Xəbər lenti

  

Həşdi Şabi qüvvələri İraqın Şengal mahalında bəzi yerləri nəzarət altına aldıqdan sonra PKK-ya bağlı gücləri bölgədən qovub.

 Ovqat.com xəbər verir ki, Şimali İraq kürd muxtariyyətinə bağlı “Rûdaw” xəbər agentliyinin yaydığı bu məlumatı Həşdi Şabi də dolayısıyla təsdiqləyib.

Təşkilatın Mərkəzi Komitəsinin sədr müavini Əbu Mehdi Mühəndis mətbuata açıqlamasında yalnız iraqlı güclərlə əməkdaşlıq etdiklərini  bildirərək deyib: "Bölgədə Peşmərgə (Bərzaniyə bağlı silahlılar) gücləri ilə əməkdaşlığımız çox yaxşı səviyyədədir, ancaq iraqlı olmayan qüvvələrlə hər hansı bir əlaqəmiz yoxdur".

Mühəndis Şengalda işğaldan azad olunan bölgələrin gələcəyi ilə bağlı fikirlərini də gizlətməyib: "Həmin bölgələrin gələcəyi bəllidir. Biz yalnız İŞİD-i buradan çıxarmaq üçün gəldik. İraqa bağlı güc kimi verilən təlimatları yerinə yetiririk. Hazırda qurtarılmış o bölgələri Yezidilərə təslim edirik. Onlar, yaşadıqları bölgəni necə idarə edəcəklər, özləri bilərlər”.

Ekspertlər isə Mühəndisin bəhs etdiyi Yezidilərin, əslində Həşdi Şabiyə qoşulan Yezidilər olduğunu bildirirlər. Kəndləri qurtarılan yerli əhali isə Həşdi Şabinin evlərinə qayıtmağa icazə vermədiyindən gileylənir.

Həşdi Şabinin Yezidilər briqadalarının komandiri Naif Casiyə isə qurtarılan bölgəni kimlərləsə bölüşməyəcəklərini etiraf edib:

 "Biz nə PKK-nın, nə onlara bağlı güclərin, nə də Peşmergenin bu bölgələrə gəlməsinə icazə verəcəyik. Heç bir siyasi partiya buralara gələ bilməz. Bizim üçün PKK ilə Peşmerge arasında heç bir fərq yoxdur. Buralar yalnız Yezidilərin olacaq, özləri buraları idarə edəcəklər”.

 Naif Casiyənin açıqlamasında  İraqa bağlılıqlarını ifadə etməsi müstəqillik referendumu keçirmək istəyən Bərzani  hökumətinin keyfinə lap soğan doğrayıb: "Bu bölgələr Yezidilərə aiddir, amma İraq torpağıdır və biz də İraqa bağlı qalmasını istəyirik".

  PKK-nin yerli qanadı Şengal Dirəniş Birliyinin (YBŞ) komandiri Mazlum Şengali isə bölgədən qovalandıqlarını etiraf etmək istəməyib. Baxmayaraq ki, o, Həşdi Şabinin qurtardığı bölgələrə həm girdiklərini, həm də girdikləri kimi çıxdıqlarını təsdiqləyərək deyib: "İndi öz yerlərimizə geri döndük. Orada yalnız Yezidilərə bağlı kiçik bir qrup qaldı. Ancaq biz öz istəyimizlə geri çəkildik. Qovalanmadıq”.

Qeyd edək ki, Şengal Türkiyənin hərbi əməliyyatlarından qaçan PK-nın İraqın Suriya sərhədlərinə sığındığı dağlıq ərazinin adıdır. Türkiyə ordusu bir müddət əvvəl bu coğrafiyaya da hava hücumları təşkil edirdi. Daha sonra ABŞ-ın, PKK-çı ünsürləri  dəstəkləməsi Ankaranı hərbi əməliyyatları dayandırmaq məcburiyyətində qoymuşdur.

İndisə İrana bağlı Həşdi Şabi qüvvələrinin faktiki olaraq Türkiyənin “əlinə oynaması” maraq doğurur. Görünən budur ki, Suriya və İraqda hər daş öz yerinə oturmağa başlayır. Kim bilir, bəlkə də PKK da öz missiyasını tamamladığından artıq ona bulunduğu məkanda heç bir yer tapılmır.  Sabah eyni qara taleni PKK-nın Suriya qanadı YPG-nin yaşamayacağına isə heç kim zəmanət verə bilməz.




Ana səhifəyə qayıt        Baxış: 2 006          Tarix: 5-06-2017, 01:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma