Xəbər lenti

 

YAP-ın “ağır atilleriyası” sayılan Siyavuş Novruzov “lüləsini” müxalifətdən iqtidar düşərgəsinə çevirən kimi deyəsən hakim elitanın da canına vəlvələ düşüb. Deputatının səsləndirdiyi fikirlərdəki kateqoriyaya daxil ola biləcək özəlliklərə sahib keçmiş və indiki iri məmurların “Space”-nin “Sadə Həqiqətlər” verilişinin qabağında sıraya düzülmələri də bu təsəvvürü yaradır.

Ovqat.com xəbər verir ki, proqramın ilk qonağı Baş nazir Novruz Məmmədov oldu.

Novruz müəllim Siyavuş Novruzova cavab verməkdən daha çox, özünün iddiasız adam olduğunu sübuta yetirməyə çalışdı. Əslində onun bu mövqeyi başa düşüləndir. Ərəblərin sözü olmasın; “bir aşın iki aşbazı olan aş ya həddindən artıq duzlu, ya da həddindən artıq duzsuz olar”. Azərbaycanın hakimiyyətinin icra qolunun da faktiki iki rəhbəri var. Bunlardan biri prezident, ikincisi isə Baş nazirdir. Hakimiyyəti mətbəxə bənzətsək, iki aşbazla qurulan “siyasət xörəyinin” də bu durumda ya çox duzlu, ya da ümumiyyətlə duz çıxması ehtimalı var. Novruz Məmmədov isə bu çıxışında onsuz da hamıya bəlli olan həqiqəti – “aşbaz” olmadığını rahatlıqla sübuta yetirə bildi.

 

Proqramın digər qonağı isə keçmiş Təhsil naziri Misir Mərdanov idi. Misir müəllim isə Baş nazirdən fərqli olaraq, müdrik eyhamları ilə Siyavuş Novruzovun  adını çəkmədən payını verdi. Onun çıxışında bir çox məqamların cavab xarakteri daşıdığını anlamaq üçün, gəlin, oncə Siyavuş Novruzovun səsləndirdiyi ittihamlara nəzər salaq.

Məlumdur ki, sentyabrın 7-də mətbuata açıqlamasında Siyavuş Novruzov ad çəkmədən bəzi eks nazirləri yıxıb sürümüşdü: “Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, ”mövqeyini bildir!""

Bununla da kifayətlənməyən deputat həmin xəyanətkar “eks”ləri xaricdəki söyüş müxalifətini maliyyələşdirməkdə günahlandırmışdı: “Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz...”

 

O, əlində faktların olduğunu israrla bildirərək qeyd edib ki, sabiq nazirlər təxribat törətməyə cəhd edirlər: “Mən heç vaxt əsassız yerə danışmamışam, danışmıram da. Mənim konkret məlumatlarım var. O gün prezidentlə bağlı əsassız ittihamlar irəli sürdülər. Mən bu iddianın müəlliflərindən birinə dedim ki, əsassız məlumatdır, səhər cənab Prezidentin özü ilə danışmışam, belə iddialar səsləndirmək yaxşı deyil. Amma iddialarını davam etdirdilər, ancaq çox keçmədi ki, saxta məlumat yaydıqları məlum oldu. Yəni mən bilirəm nə deyirəm…”

İndisə Misir Mərdanovun kimliyini xatırlayaq. “Sadə Həqiqətlər”ə müsahibəsində Misir Mərdanovun özünün də etirafına görə, 1998-ci ildən 2013-cu ilə qədər Azərbaycanın təhsil sisteminə rəhbərlik edib. Rüşvətxorluğun son həddə yüksəldiyi həmin dövrlərdə, yəqin ki, Misir Mərdanovun da “qazancı” az olmayıb. O, həm də 2013-cü ilə qədər Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü olub, hazırda isə partiyanın Siyasi Şurasının üzvüdür. Deməli, təkcə bu üç xüsusiyyətinə görə, eks nazir, Siyavuş Novruzovun cızdığı profilə uyğun gəlir. Onun xaricdəki söyüş müxalifətini maliyyələşdirib-maliyyələşdirmədiyi isə bir Siyavuş Novruzova bəllidir, bir də həmin siyahını deputata ötürənə.

Maraqlıdır ki, Misir müəllim də YAP-çı deputata həmin siyahının hansısa dövlət orqanı tərəfindən ötürüldüyünə inanır. Əks halda müsahibənin 25-ci dəqiqəsində belə deməzdi: “Bəlkə bizim dövlət orqanlarına nəsə bəllidir. Amma mən belə düşünürəm ki, ağı qaraya qatmaq olmaz. Eyni zamanda mərdi qova-qova namərd etməyə də getməməliyik. Yəni təmiz adamları, vaxtlı vaxtında sözünü demiş adamları, mövqeyini bildirmiş adamları digərləri ilə bir tərəziyə qoymaq heç bir zaman bizim xeyrimizə olmayıb, bundan sonra da olmaz (yəqin razılaşarsınız ki, burada açıq təhdid elementləri də hiss olunur – Ovqat)! İnsanları bir-birindən fərqləndirmək lazımdır”.

Göründüyü kimi, riyaziyyat üzrə professor ünvanı daşıyan, hazırda isə  AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışan Misir Mərdanovun nəzərində təmiz adam olmaq “vaxtlı vaxtında sözünü demiş adam olmaq”, yəni hakimiyyətin ünvanına mədhiyyələr yağdırmaq deməkdir. Bu iki anlayış arasında bərabərlik işarəsi qoyan bir riyaziyyat professorunun idarə etdiyi institut da bu səviyyədədirsə, daha deyiləcək başqa sözə ehtiyac yoxdur.

 

Müsahibəsinin  davamında insanları saf-çürük etmədən kimlərinsə üstünə çamur atmağı qınayan Misir Mərdanov ittihamçıları qeyri-müəyyənlikdən uzaq olmağa çağırıb: “Əgər ortada fakt, sübut varsa, ad çəkilsin, deyilsin”.

Müsahibəsinin davamında ad çəkmədən bu iddianı irəli sürənlərin qeyri-ciddi adamlar olduğunu ifadə edən Misir müəllim deyib:

“Bir də o fikri elə adam deməlidir ki, dediyinə heç olmasa 100 min adam inansın ki, bu adam yalan danışmaz. Ona görə də deyilən söz gərək öz çəkisini saxlasın. Saxlamasa, əksinə çevrilir. Ona görə də ehtiyatlı olmaz lazımdır bir az. Hər adam o sözü deməməlidir. Deyəndə ünvanlı deməlidir”.

Misir müəllimin bu yerdə daşı kimin ünvanına atdığı bəllidir. Müsahibənin üzərindən 10 gün keçməsinə baxmayaraq, Siyavuş Novruzovun bu ittihamlara cavab verməməsi xeyli düşündürücüdür. Susmağın razılıq əlaməti olduğunu nəzərə alsaq, belə çıxır ki, deputat da bu ittihamlarla razılaşır, özünün yalançı, çəkisini saxlaya bilməyən, nüfuzsuz birisi olduğuna inanır. Düşünürük ki, bizim  bu şərhimizdən sonra Siyavuş Novruzov Misir Mərdanovun “dərin fəlsəfi düşüncəsinin altında yatan həqiqəti” anlayacaq və siyahıdan onun da adını çıxaracaq.

Ən azı ona görə ki, Azərbaycan mentalitetində “soğan yeməmisən, için niyə göynəyir” inanışı var və sabiq nazir məlum müsahibəsi ilə öz narahatlığını ortaya qoydu.




Ana səhifəyə qayıt        Baxış: 761          Tarix: 30-09-2019, 20:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma