Xəbər lenti

 Əgər İranla Türkiyə arasında PKK-ya qarşı ittifaq qurulsaydı, PKK qüvvələrinin İran ərazilərində gizlənməsinin və ya İranın müəyyən dairələrinin onlara sığınacaq verməsinin qarşısı alınacaqdı.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, PKK-ya qarşı İran-Türkiyə ittifaqının yaranması haqda müqavilə imzalansaydı, bu, tarixi bir saziş olacaqdı:

“Sazişin imzalanması separatçı, təhlükəli, xüsusilə müəyyən beynəlxalq təşkilatların logistik dəstəyilə təmin olunmuş PKK-nın və onun İran qolu olan PJAK-ın sıradan çıxarılmasına gətirib çıxara bilərdi. Təəssüf ki, bu ittifaq yalnız ehtimal kimi qalıb. Amma düşünürəm ki, bu sahədə İran-Türkiyə əməkdaşlığı baş tutsa, çox müsbət nəticələri olar. Üstəlik, bu əməkdaşlığa hər hansı bir dövlət hüquqi və siyasi nöqteyi-nəzərdən mane ola bilməz. Çünki PKK həm İran, həm Türkiyə ərazisində terrorçu əməliyyatlar həyata keçirir. Onun fəaliyyəti İŞİD-dən heç də fərqlənmir. BMT və digər beynəlxalq təşkilatlar İran-Türkiyə ittifaqının yaradılmasına və onun PKK-ya qarşı yönləndirilməsinə etiraz edə bilməz. PKK-nın qüvvəsini o qədər də şişirtməyə ehtiyac yoxdur”.

Politoloq bildirib ki, Rusiya Türkiyə və İranın PKK terror təşkilatına qarşı birləşməsini dəstəkləməyəcək:

“Rusiya PKK-nı yaradan və bu həddə çatdıran birinci dövlət deyil. Abdullah Öcalanın PKK liderinə çevrilməsi Sovet İttifaqı dövründə Moskvanın yaxın maliyyə və hərbi yardımı ilə həyata keçirilib. Uzun müddət Türkiyə məhz Moskvanın yaratdığı problemlərdən əziyyət çəkib. Açığı, ehtimal edirəm ki, sözügedən terror qruplaşmalarına qarşı Türkiyə ilə İran arasında ittifaq yaradıla bilər. Amma inanmıram ki, Rusiya İran-Türkiyə ittifaqına dəstək olsun. Çünki belədə Rusiyanın vaxtilə PKK ilə olan əlaqələrinin hamısı üzə çıxa bilər. Hazırda PKK-nın hərbi düşərgələrinin çoxu Nijni-Novqorod yaxınlığında yerləşir. Məhz bu ərazilərdə PKK-çılar hərbi hazırlıqlar keçirlər. Rusiya öz siyasətinə davam edəcək”.

Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatı Ankara ilə Tehranın PKK-ya qarşı birgə əməliyyat keçirəcəyi haqqında informasiya yayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Türkiyə ilə birgə PKK-ya qarşı hansısa əməliyyat keçirmək fikrində olmadığını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 773          Tarix: 24-08-2017, 08:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma