusiyada gündəm xarakterli “narkotik” hadisəsi yenidən bizim bəzi “jurnalistlərin” yadına düşüb. Doğrudur, hadisə baş verəndə Azərbaycanın dövlət qurumları, ictimai-siyasi xadimləri, diaspor təşkilatları və şərəfi ilə jurnalist peşəsində çalışanlar mənə şər atıldığını bilərək məni müdafiə etdilər. Minlərlə məktub (indi onların hamısı bizdə arxivdə saxlanlılr) rusiya rəhbərliyinə və hüquq-mühafizə orqanlarına göndərlilmişdi.
Bildirmək istəyirəm ki, mən həyatım boyu siqaret nədir bilməmişəm, bütün ömrüm boyu ətrafıma və yaxınımda olanlara bu tipli şeylərdən uzaq olmalarını töfsiyyə etmişəm, xüsusilə gənclərimizin idman sahələrinə meyillənməsi üçün böyük layihələr həyata keçirmişəm.
17 il bundan əvvəl rusiya hüquq mühafizə orqanlarında çalışan bəzi şəxslərlə aramda olan insident nəticəsində şərlənmişdim və həbs edilmişdim. Bir neçə ay istintaq altında saxlanılsam da, Məhkəmənin hökmü ilə təmiz bəraət qazandım. Bu işdə əli olanların etdikləri cinayəti Rusiyanın məşhur vəkili Henrix Padvanın yüksək peşəkarlığı nəticəsində aşkar etdik və onların çəzalanmasına nail olduq. Bu işdə əli olanların hamısı həbs edildilər. Nəticədə, Moskvanın Qolovinski bələdiyyələrarası şəhər məhkəməsi 2003-cü ilin martında mənə qarşı iyrənc təxribat işi quranların özlərini etdikləri cinayət hərəkətlərinə görə müttəhimlər kürsüsündə əyləşdirdi və hökm oxundu. O dövrdə Rusiyanın aparıcı kütləvi informasiya vasitələri bu hadisədən və dələduz “oyunçuların” həbsindən yazdı.
Diqqətinizə çatdırım ki, istənilən vaxt Moskva şəhər məhkəməsinin bu uydurulmuş cinayət işi üzrə mənə verdiyi BƏRAƏT qərarı ilə tanış ola bilərsiniz.
Hörmətli jurnalistlər, əziz media nümayəndələri.
Sizi maraqlandıran suallara cavab verməyə həmişə hazıram. İstədiyiniz zaman mənimlə “facebook”-da olan səhifəm vasitəsilə ünsiyyət yarada bilərsiniz. Yetər ki, gündəm yaratmaq naminə əsassız xəbərlərdə məni mövzu etməyin...”
Hər birinizə böyük hörmətlə Füzuli Məmmədov.
30 oktyabr 2017-ci il.”
Paylaş: