Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov vitse-prezident təyin olunub. Amma bu təyinat sıravi azərbaycanlıların düşündüyü vitse-prezidentlikdən deyil. Bəlkə ondan yüksək vəzifədir. Nədən ki, Azərbaycanın vitse-prezidenti olmaq ümumi sahəsi 86 min kvadrat kilomertdə məskunlaşmış insanlara rəhbərlik etmək deməkdir. “Fövqəlnazir” isə elə bir vitse-prezidentlik postuna əyləşdi ki, onun əyləşdiyi bu kürsünün kölgəsi bütün dünyanın üzərinə düşür.
Hər halda Azərbaycanın rəsmi informasiya kanalı AZƏRTAC-ın bu gün yaydığı məlumatdan belə çıxır. Məlumatı Ovqat.com oxucularına təqdim edirik:
"Azərbaycan Taekvando Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvando Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.
ATF-dən AZƏRTAC-a bildiriblər ki, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.
DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalara əsasən aparır. Belə ki, qitələr üzrə seçilmiş taekvando birliklərinin rəhbərləri birbaşa olaraq, DTF-nin vitse-prezidenti vəzifəsinə təyinat alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir".
Kimliyindən asılı olmayaraq, hansısa azərbaycanlının mötəbər beynəlxalq federasiyanın II şəxsi seçilməsi, bütün hallarda, hər birimizi sevindirən hadisədir. Biz də bu münasibətlə “fövqəlnaziri” təbrik edir, ona öz işində uğurlar arzulayırıq.
Ümidvarıq ki, Kəmaləddin Heydərov cənabları bu beynəlxalq federasiyanın işində önəmli dönüşlər yaradacaq və bir zamanlar Beynəlxalq Boks Federasiyasının nəzdində, böyük ehtimalla, bədxahları tərəfindən yayılan dedi-qodulardan, qalmaqallardan uzaq bir fəaliyyət ortaya qoyacaq.
Paylaş: