“Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi xeyli yubanmış qərardır.”
Ədalət partiyasının sədri İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.
Onun fikrincə, “iki dövlət, bir millət” şüarı ilə boğazdan yuxarı millətçilik edənlərin Rusiyanın Türkiyə üçün viza rejimini asanlaşdırdıqdan sonra bu addımı atması hakimiyyətin saxta mahiyyətinin ifadəsidir:
“Təsəvvür edin, indiyədək Belorusa, Rusiyaya, İrana, adı dilimizə belə yatmayan Monteneqro, Bosniya və Herseqovina kimi cirtdan dövlətlərə tətbiq etdiyimiz sadələşdirilmiş viza rejimi can bir qardaşlarımıza çox görülmüşdü. Hətta hakimiyyətin dünənki qərarından sonra belə, varlığı ilə yoxluğu sezilməyən həmin dövlətçiklərin vətəndaşları Azərbaycanda türkiyəli qardaşlarımızdan daha geniş səyahət, qalmaq, gəzmək haqqına malikdirlər. Bir monteneqrolu Azərbaycanda 90 gün, bir türkiyəli isə 1 ay vizasız qala bilər. Halbuki, başımız dərdə düşəndə gözümüzün ilk zilləndiyi ölkə Türkiyə olur. Hətta bu vaxta qədər Türkiyənin yaşıl pasportluları ortaq düşmənimiz olan Ermənistanda 120 gün qala bilərdilər. Biz isə onlara bu haqqı da tanımamışdıq. Di gəl ki, beynəlxalq təzyiqləri yumşaltmaq üçün siyasi manevrlər və blöflər etməyə məcbur olan Türkiyə Ermənistanla sərhədləri açacağını bildirən kimi Ankaraya elçilər göndərib səsini başına atanlar da bunlardır”.
Montreneqro, Bosniya və Herseqovina kimi cirtdan dövlətlərə Türkiyədən daha geniş imtiyazların tanınmasını rejimin korrupsioner mahiyyətindən irəli gəldiyini düşünən İlyas İsmayılov fikrini belə əsaslandırdı:
“Bilirsiniz ki, Avropanın şərqində yerləşən, dünya siyasətində və iqtisadiyyatında heç bir çəkisi olmayan bu cirtdan dövlətlər Azərbaycan məmurlarının kirli pullarının yuyulduğu məkanlardan biridir. Görünür, bu “yaxşılığın” əvəzini Azərbaycan rəhbərləri onların vətəndaşlarına vizasız səyahət imtiyazı verməklə ödəyib. Türkiyəyə isə Rusiya razı olmadığı üçün eyni imtiyazı verə bilmirdilər. İndisə Rusiya Türkiyə vətəndaşları üçün viza rejimində müəyyən güzəştə gedən kimi, bizimkilər də onu təqlid etməyə başlayıblar”.
İqtidar deputatlarının bu qərarı böyük tarixi addım, vətənpərvərlik nümunəsi kimi təqdim etməsinə çox təəccüblənən Ədalət sədrinin onlara cavabı isə qısa oldu:
“Ayıbdır, sözü, müqəddəs məfhumları, ali dəyərləri cılız maraqlarınız naminə qiymətdən salmayın! O sözlər sizin dilinizə yaraşmır”.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə və deputat Kamilə Əliyeva viza rejimin ləğvi qərarını yüksək qiymətləndirmişdilər.
Aydın Mirzəzadə mətbuata açıqlamasında demişdi:
“Bu razılaşma ilə iki ölkə arasında münasibətlər daha yüksək səviyyəyə çatacaq və əlaqələrimizin güclənməsinə səbəb olacaq”.
Kamilə xanım isə bu addımı “tarixi qərar” adlandırmışdı: . “Bu münasibətlərin fonunda Türkiyə vətəndaşları üçün viza tələbinin ləğv edilməsi müsbət addımdır. Hesab edirəm ki, bu, tarixi qərardır. Bu qərar dostluğun, qardaşlığın bariz nümunəsidir”.
Paylaş: