Xəbər lenti

   

Xəbər verdiyimiz kimi, Ağdam rayonundan məcburi qaçqın düşmüş Haqverdiyeva Arifə Əlfi qızının ailəsi bu ayın 10-da məcburən evindən çıxarılıb. Səbəb isə ailənin 29 yanvar 2013 - cü il tarixində aldığı evin iki adama satılmasıdır.

Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi 2347/48 - ci məhəllədə yerləşən “Əzizbəy - KM” MMC-in inşa etdiyi binanın 3-cü girişinin 10-cu mərtəbəsindəki 252 saylı, sahəsi 102.0 km olan 2 otaqlı mənzili tam ödəniş etməklə satın alan Haqverdiyevlər mənzili tam təmir etdirərək, içərisində bir müddət yaşadıqdan sonra məlum olmuşdur ki, “Əzizbəy K.M” MMC-nin və  “Etalon - İnşaat”  Mənzil Tikinti Kooperativi MTK-nın rəhbərliyi eyni mənzili həm də Ağcabədi rayonu, X.Səfərəliyev küç., ev 150 ünvanında qeydiyyatda olan Mirzəyeva Xuraman Kamal qızına da satıb. Mirzəyeva Xuraman isə bu mübahisəni məhkəmə qaydasında həll etmək qərarına gəlib və məhkəməyə müraciət edib.

Məhkəmə hər iki tərəfin həmin mənzilə aid müqavilələrini araşdırmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərib. Ekspertiza mərkəzinin 30 aprel 2015 – ci il tarixində verdiyi 6812 saylı rəyində mənzilin Haqverdiyeva Arifə Əlfi qızına aid olduğu və Mirzəyeva Xuraman Kamal qızı ilə bağlanılmış müqavilədə müəyyən dəyişikliklərin edilərək saxtalaşdırıldığı göstərilib. (Ekspert rəyi əlavə olunur). Buna baxmayaraq, Ali Məhkəmə Mirzəyeva Xuraman Kamal qızının xeyrinə hökm çıxarıb.

  

Qeyd edək ki, bu, Əzizbəy K.M” MMC-nin saxtalaşdırılmış sənədlərlə bir mənzilin bir neçə nəfərə satılması ilə əlaqədar fırıldağının ilk nümunəsi də deyil. MMC-nin “rəhbərliyi, o cümlədən Həsənov Azad Samid oğlu hal-hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək, barəsində həbs qətimkan tədbiri seçilib və zərərçəkənlərdən biri də elə Arifə xanımdır.

Mirzəyeva Xuraman Kamal qızı ilə aralarındakı ziddiyyətə aydınlıq gətirmək məqsədi ilə Haqverdiyeva Arifə Əlfi qızı təkrarən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb və onun iddia ərizəsinə hal-hazırda Xətai Rayon Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi ilə baxılır.

 Bildirildiyinə görə, 04 yanvar 2018 – ci tarixində məhkəmədə “mülki işə baxmağa hazırlıq haqqında qərardad” da qəbul olunub. Buna baxmayaraq, Xətai rayon İcra şöbəsinin icra məmurları 10 yanvar 2018 - ci il tarixində saat 12.00 radələrində Haqverdiyeva Arifə Əlfi qızını ailə üzvləri ilə birlikdə yaşadığım mənzildən zorla çıxardaraq küçəyə atıblar.

Bəs, icra məmurlarının bu hərəkəti nə qədər qanunidir?

Söhbətləşdiyimiz hüquqşunas Rafael Qasımovun sözlərinə görə, qətiyyən qanuni deyil. Rafael müəllim öz fikirlərini qanunların işığında belə əsaslandırdı:

 

 “Çünki İcra haqqında Azərbaycan Respublikası Qanununun 17.1.4. maddəsinə əsasən, icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə və həmin qanunun 19.1.3. maddəsində icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək; və yenə də həmin qanunun 19.1.4. maddəsinə əsasən icra məmuruna etirazın təmin edilməməsindən şikayət verildiyi halda - məhkəmə tərəfindən həmin şikayətə baxılanadək icra hərəkətləri dayandırılmalı idi”.

Maraqlıdır ki, Haqverdiyeva Arifə 09.01.2018-ci il tarixində İcra hərəkətlərinin dayandırılması xahişi ilə Xətai rayon İcra şöbəsinə ərizə ilə də müraciət edib. Lakin icra məmurları bu xahişə baxmayıblar.

R.Qasımovun fikrincə, Haqverdiyevlər ailəsinin evdən bu şəkildə çıxarılması və şikayətlərinə baxılmaması ilk növbədə Azərbaycan Konstitusiyanın bir neçə maddəsinin pozulması deməkdir:

 

 “Konstitusiyanın 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

26-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

26-cı maddəsinin 2-ci bəndinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

43-cü maddəyə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

60-cı maddəsinə görə, dövlət hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir.

 71-ci maddəsinin 1-ci və 2-ci hissələrində göstərilir ki, “Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.  İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçrilməsini heç kəs məhdudlaşdıra bilməz.””

Göründüyü kimi, şikayətçinin bu konstitusion hüquqları heç birinə məhəl qoyulmayıb. Rafael Qasımov bu halın İnzibati Prosessual Məcəlləsinə, İcra haqqında Azərbaycan Respublikası Qanuna və digər qanunvericilik atklarına da uyğun olmadığını düşünür:

“İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

Həmin Məcəllənin 8.1.2-ci maddəsinə görə isə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.

 

İcra haqqında Azərbaycan Respublikası Qanunun 17.1.4. maddəsinə görə, icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, onda icra hərəkətləri məcburi dayandırılmalıdır”.

Hüquqşunasın fikrincə, Azərbaycan Respublikası Mülki Məcəlləsi də Haqverdiyevlərin başına gətirilənlərlə ziddiyyət təşkil edir:

“Məcələnin 152.1. - ci maddəsinə əsasən, “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.2 – ci maddəsinə əsasən, “Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.” Yenə də  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.- cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu məcəllənin 152.5. - ci maddəsində qeyd olunduğu kimi, “mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, hüquqdan sui - istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində qeyd olunur ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinin tələbinə görə, şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının  məhkəmədə müdafiəsinə təminat verir.

 Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüququ və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləridir”.

Azərbaycanın imzaladığı bir çox beynəlxalq müqavilələr də Haqverdiyevanın lehinədir. Bunu da Rafael Qasımov iddia edir:

“İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən, hər bir şəxs Kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir.

Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Marks Belçikaya qarşı işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkkiyyət hüququna təminat verir.

“Mançini İtaliyaya qarşı işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyyən müdddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə hüququna müdaxilədir.

Azərbaycan Respublikasının qoşulduğu İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində deyilir: “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, ... məhkəmə vasitəsi ilə, ... işinin ədalətli ... araşdırılması hüququna malikdir ...”

Həmin Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir””.

Bir sözlə, Azərbaycan adlı demokratik və hüquqi dövlətin vətəndaşı Arifə Haqverdiyevanın yazmaqla bitməyən “beynəlxalq və milli” hüquqları var. Amma nə fayda, evi yoxdur. Arifə xanım və yoldaşı iki qızı ilə indi gah o, gah bu qohumunun evində yaşaya-yaşaya ədalətin təcəlli tapacağı günü gözləyir. Bu ümidlə hətta 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə də icra məmurlarının qanunsuz əməllərindən şikayət ərizəsi verib. Həmin məhkəmənin hakimi Zaur Tağıyev isə 19.01.18-ci il tarixində bu iddianın əleyhinə qərara imza ataraq, şikayəti təmin etməyib.

Hüququ pozulan və əli hər yerdən üzülən Arifə xanım isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Məhkəmə Hüquq Şurasının Sədri və Ədliyyə naziri Fikrət Məmmədova, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO-nun xoşməramlı səfiri, birinci vitse-prezident

xanım Mehriban Arif qızı Əliyevaya, Bakı Şəhəri, Xətai Rayon Prokuroru, Baş Ədliyyə Müşaviri Cənab Yusif İldırımzadəyə məktublar ünvanlayıb. Hələ ki, onun səsinə səs verən yoxdur.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 086          Tarix: 23-01-2018, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma