Xəbər lenti

 

Livanın Suriya sərhədində artıq Hizbullaha ehtiyac qalmadı, əsgərlərimizin hamısını geri çəkməyə başlayır və bölgənin təhlükəsizliyini Livan dövlətinə buraxırıq”.

Ovqat.com xəbər verir ki, dünya gücləri tərəfindən böyük maraqla qarşılanan bu önəmli fikirləri təşkilatın Baş katibi Həsən Nəsrullah bildirib.

Beyrutun cənubunda "Hizbullahın qalası" olaraq bilinən Dahi bölgəsində təşkilatın ötən il təkfirçi qruplarlar tərəfindən öldürülən hərbi lideri Mustafa Bədrəddinin xatirəsinə həsr olunmuş  mitinqə canlı yayımla qatılan Nəsrullah çıxında Livan ordusunun alternativi olmadıqlarını, missiyalarını tamamladıqlarını və “postu” rəsmi silahlı qüvvələrə təhvil verəcəklərini bəyan edib.

Nəsrullahın bu bəyanatının ABŞ-ın Livan ordusuna hərbi yardım verməsinin ardından gəlməsi diqqətçəkicidir. Qeyd edək ki, mayın 5-də paytaxt Beyrutda ABŞ tərəfindən 800 ağır hərbi texnika və 320 müxtəlif növ silah Livan ordusuna təhvil verilmişdi. Mərasimdə danışan ABŞ-ın Livandakı səfiri Elizabet Riçard bu silahların Suriya sərhədində ölkənin təhlükəsizliyini təmin etmək məqsədi və şərtiylə verildiyini bildirmiş, ölkənin müdafiə gücünün tək təmsilçisinin Livan ordusu olduğunu vurğulamışdı.

Həsən Nəsrullahın dünənki çıxışında eyni arqumentləri dilə gətirməsi həm də ABŞ səfirinə verilmiş cavab kimi xarakterizə edilə bilər.

Bununla belə, Hizbullah lideri Suriyadakı fəaliyyətlərini də dayandırmayacaqlarını, Bəşər Əsəd rejimini hər zaman olduğu kimi müdafiə edəcəklərini də gizlətməyib:

"Hər zaman Suriya dövlətinin arxasındayıq. Suriya hökumətinin müzakirələrdə verdiyi hər qərarı Hizbullah da qəbul edir."

Nəsrullah Livana hər hansı sızma cəhdinə qarşı sərhədin Suriya tərəfində hərbi varlıqlarının davam etdirəcəklərini də fikirlərinə əlavə edib.

Xatırladaq ki, Hizbullahın Suriyada mövcudluğu İsrail yetkililərində ciddi narahatlıq yaradır. Rusiya, İran və Suriya ilə ittifaqa girməsi, bölgədə hərbi əməliyyatlara qoşulması nə qədər canlı itkilərə səbəb olsa da, təşkilatın qazandığı hərbi təcrübə və döyüşlərdə əldə etdiyi yeni silahlar onun gücünə güc qatır və Tel-əviv də buna laqeyd qala bilmir. İsrail parlamentinin (Knesset) Təhlükəsizlik və Xarici əlaqələr Komissiyasının rəhbəri Avi Diçterin bir neçə gün əvvəl dilə gətirdiyi aşağıdakı fikirlər də Tel-əvivin əndişəsinin əsl səbəblərinə aydınlıq gətirir:

“Hizbullah artıq kiçik qrup deyil, hissə və batalyonlara sahib, hava və artilleriya imkanları əldə edən silahlı qüvvədir. Yüksək həssaslıq gücünə malik silahları geniş şəkildə istifadə etməyi bacarır, Suriya, Rusiya və İran ordusuyla əməkdaşlıqlar qurur”.

Avi Diçter həmçinin qeyd edirdi ki, Suriya, Rusiya, İran və Hizbullahın ortaq mənfəətləri var və bu çox “narahatedici”dir: “Çünki bütün bu hadisələr İsrailə çox yaxın bölgədə meydana gəlməkdədir. Bu görə də İsrail və ona bağlı təhlükəsizlik təşkilatları həm rutin, həm də fövqəladə bütün hallara hazır olmalıdır”.

Görünür, Hizbullahın öz silah bazası sayılan Suriyayla əlaqəsini kəsmək üçün ABŞ administrasiyası Livan ordusunu gücləndirməyi qərara alıb. Amma ona verilən silahları Livan-Suriya sərhəddinə yerləşdirməsini şərt kimi qarşıya qoyub. Sözsüz ki, bu hərbi yardımın əsas məqsədlərindən biri də Livan ordusu ilə Hizbullahı qarşı-qarşıya gətirməkdir. Zənnimizcə, Həsən Nəsrullahın sərhəddən çəkiləcəyini və orduya alternativ olmadıqlarını bəyan etməsi də bu məkrli oyuna gəlməmək niyyətindən qaynaqlanır.

Onu da qeyd edək ki, indiyədək Livanın əsas hərbi gücü Hizbullah sayılırdı.  Simvolik xarakter daşıyan Livan ordusu, demək olar, Livanın müdafiəsində iştirak etmir, bəzi hallarda xarici hücum cəhdlərinə belə, laqeyd qalmağa üstünlük verirdi. Ordunun bu laqeydliyi xüsusilə 2006-cı il Livan-İsrail müharibəsində bir daha ortaya çıxmışdı. 12 iyildan 14 avqusta qədər davam edən bu biraylıq müharibədə İsrail ordusunun qarşısına çıxan yeganə gec Hizbullah idi. Nəsrullah əsgərlərinin təkbaşına dirəniş göstərdiyi həmin döyüşlərdə rəsmi rəqəmlərə görə, 130 İsrail əsgəri öldürülmüşdü. Bu, əlbəttə, İsrailin verdiyi statistikadır. Qeyri rəsmi statistikalar isə daha böyük rəqəmlərdən xəbər verirdi. Fransız hərbi qaynaqları bu itkinin 1000-in üzərində, İran isə 2500 əsgər olduğunu bildirmişdi.

Biraylıq döyüşlərdə İsrail hərbi texnika baxımından da ciddi itkiylə üzləşdiyini özü də etiraf edirdi: 130 Merkava tankı, 2 hərbi təyyarə, 5 vertolyot, 408 zirehli texnika, 3 gəmi və s.

2006-cı ildə hava hücumlarıyla Beyrutda daşı daş üstündə qoymayan İsrail bir parça torpaq belə almadan, müharibəni bitirmək məcburiyyətində qalmışdı. Hərbi ekspertlər bu döyüşü İsrailin ərəblər qarşısında ilk və hələlik yeganə məğlubiyyəti kimi qiymətləndirirlər.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 503          Tarix: 12-05-2017, 09:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma