Xəbər lenti

 

Türkiyə sabah Suriyanın şimalına hərbi əməliyyatlara başlaya bilər.

Ovqat.com xəbər verir ki, bunu ölkənin Müdafə naziri Xülusi Akar dünən mətbuata verdiyi açıqlamada bəyan edib.

Prezident Rəcəb Tayib Ərdoğanın təlimatları əsasında Türk ordusunun Fərat çayının şərqində post-patrul dövriyyəsinə başlayacağını bildirən nazir Suriyanın şimalında terror koridoru yaradılmasına izn verməyəcəklərini deyib.

X.Akar post-patrul dövriyyəsini ABŞ-la bərabər yerinə yetirəcəklərini açıqlasa da, Pentaqondan gələn xəbərlər bu iddianı şübhə altına alır. Belə ki, dünən Pentaqon rəhbəri Cozef Danford açıqlama verərək Türkiyənin Suriyada təkbaşına təhlükəsizlik bölgəsi yaratması fikrinə isti baxmadıqlarını açıq şəkildə dilə gətirmişdi. ABŞ  Baş Qərargah rəisinin fikrincə, bu təşəbbüs ortaq maraqlara cavab vermir: "Türkiyənin Suriyaya özlərinin təkbaşına müdaxilə etmək ehtimalı var, lakin bu, ortaq maraqlarımız üçün faydalı deyil”.

ABŞ-ın Xarici Əlaqələr Şurasında danışan C.Danford Türkiyənin Suriya ilə bağlı narahatlığını başa düşdüklərini və bu nigaranlığın qanuni olduğunu etiraf edərək, Ankara ilə daim əlaqə saxladıqlarını, xüsusilə son həftələrdə bu əlaqələri gücləndirdiklərini bildirib: “Türkiyə ilə birgə əməliyyat mərkəzi yaratdığımız məlumdur".  

 

Bununla belə, Türkiyə ilə ABŞ arasında Fəratın şərqində aparılacaq hərbi əməliyyatlarla bağlı ciddi fikir ayrılığı var. ABŞ bu əməliyyata YPG-yə dəstək hərəkatı kimi baxır. Türkiyə isə YPG-ni ortadan qaldırmaq üçün əməliyyat hazırlığındadır. Əməkdaşlıqdan çox, döyüşmək üçün bir araya gəlmək mənzərəsini xatırladan bu ziddiyyət hər iki dövlətin hərbi  strukturlarının rəhbərlərinin dünənki açıqlamalarında da özünü büruzə verib. Danford Demokratik Suriya Güclərinə (DSG) İŞİD-lə mübarizədə dəstək verdiklərini bildirərək deyib: "Hazırkı vəziyyətdə DSG-nin İŞİD-dən qalanlarla fəal mübarizə edə bilməsi üçün koalisiyanın dəstəyinə ehtiyacı var. Terrorçulardan azad edilmiş bölgələrdə təhlükəsizliyin təmin olunması üçün yerli qüvvələrin yetişdirilməsi lazımdır".

Türkiyənin Müdafiə naziri isə YPG-ni PKK-nın bir qanadı olduğu barədə iddialarını yeniləyərək bildirib: “YPG-nin PKK-dan fərqli olduğunu söyləmək ən azından bizim ağlımıza həqarətdir. Kəşfiyyat raportları və açıq məlumatlar da oradakı terrorçuların – YPG-nin PKK ilə tamamən eyni olduğunu təsdiqləyir".

Ortaq hərbi əməliyyata bir gün qalmasına baxmayaraq, iki müttəfiqin bir-birinə zidd bəyanatları istər-istəməz sual doğurur: Əməliyyat başlayacaqmı? Başlayacaqsa, tərəflər mövqeyi necə olacaq?

Türkiyənin Müdafiə naziri Xülusi Akarın fikrincə, gəlinən nöqtədən geriyə yol yoxdur: Bunun üçün nə edilməsi gərəkirsə, “Ölürsəm şəhid, qalırsam qazi” anlayışı içində yerinə yetirəcəyik”.

ABŞ Baş Qərargah rəisi isə yuxarıda da qeyd etdiyimiz kimi Türkiyənin bu əməliyyata təkbaşına başlamasının ortaq mənfəətlərə zərər verəcəyini düşünür.

 

Elədirsə, sual ortaya çıxır: bu iki dövlət ortaq əməliyyat barəsində niyə razılığa gəlib?

Dünənki çıxışında ABŞ-ın ortaq əməliyyat bəhanəsilə baş qatdığına eyham vuran Xülusi Akar Türkiyənin verdiyi bütün vədləri yerinə yetirdiyini bildirib: "Eyni şəkildə, qarşı tərəfin də verdikləri sözləri yerinə yetirməsini gözləyirik. Gecikməyə, oyalanmağa səbrimiz qalmayıb. Cənab Prezidentimizin da təkrar-təkrar dediyi kimi, biz strateji tərəfdaşlıq, müttəfiqlik ruhuna uyğun, birlikdə terrorla mübarizə aparmaq istəyirik. Biz sonuna qədər danışıqlar yolu ilə, razılıqla bu işi yürütməyə çalışırıq, amma bu həmişə belə olmayacaq. Belə bir şey yoxdur".

Super dövlət ilə necə razılığa gəldikləri barədə danışan müdafiə naziri danışıqların detallarını gizlətməyə belə lüzum görməyib:

"Başlanğıcda görüşmələrə “oraya heç bir şəkildə Türk əsgəri girə bilməz” deyə başladılar. Danışıqlar bir ay, iki ay davam etdi. Ən son avqustdakı görüşlərdə müəyyən bir proqram və təqvim üzərində ümumi razılığa gəldik. Biz Münbiçi də, Rakkanı da unutmamışıq, verilən sözlərin tutulmadığını da xatırlayırıq. Bunlar olmadığı üçün biz Fərat Qalxanı, Zeytun Budağı Hərəkatlarını tək başımıza keçirmişik. Bu məsələdəki qətiyyətimiz çox aydındır".

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan da bir müddət əvvəl eyni məsələ ilə bağlı açıqlama vermiş və müttəfiqlərindən dəstək gözlədiklərini, əks halda suriyalı qaçqınların Qərb ölkələrinə keçişlərinə şərait yaradacağı ilə təhdid etmişdi:

“Dəstək verəcəksinizsə verin, verməyəcəksinizsə qüsura baxmayın. Bu yükü yalnız biz çəkməli deyilik”.

Türkiyə rəsmilərinin bu fikirlərindən aydın olur ki, ABŞ-la əldə etdikləri razılaşmaya əsasən, qardaş ölkə sabah Suriyanın şimalında hərbi əməliyyatlara hazırlaşıb. Di gəl ki, ABŞ indi bu razılıqdan geri çəkilərək, Türkiyəyə mane olmağa çalışır. Rəsmi Ankara isə öz mövqeyindən geri çəkilmək fikrində deyil. İki müttəfiqin bir-birinə zidd mövqeyinin nə ilə nəticələnəcəyi sabah aydın olacaq. Sabaha isə çox qalmayıb. Cəmi bir neçə saatdan sonra iki müttəfiq arasındakı ziddiyyətlərin kulminasiya nöqtəsinə varılacaq.




Ana səhifəyə qayıt        Baxış: 609          Tarix: 7-09-2019, 20:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma