İŞİD-in ikinci paytaxtı hesab olunan Suriyanın Raqqa şəhəri “xilafətçilərdən” tamamən təmizlənib.
Ovqat.com xəbər verir ki, bunu ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Gücləri hərbi birləşməsinin sözçüsü AFR xəbər agentliyinə açıqlayıb.
Xəbəri BBC də təsdiqləyib.
ABŞ rəhbərliyi altında qurulan beynəlxalq hərbi koalisiyanın dəstəklədiyi SDG Raqqa əməliyyatına 4 ay əvvəl başlamışdı. Son zamanlara qədər şəhərin və ətraf ərazilərin böyük əksəriyyəti azad olunmuş, yalnız stadion və yaxın ərazidə yerləşən mərkəzi xəstəxana İŞİD-in əlində qalmışdı. “Xilafət”çilər həmin əraziyə xeyli mülki vətəndaş toplayıb onlardan “canlı qalxan” kimi istifadə edərək, mövcudluqlarını qorumağa çalışırdılar. Görünən budur ki, SDG “canlı qalxan”lara məhəl qoymadan son döyüşünü həyata keçirib və Raqqanı tamamilə işğaldan azad edib.
SDG-nin əksəriyyəti PYD/PKK-dan təşəkkül tapır. Bu isə o deməkdir ki, Suriya-İraq sərhədlərində sərhədlərində strateji önəmə sahib sərhəd qapısı kürdlərin əlinə keçib. “Böyük Kürdüstan”ın İraqdan Suriyaya açılan qapısının digər astanası sayılan Sincar isə dünən Həşdi Şabi və İraq Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində peşmərgələrdən təmizləndi. Dolayısıyla, kürd separatçıları üçün bir tərəfdən açılan qapı digər tərəfdən bağlandı, İraq-Suriya sərhədləri növbəti gərginliyə hazır vəziyyətə gətirildi. ABŞ-ın bölgədən geri çəkilməsiylə bu ərazilərdə də ərəb-kürd qarşıdurması gözlənilir.
Paylaş: