Xəbər lenti

 

 

Neçə müddətdir ki, mobil rabitə şirkətinin soyğunçuluğuyla qarşı-qarşıyayam. “Bakcell” nömrəmə hər iki gündən bir 10 manat məbləğində kontur yükləsəm də, dostla-yaxınla ürəkdolusu danışa bilmirəm. Çox vaxt elə həmin gün konturum bitir və məcburən kredit götürməli oluram. “Bakcell”in hər 1 manatlıq kreditə 20 qəpik çıxdığını nəzərə alsaq, mən hər kontur yükləyəndə abunəçisi olduğum şirkətin xidmətlərindən borclu kimi istifadə etməyə başlayıram.

Büdcəmə xeyli yük olan “Bakcell”-in bu “xidmətləri”nin səbəbini öyrənmək üçün bu gün saat 9.00-da 555 nömrəsinə zəng etdim. Mənə bir xeyli “səhər konserti” dinlətdikdən sonra telefona incəsəsli bir xanım cavab verdi. Həddindən ziyadə mədəni və səbrli üslubla danışan xanım operatora dərdini anlatdım. Operator, yəqin ki, qarşısındakı komputerə göz gəzdirərək bir neçə xidmətə qoşulduğumu, hər gün 3-4 manatımın bu cür getdiyini dedi. Mən də ondan həmin xidmətdən çıxarılmağımı rica etdim. Cavabı belə oldu ki, bəs, bunu “Bakcell” edə bilməz. Abunəçi zəhmət çəkib həmin xidməti göstərən şirkətlərə zəng vurmalı və bu şəkildə nömrəsini deaktiv etməlidir. Xanım operator mənə nə etməli olduğumu göstərən təlimat mesajı göndərəcəyini də dedikdən sonra telefonu söndürdü.

Az keçməmiş həqiqətən də telefonuma arxa-arxaya bir neçə mesaj gəldi. Mesajlarda yazılırdı:

“Hormetli abunechi, Siz RMS provayderinin teqdim etdiyi xidmetlerden istifade edirsiniz, etrafli melumat uchun zehmet olmasa  (012)310 34 28 nomresine muraciet edin. Ish vaxti: saat 09:00-18:00-dek.”

“Hormetli abunechi, Siz Navigator provayderin teqdim etdiyi xidmetlerden istifade edirsiniz. Xidmetleri legv etmek uchun STOP sozunu 9543 qisa nomresine gonderin.Elave melumat uchun 633 ve (012) 4041200 nomrelerine zeng ede bilersiniz. Ish vaxti: 24/7 fasilesiz.”

“Gundelik yenilenen 25MB, 50MB ve ya 1GB hecminde internet paketini legv etmek uchun *189#0#YES yigin.”

Əvvəl telefonumun gündəlik internet paketini ləğv etmək üçün təlumatda yazılan *189#0#YES-ə “zəng etdim”. Həqiqətən də dərhal internet paketimin ləğv edilməsi barədə mesaj gəldi.

Daha sonra yenə təlimata uyğun olaraq (012)310 34 28 zəng etdim. “Avtomat” operator buranın “Mesaj Xidmətləri” olduğunu bildirdikdən sonra yenidən bəndənizə ikinci “səhər konserti” verməyə başladı. Hardasa 10-15 dəqiqə telefonun o başından gələn musiqi sədalarını dinləmək zəhmətinə qatıldım. Təbii ki, bu qədər gözləməyə dünyanın ən səbrli adamının da əsəbləri dözməzdi. Üstəlik, filan qədər konturumun da “səhər konsertinə” getdiyini düşündükcə, başımdan əsəb atəşi fışqırırdı. Nəhayət, telefonun o başından yenə incə xanım səsi eşidildi.

Xanım operatordan telefonumun deaktiv olunmasını xahiş etdim. Operator isə bunun onların işi olmadığını xatırlatdıqdan sonra məni yenidən “Bakcell”ə yönləndirdi. Ona indicə “Bakcell”-ə danışdığımı və şirkətin təlimatıyla bu nömrəyə zəng etdiyimi bildirdim. Operator isə öz fikrində israrlı idi: ““Siz “Bakcell” istifadəçisisiniz. Zəhmət olmasa, öz probleminizi abunəçisi olduğunuz şirkətdə həll edin”.

Təbii ki, “anadangəlmə centlemenliyim” bu qədər nəzakətli xanıma irad tutmağa imkan vermədiyindən mən də məcbur qalıb “Bakcell”-ə üz tutmalı oldum. Dərd burasında idi ki, bu dəfə də qarşıma incə və nəzakətli qadın səsi çıxacağıma əmin idim. Ürəyimdə kapitalizmin xanımları niyə bu qədər sevdiyini fikirləşə-fikirləşə üçüncü dəfə “səhər konsertinə” qulaq asmalı oldum. Uzun gözləyişdən sonra telefonun obaşından duyduğum incə səs yanılmadığımı sübut etdi. Yenə də dərdimi dinləyən xanım bir daha mənə vəzifə və hüquqlarımı xatırladaraq, eyni nömrəyə zəng etməyimi məsləhət bildi. Təkrarən geri döndüyüm “Mesaj Xidmətləri” servisi yenə məni telefonda yarımsaata yaxın gözlətdikdən sonra cavab verdi. Xanım operator nömrəmi belə soruşmadan xidmətdən çıxarıldığımı və “qara siyahıya atıldığımı bəyan etdi. Ondan bəs niyə birinci müraciətimə eyni “iltifatı” çox gördüklərini soruşmağa macal tapmamış telefonu söndürdü.

Telefon danışığını kəsdikdən dərhal sonra gələn mesaj xanımın fikirlərini həqiqətən də təsdiqləyirdi: “Abuneliyiniz legv edildi.  Elaqe: 0123103428”.

Daha sonra ikinci “könüllü xidmətə” müraicət etmək istədim. Həm ev telefonuyla zəng etdiyim 4041200, həm də mobillə danışmağa çalışdığım  633 nömrəsindən cavab ala bilmədim. Yalan olmasın, yarımsaatlıq fasiləsiz zənglərimin heç bir nəticəsi olmadığımı görüb təlimata uyğun olaraq 9543 nömrəsinə “STOP” qoymaq yoluna əl atdım. Nə qədər həmin nömrəyə “STOP” yazıb göndəsəm də aldığım cavab “Başarısız” olurdu.

Əlacım kəsildi, yenidən “Bakcell”-ə zəng etdim. Yenə uzun gözləyiş və məcburi “səhər konsertləri” lap məni bezdirmişdi. Arada bu işdən vaz keçməyi belə düşündüm. Amma “bu qədər özbaşınalıq, abunenti talan etmək olmaz” deyə düşünərək, israrımı davam etdirməyə qərar verdim. Nəhayət operatora bağlandım. Amma nə illah etdimsə, xanım operatoru başa sala bilmədim ki, axı istifadə etdiyim nömrə hansısa “Navigator provayder”ə deyil, “Bakcell”-ə aiddir. Operator yenidən məni gedər-gəlməzə göndərmək istəyirdi. Uzun çək-çevirdən sonra mənə telefonla nömrənin fərqini və sair məfhumların mənasını izah etməyə çalışan xanım operator sonunda bəndəniz dinləmək istəmədiyini bildirərək telefonu üzümə qapatdı. Deyəsən, incəsəsli, nəzakətli və səbrli operatoru əməlli-başlı əsəbiləşdirmişdim. Etiraf edim ki, bu qədər “var-gəl”dən sonra özüm də əldən düşmüşdüm, amma heç nəyə nail ola bilməmişdim. Çox çək-çevirdən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməyə qərar verdim. Necə olsa, “Bakcell” də rabitə şirkətidir, deməli orda baş verənlər bu nazirliyi də narahat etməlidir, deyə düşünmüşdüm.

Nazirliyin rəsmi saytına girdim. Maşallah olsun, çiçəyi burnundakı nazir Ramin Namiq oğlu Quluzadə müəllimdən tutmuş, nazirliyin ictimaiyyətlə əlaqələr sektoruna qədər az qala hər kəsin telefon nömrəsini bu saytda tapmaq mümkündür. “Bərəkallah, Ramin Quluzadə müəllimə” deyib dərdimə münasib birinin telefon nömrəsini axtardım. Axı bu qədər kiçik məsələdən yana cənab nazirin başını ağrıtmaq insafdan olmazdı. Mən də ilk işə ictimaiyyətlə əlaqələr sektorundan başladım. Bu şöbədən zəngimə cavab verilməyincə, nazirliyin  hüquq şöbəsinin nömrəsinə zəng etdim. Telefonun çağırış siqnalını eşidən yox idi. Ardıcıllıqla önümə çıxan bütün nömrələrə zəng etdim. Yenə eyni siqnal səsləri qulağımı dəldi. Sonunda cəsarətimi toplayıb, boğazıma ilişib qalan cürət tüpürcəyini uda-uda Ramin Quluzadə cənablarını narahat etməyə qərar verdim. Onun telefonunu da götürən olmadı.

Sayta yenidən göz gəzdirəndə ən aşağı küncdə “Qaynar xətt” yazıldığını gördüm. Nömrəsi - 1655 idi. Oraya zəng etdim. Nəhayət bu nazirlikdə vətəndaşın şikayətini eşitməyə adam tapıldı. Dəstəyi qaldıran gənc bir kişi xeylağına şikayətimi ərz etmək istəyirdim ki, niyyətim yarımçıq qaldı. Telefonun obaşındakı şəxs mənə ünvanı səhv saldığımı bildirdi. Qulağıma inanmadım. Zəng etdiyim yerin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub-olmadığıyla maraqlandım. Telefondakı şəxs “həmin nazirlik” olduğunu bildirdi. Amma “Bakcell” rabitə şirkətində baş alıb gedən süründürməçiliyin, açıq-aydın talan kampaniyasının onlara heç bir dəxli olmadığı bildirən həmin şəxs mənə məhkəməyə müraciət etməyi məsləhət gördü.

-Necə yəni “Bakcell”lə abunəçi arasında münasibətlərin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəxli yoxdur? “Bakcell”-in rabitəyə aidiyyəti yoxdur, yoxsa Rabitə və Texnologiyalar Nazirliyinin?

-Vətəndaş, bu istehlakçını aldatmaq cəhdidirsə, bunun üçün istehlakçıların hüququnu müdafiə edən qurumlar var. Siz də oralara müraciət edin!

-Axı istehlakçını aldatmaq bir hüquq pozuntusu və cinayətdir.  Bu cinayət isə rabitə sistemində baş verir. Siz isə deyirsiniz ki, bunun nazirliyinizə heç bir dəxli yoxdur. Bəs, kimə dəxli var? Ümumiyyətlə, sizin nazirliyiniz hansı sahələrə baxır?

Nazirliyin nümayəndəsi bəndənizə vaxtını boş yerə sərf etməməsini və onu dinləməsini məsləhət bildi. Bəndənizin isə artıq nazirlikdən də bir gözəntisi qalmamışdı. Odur ki, kiminlə danışdığımı soruşdum. Cavab belə oldu:

-Özümü təqdim edəcəyəm. Amma ilk əvvəl məni dinləyin!

-Yox, cənab nazirlik rəsmisi, siz əvvəl özünüzü təqdim etməlisiniz. Buyurun, təqdim edin!

-Adım Mübariz, familiyam Vəzirovdur.

-Vəzifəniz?

-Əməliyyatçı.

-Çox sağ olun, bu qədər informasiya yetər.

Maraqlıdır ki, nazirlikdən sonra zəng etdiyim 4041200 nömrəsi işləyirdi. Həm də heç bir “səhər konserti” dinlətmədən birbaşa mətləbə keçib avtomat operator vasitəsilə deyirdi:

“Salam, Azərbaycan dilini seçmək üçün 1 düyməsini seçin”

Bir düyməsini seçdikdən sonra yenə avtomat operatordan səs gəlirdi:

“Daxili nömrəni bilirsinizsə yığın, aktiv olduğunuz xidməti dayandırmaq istəyirsinizsə 2 düyməsini seçin”.

Doğrusu, fürsəti fövtə vermədən deaktiv olduqdan sonra təkrar həmin nömrəyə zəng etdim. Nömrə işləyirdi. Halbuki, nazirliyə zəng edənə qədər 2 saat zəng etdiyim həmin nömrədən cavab ala bilməmişdim.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 6 744          Tarix: 13-05-2017, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma