Xəbər lenti

 

"Pisliyin dünyanın hər yerində pusquya yatdığı bir vaxtda, uzun zamandır müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı atdığı birtərəfli addımlar ABŞ-ın öz maraqlarına və təhlükəsizliyinə zərər vurur. Çox gec olmadan, Vaşinqton əlaqələrimizin asimmetrik ola biləcəyi barədə yanlış fikrini bir kənara qoymalı və Türkiyənin alternativlərə malik olduğunu qəbul etməlidir”.

Ovqat.com xəbər verir ki, bu cümlələr Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın “New York Times” qəzetində dərc olunan məqaləsindəndir.

"Türkiyə ABŞ ilə böhrana necə baxır?” sərlövhəli məqalədə iki ölkə arasında son dövrdə yaşanan gərginliyə toxunan Ərdoğan Vaşinqtona müttəfiqliyi bitirə biləcəkləri mesajını verərək yazıb:

“Bu birtərəflilik və hörmətsizlik silsiləsinə son verilməsə, yeni dost və müttəfiqlər axtarmağa başlayacağıq".

Türkiyə prezidenti yazısında iki dövlət arasındakı müttəfiqlik tarixinə qısa ekskurs edərək, ABŞ-ın son zamanlar qardaş ölkəylə bağlı müttəfiqliyə yaraşmayan siyasətini tənqid edib. O, xatırladıb ki,  Türkiyə və ABŞ son 60 ildir strateji tərəfdaş və NATO müttəfiqidir:

“Hər iki ölkə soyuq müharibə dövründə və sonra qarşılaşdıqları ortaq çətinliklərə qarşı çiyin-çiyinə dayanıb. Türkiyə illər boyu nə vaxt lazım olsa, ABŞ-ın yardımına tələsib. Koreyada əsgərlərimiz birlikdə vuruşub. Kubada raket böhranının ən kəskin dövründə Türkiyə ərazisində “Yupiter” raketlərinin yerləşməsinə icazə verərək, ABŞ-ın vəziyyəti stabilləşdirməsinə kömək edib. 11 Sentyabr terror hücumlarından sonra Vaşinqton dostlarını və müttəfiqlərini bu pisliyə cavab verməyə səsləyəndə hərbi hissələrimizi NATO-nun öz missiyanı uğurla həyata keçirməsi üçün Əfqanıstana göndərmişik".

 Buna baxmayaraq, ABŞ-ın Türk xalqının narahatçılığını başa düşmədiyini və hörmət etmədiyini vurğulayan Ərdoğan təəssüflə qeyd edib ki, iki ölkənin tərəfdaşlığı Vaşinqton tərəfindən sınağa çəkilir:

"Təəssüf ki, bu təhlükəli siyasəti tərsinə çevirmək cəhdlərimiz boşa çıxdı. ABŞ, Türkiyənin suverenliyinə hörmətlə yanaşıb millətimizin qarşı-qarşıya olduğu təhlükələri dərk etdiyini sübut etməsə, tərəfdaşlığımız riskə girə bilər".

 Məqalədə həmçinin Türkiyənin Pensilvaniyada yaşayan Fətullah Gülənin rəhbərlik etdiyi Fətullahcı Terror Təşkilatının (FETÖ) mənsubları tərəfindən 15 İyul 2016-cı ildə təcavüzə məruz qaldığı xatırladılıb:

 

"FETÖ-cülər hökumətimə qarşı qanlı çevriliş etməyə çalışdı. O gecə milyonlarla vətəndaş, şübhəsiz ki, ABŞ-ın Pearl Harbur və 11 Sentyabr hücumlarından sonra sərgilədiyi vətənə bağlılıq hissiyyatı ilə küçələrə axışdı. Uzun zaman mənim seçki kampaniyamı idarə edən sevgili dostum Erol Olçok və oğlu Abdullah Tayyib Olçokun da aralarında olduğu 251 məsum insan ölkəmizin azadlığı üçün ən ağır bədəli ödədi. Ailəmin və mənim ardımca gələn ölüm dəstəsi məqsədlərinə çatsaydı, ən ağır bədəl ödəyənlədən biri də mən olacaqdım. Xalqımız ABŞ-dan bu təcavüzü sərt dillə qınamasını və Türkiyənin seçilmiş hökuməti ilə həmrəyliyini dilə gətirməsini gözlədi. ABŞ isə bunu etmədi. ABŞ-ın hadisəyə reaksiyası qaneedicilikdən uzaqdı. Türk demokratiyasının yanında olmaq əvəzinə, ABŞ rəsmiləri ehtiyatlı bir şəkildə Türkiyədə sabitlik, sülh və davamlılıq çağırışı səsləndirdilər. Bu da azmış kimi, Türkiyənin ikitərəfli razılaşma ilə Fətullah Gülənin qaytarılması üçün tələbində heç bir irəliləyiş qeydə alınmadı".

 Ərdoğanın fikrincə, Türkiyə-ABŞ münasibətlərində başqa bir xəyal qırıqlığı isə terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-yə verilən dəstək olub:

 "Türk orqanlarının təxminlərinə görə, Vaşinqton son illərdə PYD/YPG-yə 5 min yük maşını və 2 min yük təyyarəsi dolusu silah verib. Hökumətim ABŞ rəsmilərinin PKK-nın Suriyadakı müttəfiqlərinə təlim və təchizat vermək qərarlarından duyduğumuz narahatlığı təkrar-təkrar dilə gətirib. Təəssüf ki, sözlərimizə qulaq asılmayıb, ABŞ silahları dinc əhalimizi, həmçinin, Suriya, İraq və Türkiyədəki təhlükəsizlik qüvvələrimizi hədəf almaq üçün istifadə edilib”.

 Son günlər bir terror təşkilatına yardım etdməkdə ittiham olunan Endryu Brunsonun Türk polisi tərəfindən həbs olunmasını əsas göstərən ABŞ-ın Ankaraya qarşı təzyiqini artırdığını vurğulayan Ərdoğan yazıb:

 “Donald Trampı bir çox görüşümüzdə və söhbətimizdə xəbərdar etdiyim kimi, hüquqi prosesə hörmət etmək əvəzinə, ABŞ dost bir millətə qarşı həddini aşan təhdidlər yayıb və Nazirlər Kabinetimizin bir çox üzvünə sanksiya tətbiq edib. Bu qərar qəbuledilməz, məntiqsiz və nəhayət, uzun müddətli dostluğumuza zərərverici xüsusiyyətdədir. Biz həmişə bu prinsipə sadiq olacağıq: Hökuməti hüquqi prosesə müdaxiləyə təhrik etməyə çalışmaq konstitusiyamıza və ya birgə demokratik dəyərlərimizə uyğun deyil”.

1970-ci illərdə Vaşinqtonun etirazlarına baxmayaraq, Türkiyənin Kiprə hərbi müdaxilə etdiyini xatırladan Ərdoğan Şimali Suriyadan gələn təhdidlərə də eyni metodla cavab verilə biləcəyinə eyham vurub:

“Son zamanlar Vaşinqtonun Suriyanın şimalından gələn milli təhlükəsizlik təhdidi ilə bağlı bizim narahatlıqlarımızın ciddiliyini başa düşməməsi DEAŞ-ın NATO sərhədlərinə daxilolmasını kəsən və YPG-ni Afrin şəhərindən çıxaran iki hərbi əməliyyatla nəticələndi. Digər hallarda olduğu kimi, milli maraqlarımızı qorumaq üçün lazımi addımları atacağıq".




Ana səhifəyə qayıt        Baxış: 1 666          Tarix: 12-08-2018, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma