Xəbər lenti

 

"Yaxın zamanlarda Suriya ordusu və Həşdi Şabinin Fərat çayının şərqində irəliləyəcəyinə və Raqqa şəhərini işğaldan azad edəcəyinə şahid olacaqsınız. ABŞ-ın Suriyanı parçalamasına icazə verməyəcəyik".

Ovqat.com xəbər verir ki, bu sözləri İranın dini rəhbəri Əli Xamaneinin sözçüsü Əli Əkbər Vəlayəti Livan səfəri zamanı jurnalistlərə verdiyi müsahibəsində bildirib.

Vəlayəti ABŞ tərəfindən dəstəklənən PKK-nın Raqqadan geri püskürdüləcəyinə əminliyini də gizlətməyib.

İran yetkilisinin bu qədər əmin danışmasının səbəbi Tehranın Ankarayla Suriya və İraqda ABŞ-İsrail planına qarşı birgə fəaliyyət göstərmək barədə razılığa gəlməsilə izah edilir. Bildirildiyinə görə, bir müddət əvvəl PKK-nın eyni anda Türkiyənin Şəmdinli rayonunda 9, İranın Çaldıran sərhəd bölgəsində isə 8 əsgəri öldürməsi hər iki dövlətin ortaq təhlükəyə qarşı daha sıx əməkdaşlıq etmək zərurəti yaradıb. Bu hücumlardan sonra İran və Türkiyə rəsmiləri görüşüb PKK-yla birgə mübarizə aparmaq qərarına gəliblər. Konkret hansı şəxslər tərəfindən aparıldığı açıqlanmayan danışıqlarda Türkiyənin İrandan tələbi Sincar-Qəndil-Raqqa xəttinin PKK-dan təmizlənməsi olub.

Qeyd edək ki, Sincar İraqın Suriya sərhədlərində, Qəndil isə İran sərhədlərində yerləşir və İraq ordusu və Həşdi Şabi hərbi birləşmələrinin bir müddət əvvəl başlatdığı əməliyyat nəticəsində bu iki bölgədən biri Tehranın himayəsində olan qüvvələrin əlinə keçib. Yezidi kürdlərin yaşadığı Sincar əyalətini Bərzaniyə bağlı peşmərgədən təmizləyən Həşdi-Şabi bölgənin idarəçiliyini yerli liderlərə tapşırıb. Yezidi kürdlərin liderləri isə bir zamanlar PKK-ya bağlı şəxslərdir. Onlar bölgələrinin İŞİD tərəfindən işğal edilməsi, qız-gəlinlərinin əsir götürülməsindən sonra İraqın mərkəzinə doğru çəkilmiş və Həşdi Şabiyə qoşulmuşdular. Baxmayaraq ki, Sincar daha sonra peşmərgələr tərəfindən azad olunsa da, yezidi kürdlər öz ərazilərinin Bərzaninin nəzarətinə keçməsiylə də razılaşmırdılar. Məcburən peşmərgəyə qoşulub Sincarın müdafiəsində iştirak edən yezidilər belə, mərkəzi hökumət ordusu və Həşdi Şabinin başlatdığı Şimali İraq əməliyyatı zamanı əks tərəfə keçdi və əyaləti Bağdad hakimiyyətinə döyüşsüz təslim etdilər. Bağdad da bu xeyirxah təşəbbüsə laqeyd qalmadı, regionun idarəçiliyini yezidilərə buraxdı. Di gəl ki, həmin yezidi idarəçilərin PKK-ya bağlı keçmişləri Ankaranı narahat edir.

 

Qəndilə gəlincə, bu dağlıq ərazi İranla İraq arasında yerləşir. Türkiyədən uzaq olduğuna və əlverişli relyefinə görə PKK öz mərkəzi qərargahını bu ərazidə qurub. Zaman-zaman Türk ordusu Qəndilə hava hücumları təşkil etsə də, PKK-nı ordan qoparıb ata bilməyib. Terror təşkilatını Qəndildən təmizləmək üçün quru əməliyyatı keçirilməlidir ki, bunu da əraziylə birbaşa bağlantısı olan İran edə bilər.

Məlumata görə, Ankara ilə danışıqlar aparan Tehran Sincar-Qəndil-Rakka xəttinin terrorçulardan təmizləməyə razılıq verib. Amma bir şərtlə: Suriya və İrana bağlı qüvvələrin həyata keçirəcəyi Raqqa əməliyyatına Türkiyə də dəstək verməlidir.

Prinsipcə, bir müddət əvvələ qədər İŞİD-in ikinci paytaxtı sayılan Raqqanın ABŞ-ın dəstəyiylə PKK uzantısı olan PYD-nin əlinə keçməsi İrandan daha çox, Türkiyəni narahat edir. Nədən ki, PKK-nın əsas hədəfi İran yox, Türkiyə torpaqlarıdır. Bildirildiyinə görə, Türkiyə məhz bu səbəbdən Raqqa əməliyyatına razılıq verib. Amma özünün əsas prioritetinin Afrin, Tel Abyad və Munbic olduğunu bildirib.

Məlumatların analizindən belə anlaşılır ki, Suriya və İrana bağlı hərbi birləşmələr Raqqanı kürd separatçılarından azad etmək əməliyyatına başlayacağı zaman Türkiyə də Afrin, Tel Abyad və Munbicə qarşı hərbi müdaxiləyə start verəcək. Beləcə PKK-ya bağlı qüvvələrin diqqəti iki cəbhəyə yönəldiləcək və bu da əməliyyatların uğurunu artıracaq.

Əldə edilən razılaşmalarda Türkiyənin Sincar və Qəndil əməliyyatında İrana hərbi dəstək verməsi də nəzərdə tutulur.

O da qeyd olunur ki, Deyrizoru İŞİD-dən tamamilə azad edən Suriya və İran hərbi birləşmələri artıq Raqqa əməliyyatına hazırlaşırlar. Əməliyyata İraq ordusu və Həşdi Şabi birləşmələri də qatılacaq.

Suriya və İraqın kürd separatizminə qarşı birgə mübarizəsinın artıq başlandığı xəbər verilir. Bildirilir ki, İraqda yerləşən və İŞİD-in əlindəki son bölgələrdən olan əl-Qaim əməliyyatına Suriya əsgərləri də qatılıb. Əməliyyata Bəşər Əsəd rejiminin 500 əsgər göndərdiyi qeyd olunur. Bu, 7 illik müharibə ərzində Suriya ordusunun ilk xarici hərbi əməliyyatıdır. Əl-Qaimin azad edilməsindən dərhal sonra İran-İraq-Suriya hərbi qüvvələrinin Raqqa əməliyyatına başlayacağı güman olunur. Ankara da bu əməliyyatda əlindən gələni əsirgəməyəcək və regionun 4 dövləti ABŞ-İsrail planının qarşısını almağa çalışacaq.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 259          Tarix: 6-11-2017, 08:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma