Xəbər lenti

 

İranın başı indi də bir qadın futbol fanatının intiharı ilə qalmaqaldadır.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, Səhər Xudayari adlı qadın fanatik futbol seyr etmək üçün getdiyi stadionun girişində saxlanılaraq məhkəməyə verilib.

Məhkəməyə benzinlə gələn qız İrandakı hüquqsuzluğa etiraz edərək özünü  yandırıb. Təcili Tehran xəstəxanalarından birinə çatdırılan Xudayari bir neçə gün yaşadıqdan sonra dünyasını dəyişib.

 

Qadın fanatikin ölüm xəbəri həm İranda, həm də xaricdə ciddi ajiotajlara səbəb olub. Sırağa gün yayılan xəbəri qızın ata-anası da təsdiqləyiblər. Təsdiqlənən xəbərə ilk rəsmi reaksiyanı isə İranın boz kardinalı verib. İranın Prezident Aparatının rəhbəri Mahmud Vaizi jurnalistlərin sualına cavab verərkən ölkəsində qadınların futbol maçlarına tamaşa etmək üçün stadionlara girişi məsələsi barədə də danışıb. O, hazırda bu halı məqsədəuyğun hesab etməyib. Vaizi fikrini “stadionlarda kişi fanatların bir-birini tərbiyəsiz şəkildə söyməsi” ilə əlaqələndirib və yaxın günlərdə bu məsələnin öz həllini tapacağına söz verib: “İdman naziri bütün komandaların rəhbərlərinə qadınların stadionlara gələ bilməsi üçün əxlaqi abu-havanın tənzimlənməsi və lazım olan hər bir addımın atılması istiqamətində tapşırıq verib. Əgər əxlaqi abu-hava düzələrsə, qadınlar maçlara baxmaq üçün stadionlara gedə bilərlər”.

 

Dünən hökumət sözçüsü Əli Rəbii də məsələyə münasibət bildirənlərdən olub. Onun sözlərinə görə,  qadınlar stadionlarda ancaq milli komandanın oyunlarına tamaşa edə bilərlər.

Xarici təpkilərə gəlincə, ən ciddi qınaq ABŞ Dövlət Departamenti tərəfindən səsləndirilib. Departamentin fars dilində fəaliyyət göstərən “Twitter” səhifəsində gənc qızın faciəvi ölümünün insanları sarsıtdığı və təkcə Səhər Xudayarinin deyil, bütün İran xalqının İslam Respublikası siyasi rejiminin qurbanı olduğu vurğulanıb.

Sosial şəbəkə istifadəçiləri bu faciəyə laqeydlikdə günahlandırdıqlar FİFA da, nəhayət, öz mövqeyini ortaya qoyub. FİFA-nın bugünkü bəyanatında bildirilib: “İranda baş vermiş kədərli hadisədən bu gün xəbər tutmuşuq və sözgedən faciə bizi dərindən sarsıtdı. Səhərin ailəsi və dostlarına baş sağlığı veririk.”

Bənzər bəyanat "Amnesty İnternational" tərəfindən yayılıb. Səhər Xudayarinin ölümünə münasibət bildirən beynəlxalq təşkilat hadisəni İranda qadın haqlarının ayaqlar altına alınmasının ən bariz nümunəsi adlandırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 449          Tarix: 11-09-2019, 15:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma