
“Sahib olduğunuz hər şeyi itirməyə bir seçki qədər uzağıq".
Ovqat.com “New York Times” qəzetinə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp xristian din adamlarıyla birgə qatıldığı yemək ziyafətində deyib.
Qəzetin internet saytı görüşdə qeydə alınan səs yazısını paylaşıb.
ABŞ prezidenti çıxışında hakimiyyəti itirmək əndişəsinin səbəblərini də açıqlayıb. O, demokratları nəzərdə tutaraq deyib:
"Konqresi itirsək, hər şeyi dərhal bitirəcəklər".
Qeyd edək ki, ABŞ-da Konres seçkiləri bu ilin 6 noyabrında keçiriləcək. Səs yazısında Tramp Konqres seçkilərini uduzaqları təqdirdə ölkədə zorakılıq dalğasının başlayacağını bildirib:
"İndiyə qədər gördüyümüz hər şeyi tərsinə çevirəcəklər. Bunu sürətli şəkildə və şiddətə əl ataraq edəcəklər. Antifaya (faşizm əleyhinə hərəkat) və digər bəzi qruplara baxın. Bunlar şiddətə meylli insanlardır".
“New York Times” Trampın ekstrimistlərdən bəhs edərkən kimləri nəzərdə tutduğuna aydınlıq gətirməyib.
İngiltərənin “Guardian” qəzeti isə bu müəmmaya işıq tutub. Qəzetin fikrincə, Tramp sağçı silah lobbisinin mövqeyindən çıxış edib və şiddətə meylli qruplar deyərkən ölkədə ötən il küçə etirazına çıxan qüvvələri nəzərdə tutub. Belə ki, ötən il baş verən meydan hərəkatlarını şərh edən Tramp NRA televiziyasına açıqlamasında etirazçıları "qanunlara riayət edən amerikalılara qarşı zorakılıq edən və terror həyata keçirən şiddət meylli dəstələr" adlandırmışdı. Son iki il ərzində getdikcə güclənən bu etirazları adətən zəncilər keçirir və ağların üstünlüyünə etiraz edirlər.
Bazar ertəsi axşamı Ağ evdə keçirilən ziyafətdə iştirak edən din adamlarının evangelistlər olduğu güman edilir.
Paylaş: