Xəbər lenti

   

Dünən Türk Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatında 11 şəhid verdiyi, bir hücum vertolyotunu itirdiyi xəbərləri yayıldı. Bu, əməliyyatın 22-ci günündə indiyə qədər bir gündə verilmiş ən böyük itkidir.

Ovqat.com-un Türk mətbuatına istinadən bildirdiyinə görə, bütün bu itkilərin hamısı bir təpə uğrunda verilib.

Adı belə olmayan, xəritəyə 1027 nömrəli təpə kimi düşən həmin məntəqənin bir müddət əvvəl Türk ordusu tərəfindən terrorçulardan təmizləndiyi bildirilir. Qeyd olunur ki, Raco qəsəbəsinin Öməruşağı kəndi yaxınlığında yerləşən təpəni yenidən almaq üçün dünən səhər tezdən terrorçular xeyli qüvvəylə hücuma keçib. Təpə və Öməruşağı kəndi uğrunda ağır döyüşlər başlayıb və gecə saatlarına qədər davam edib. Qəzaya uğrayan və ya vurulan vertolyotun da həmin təpədə döyüşə qatıldığı xəbər verilir.

Xəbərlərin axışından belə məlum olur ki, gün ərzində kürd separatçıları 3 dəfə ağır hücuma keçiblər. Bölgədən ilk xəbər günortadan sonra verilib. Xəbərdə 3 qəhrəman Türk əsgərinin şəhid olduğu, 5-nin yaralandığı, ən azı 15 terrorçunun isə zərərsizləşdirildiyi bildirilib.

Qısa bir müddətdən sonra ikinci acı xəbər yayılıb. İkinci xəbərdə iki əsgərin daha şəhid olduğu, 4-nin yaralandığı bildirilib. Bu dəfə də separatçıların itkisi daha ağır olub -11 terrorçu

 Sonuncu açıqlamada 4 əsgərin şəhid olduğu, 2-sinin yaralandığı, 13 terrorçunun daha zərərsizləşdirildiyi qeyd edilib. Vertolyotda dünyasını dəyişən iki pilotla birlikdə Türkiyənin 1027 nömrəli təpə uğrunda canlı itkisi 11-ə yüksəlib.

Məlumatlardan o da anlaşılır ki, separatçılar təpəni qısa müddətə ələ keçiriblər. Gedən ağır döyüşlərdən sonra təpəyə nəzarət Türk ordusu tərəfindən yenidən bərpa edilib.

 

Bir təpə uğrunda istər TSQ-nin, istərsə də separatçıların bu qədər ağır döyüşlərə girməsi həmin yüksəkliyin strateji əhəmiyyətindən xəbər verir. Məlumata görə, sıldırım qayalarla əhatə olunan bölgə PKK/PYD-çilərin alınmaz qalası hesab edilirdi. Bu mənada təpənin kimin əlində olmasının ilk əhəmiyyəti psixoloji və döyüş əhval-ruhiyyəsinin yüksək səviyyədə tutulması ilə bağlıdır.

Təpənin ən böyük əhəmiyyəti isə Raco bölgəsində ən yüksək mövqedə yerləşməsidir. Dolayısıyla bu təpə üzərində qurulan nəzarət Raco bölgəsini ovucun içində saxlamaq kimidir. Racodan Afrinin mərkəzinə məsafənin cəmi 15 km olduğunu da nəzərə alsaq, gedən döyüşlərin əsl səbəbini anlaya bilərik.

TSQ-nın ötən günlərdə yaydığı xəbərlərinin analizdən aydın olur ki, Öməruşağı kəndi və onun ətrafındakı təpələr “Zeytun budağı” əməliyyatının 10-cu günündə alınmışdı. Kürd separatçılarının 12 gündən sonra bu bölgəyə yenidən hücum etməsi relyef baxımından çətin coğrafi məkanda TSQ-nə ağır itkilər verdirmək məqsədindən qaynaqlana bilər.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 294          Tarix: 11-02-2018, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma