Türkiyənin başlatdığı “Zeytun budağı” əməliyyatı kürd separatçılarının bütün xəyallarını alt-üst edib. Dünənə qədər Rusiyanın və ABŞ-ın himayəsinə bel bağlayıb, 100 min əsgərli ordu quracaqlarıyla öyünən, qazını ala bilməyib Türkiyəyə hədə-qorxu gələn separatçılar Türk ordusunun bombardımanı qarşısında heç kimdən lazımi dəstək ala bilməməyin şokunu yaşayırlar.
PKK-PYD terrorçularına ən ağır təsir edən isə Rusiyanın öz əsgərlərini əməliyyat bölgəsindən geri çəkməsi olub. Yaşadıqları xəyal qırıqlığı onların dünya mətbuatına verdikləri açıqlamalardan da hiss edilir.
Əməliyyatın ilk anlarında PKK lideri Murad Karayılan Rusiyanı və ABŞ-ı Türkiyəyə təzyiq etməyə çağırsa da, heç bir ciddi nəticə əldə edə bilmədi. ABŞ Türkiyəni anladıqlarını, amma qınadıqlarını (?) deməklə yetindi. Rusiya isə öz əsgərlərini təhlükəyə atmaq istəmədiyindən ordu birliklərini hədəf nöqtələrindən kənara – Tel-Rüfətə çəkdi.
Türk ordusunun ağır zərbələri altında tar-mar olan terrorçular isə bütün dünya dövlətlərini, xüsusilə Rusiyanı düşmən elan etdilər.
Ovqat.com xəbər verir ki, PYD-nin hadisə ilə bağlı yaydığı rəsmi bəyanatda da bu xəyal qırıqlığı öz əksini tapıb.
Şimali İraq kürd muxtariyyətinə məxsus “Rudaw” xəbər agentliyinin yaydığı bəyanatda deyilir:
"Türk əsgərinin dünyadan, xüsusilə Rusiyadan icazə almadan bu hərəkata başlaya bilməyəcəyini çox yaxşı bilirik. Rusiya Afrindəki əsgərlərini geri çəkərək, Türkiyənin əməliyyatına dolayı yolla dəstək vermiş və tərəfdaşı olmuşdur. Bu səbəbdən Rusiya da ən az Türkiyə qədər təcavüzdən məsuliyyət daşıyır".
Paylaş: