BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə budəfəki söhbətimiz İran-Azərbaycan münasibətlərində yaranan gərginliklər, İran prezidentinin Avrasiya İttifaqının zirvə toplantısı çərçivəsində Ermənistana səfəri və ölkə başçımızın “Valday” sammitində səsləndirdiyi “Nida” bəyanatı ətrafında oldu.
Millət vəkilinin Ovqat.com-a müsahibəsini təqdim edirik:
-Son zamanlar Azərbaycanla İran arasında münasibətlərin xeyli gərginləşdiyi hiss olunur. Xüsusilə İranın ali dini rəhbərinin nümayəndələri Azərbaycanı açıq şəkildə təhdid edirlər. Maraqlıdır ki, İran indi ən həssas dövrünü yaşayır. ABŞ, İsrail, ərəb dövlətləri onu Fars körfəzində küncə sıxışdırıblar. Belə vəziyyətdə İranın region dövlətləri ilə əlaqələrini düzəltməkdənsə, əks mövqe tutmasını nə ilə izah edərsiniz?
-Əslində İran hazırda böyük gərginlik keçirir, qorxu altında yaşayır. Sanksiyalar İran iqtisadiyyatına ciddi ziyan vurur, əhalinin sosial vəziyyəti günbəgün pisləşir. Tehranda düşünürlər ki, ABŞ, İsrail hər an İranın strateji əhəmiyyətli obyektlərinə aviazərbələr endirə bilər. Belə bir vəziyyətdə hər kəs özünün daxili təmizliyinə uyğun olaraq qərarlar qəbul edir. Məsələn, biri düşünürsə ki, “mən hansısa məqamda öz qonşuma xəyanət edib, verdiyim sözün arxasından asanlıqla qaça bilərəm”, onun başqasından da eyni davranışı gözləməsi mümkündür. Yəni, hərə öz arşınıyla ölçür. Ona görə də İran müxtəlif və dolayı yollarla Azərbaycanı hədələməyə başlayıb. Amma Azərbaycan müstəqillik dövründən etibarən dəfələrlə sübut edib ki, verdiyi bəyanatların, dediyi sözlərin arxasındadır. Dəfələrlə öz ərazisindən İran əleyhinə istifadəyə izn verilməyəcəyini bəyan edib.
Üstəlik, İran həm də ikinci Azərbaycan dövlətidir. Orda bizim 35-40 milyon soydaşımız yaşayır. Ona görə də biz İrana ediləcək hücumu heç vaxt dəstəkləmərik, əksinə bacardığımız qədər buna qarşı çıxarıq. Görünür, İran ciddi prixoloji gərginlik altında olduğundan hər kəsdən şübhələnir və çəkindiyi hər şeyə sərt reaksiya verir. Özü də bu mövqe təkcə bizə qarşı da deyil. Mətbuatdan oxudum ki, İran regionda ən yaxın müttəfiqi olan İraqa qarşı da sərt bəyanatlar səsləndirir. İran rəsmiləri ABŞ hücumuna məruz qalacaqları təqdirdə İraqı da vuracaqlarını bəyan ediblər. İraq XİN də İran səfirini çağırıb bu absurd bəyanata etirazını bildirib. Dost-yaxın tanımayan bu hücumlar yalnız psixoloji gərginliyin nəticəsi ola bilər. Hesab edirəm ki, bu vəziyyətdə Azərbaycan rəsmiləri təmkinli davranmalı və diplomatik kanallarla İrana qorxularının əsası olmadığını çatdırmalı, onu təmkinə dəvət etməlidirlər. Onları başa salmaq lazımdır ki, Azərbaycanda nə dövləti idarə edənlər, nə də xalqımız imkan verməz ki, kimsə ölkəmizi İrana qarşı özünün hərbi bazasına çevirsin.
-Maraqlı bir məqama toxundunuz, dediniz ki, İranla İraq arasında da ziddiyyətlər artır. Amma nədənsə, bizə münasibətə gələndə, İraq da İranın psixoloji hücumlarına qoşulur. İraq ordusunun rəsmi qollarından olan Həşdi-Şabinin son zamanlar Azərbaycana qarşı təhdidləri əndazəni aşıb. Bizi İsrail təhlükəsizlik orqanlarına logistik dəstək verməkdə günahlandırırlar.
-İraq bu gün faktiki olaraq təriqətçilik və etnik zəminində parçalanıb. Ölkənin cənubu şiələrin, ortası sünnilərin, şimalı isə kürdlərin əlindədir. İraq şiələri əsasən İran tərəfindən yönləndilirilir və Həşdi-Şabi də şiə dini lider ayətullah Sistaninin xeyir-duası, rəsmi Tehranın maliyyəsi ilə qurulan hərbi birləşmədir. Həşdi-Şabinin İran tərəfindən çıxış etməsi bu mənada təəccüblü deyil.
-İranda vurulan İsrail dronlarının Aərbaycandan havalanması iddiasını necə qiymətləndirirsiniz? Məsələn, məni bir məsələ maraqlandırır. İsrail rahatlıqla kosmosdan İranın hər dəlmə-deşiyini seyr edə bilər. O zaman niyə öz dronlarını bu ölkəyə göndərsin? Bu faktın doğruluğunu qəbul etsən belə, bu, İsrailin iki müsəlman dövlət arasında ixtilaf yaratmaq cəhdinin nəticəsi ola bilərmi? Bəs İran niyə bu təxribata uyur?
-Məncə də, bu iddialar birmənalı şəkildə absurddur. Ağlı başında olan heç bir insan buna inanmaz. Bilirsinizmi, özündən zəif hesab etdiyin dövlətə müxtəlif formalarda təhdid və təzyiq göstərmək fikrindəsənsə, çox bəhanələr uydurmaq olar. Bu da həmin uydurmalardandır...
-Krılovun bir təmsili var...
-Bəli, “Qurd və quzu” təmsilində olduğu kimi. İranın Azərbaycana qarşı ittihamları da ona oxşayır. Bizim də bu barədə gözəl atalar sözlərimiz var: “Necəsən, özümü qanmaz yerinə qoyum, atana od vurum” kimi. Bizim İsraillə hərbi əməkdaşlığımız İranı qıcıqlandırırsa, dəfələrlə demişik ki, əvvəla, İsrail İranın torpaqlarını işğal etməyib. İkincisi, bizim İsraillə əməkdaşlığımız onlardan müasir silah almaqla məhdudlaşır. Hansı ki, o silahları İran istehsal etmək gücündə deyil. Üstəlik, İranın gözü qarşısında Azərbaycan torpaqları işğala məruz qalıb, bir milyondan çox müsəlman ev-eşiyindən didərgin salınıb, İslam mədəniyyətinə aid abidələr dağıdılıb və özünü İslam Respublikası adlandıran İran quzu kimi susur. Hətta Azərbaycan dövlətinin Ali Baş Komandanını dəvət etmisən İrana və o, İranda olduğu dövrdə Şuşa və Laçın işğal olunur. Sən bundan sonra da Ermənistana hansısa formada təzyiq etməmisən. Belə olduğu halda, hansı mənəvi haqla Azərbaycana ağıl verirsən? Sən gedib 1 milyondan çox insanı ev-eşiyindən didərgin salan, Xocalıda körpələrə, qadınlara, qocalara divan tutmuş Ermənistan rəhbərlərilə ağız-ağıza öpüşürsən, onlarla bir sürfə arxasında oturub çörək kəsirsən, yeyirsən, içirsən, hırıldaşırsan, bundan sonra da hələ dilin də var Azərbaycana hansısa dövlətlə əməkdaşlıq etdiyinə görə irad bildirirsən? Deyirsən ki, İsrail Fələstinlə ədalətli davranmır. Ay İran, səninlə Fələstin arasında iki özün qədər məsafə var. Qonşun deyil, ərazi birliyin yoxdur. Sənin öz əhalinin yarısına qədərini Azərbaycan türkləri təşkil edir. Onların soydaşlarının bir hissəsi burda zülmə məruz qalır. Sən isə siyasi riyakarlıq edib səsini çıxarmırsan...
-Qüdrət bəy, səsini çıxarmaması cəhənnəmə, bir də gedib Ermənistanı müdafiə edir...
-Bəli. Mən də ona görə deyirəm ki, belə bir ölkənin bizim haqqımızda artıq-əskik danışması ancaq ikrah doğurur. Bunlara baxmayaraq, İran bizim qonşumuzdur. Orda bizdən daha çox azərbaycanlılar yaşayır. Çalışmalıyıq ki, biz məsələlərə təmkinlə yanaşaq; əlbəttə, hara qədər mümkünsə. Fikrimcə, qonşuların bir-birilə konfliktə girməsi yaxşı hal deyil. Biz də sülh və əmin-amanlıq şəraitində yaşamağa səy göstərməliyik. Amma bu barədə İran molları da ciddi-ciddi düşünməlidirlər. Onlar həqiqətən də reallığı düzgün qiymətləndirə bilmirlər. Ağılları gedib 30 il bundan qabaqkı dövrə. Artıq Cənubi Azərbaycanda böyük bir milli özünüdərk prosesi başlayıb. Orda insanlar öz milli kimliklərini dərk edirlər. Mənim dediklərimi bu gün cənublu türk deputatlar İran parlamentinn tribunasından deyir. Yəni İranın Azərbaycana istənilən formada təzyiqi və təhdidi onun özü üçün çox ağır nəticələr verə bilər. Hətta bu dövlətin varlığını və bütövlüyünü ciddi şəkildə təhlükə altına atar. Ona görə də İran Azərbaycanla danışanda ərazisinin, əhalisinin sayının, iqtisadi-hərbi gücünün bizdən üstün olduğunu düşünüb münasibətlərə ziyan vuran ritorikadan imtina etməlidir.
-İki müsəlman dövlət arasında ziddiyyətlər artdığı bir şəraitdə İran prezidentinin Ermənistana səfərini necə dəyərləndirirsiniz?
-Səhv etmirəmsə, deyəsən sizin mövzuyla əlaqədar bir yazınızda maraqlı bir təsbitlə rastlaşmışdım. Yazıda qeyd olunurdu ki, ev sahibi zirvə toplantısına özünə ən yaxın bildiyi bir dövləti dəvət edə bilər. Ermənistan da bu hüququndan İranın xeyrinə yararlandı. Elə bu fakt iki dövlət arasındakı münasibətlərin hansı səviyyədə olduğunu göstərir.
İkincisi, İranın riyakarlığına daha bir bariz nümunə: Bilirsiniz ki, Azərbaycanda içi mən qarışıq, bir çox siyasətçilərin, deputatların çağırışlarına baxmayaraq, hökumət İsraildə səfirlik açmır. Amma Ermənistan İsraildə səfirlik açmaqla bağlı qərar qəbul etdi. Artıq bu istiqamətdə də müəyyən addımlar atır. Bəs onda niyə İranın prezidenti Ermənistana gedir, Paşinyanla qucaqlaşır, öpüşür. Bizə gələndə isə ən xırda bəhanələr axtarır, yalanlar uydururlar. Ona görə də İranın regionla bağlı siyasəti kökündən yanlış və ikiüzlüdür. Rəsmi Tehran Azərbaycanın varlığını, dövlət kimi güclənməsini, konstitusion quruluşunu öz ərazi bütövlüyünə və İrandakı teokratik rejimə təhlükə kimi görür, yanlış nəticələr çıxararaq bizə münasibətdə ədalətli davranmır. Başa düşmür ki, bu, İrandakı gərginliyi artırmağa xidmət edən faktordur. İrandakı soydaşlarımız bu siyasəti gördükcə öz hökumətlərinə, hakim elita olan farslara münasibətləri pis mənada dəyişilir. Təəssüf ki, onlar bunun fərqində deyillər. Ona görə də İran Azərbaycan siyasətinə yenidən nəzər salmalı və onu dəyişdirməlidir. Azərbaycan bütün rəsmi, qeyri-rəsmi görüşlərdə İran tərəfini bunun vacibliyinə inandırmalı, bu ölkəylə mədəni-mənəvi əlaqələri daha da genişləndirməlidir. Hesab edirəm ki, Azərbaycan da İrana yönəlik addımlar atmalıdır. Məsələn, mən dəfələrlə hökuməti İranla viza rejimini aradan qaldırmağa çağırmışam.
İkincisi, müəyyən limit çərçivəsində hər il ən az 1000 nəfər Cənubi Azərbaycan tələbələrini ali məktəblərimizdə oxumağa təşviq etməliyik. Onların universitetlərdə pulsuz oxumalarına şərait yaratmalıyıq. Yəni Cənubi Azərbaycanla Şimali Azərbaycan mədəni baxımdan qaynayıb-qarışmalıdır. Hətta hansısa fars Azərbaycan dilini öyrənib, gəlib burda oxuyacaqsa, ona da eyni fürsəti verməliyik. Çünki o insanlar (fars tələbələr) iki xalq və dövlət arasında körpü rolu oynayacaqlar. Cənubi Azərbaycanın müxtəlif şəhərləri, hətta Tehranın özüylə belə iqtisadi-mədəni əlaqələr genişləndirilməlidir və s. Bir sözlə, Azərbaycanın İran siyasəti indikindən çox-çox aktiv olmalıdır.
-İranın Avrasiya İttifaqına Ermənistan vasitəsilə inteqarsiyası bizə nə vəd edir? Sirr deyil ki, burda Rusiyanın da marağı var. Eyni şəkildə Türkiyə-Rusiya münasibətləri də getdikcə yaxınılaşır. Bu gedişlə Azərbaycan regionda “yaşıl ada”ya çevrilirmi?
-Hal-hazırda Avrasiya İttifaqı Rusiyanın liderliyində yaradılmış birlik təəssüratı bağışlayır. Amma düşünürəm ki, İran və Türkiyənin bu ittifaqa inteqrasiyası baş tutsa, təşkilatın təkcə iqtisadi yox, siyasi mahiyyəti də dəyişiləcək. Bu, həm bölgənin iqtisadi inkişafına, sülhə və təhlükəsizliyə böyük töhfə vermiş olar, həm də Azərbaycan çəkinmədən bu quruma üzv ola bilər.
-Ərdəbil imam-cüməsi bu yaxınlarda maraqlı bir söz demişdi: “İsraillə, ABŞ-la elə dostsunuzsa, niyə onlar Dağlıq Qarabağı alıb sizə vermir?” Onun bu sualına nə cavab verərdiniz?
-Siz bizim necə dostumuzsunuzsa, onlar da elə. Sizinlə hələ eyni təriqəti, eyni mədəniyyəti, ortaq tarixi paylaşan insanlarıq. Harda oturub-durur, islam həmrəyliyindən danışırsınız. Dövlətinizin də adı İslam Respublikasıdır. Siz bizə qarşı ermənini müdafiə edəndə biz İsraildən, ABŞ-dan nə gözləyə bilərik? Mən Ərdəbil imam-cüməsini onun yaxşı lətifələrinə görə tanıyıram. Görünür, onda yumor hissi güclü olduğundan bizə bu sualı ünvanlayıb.
-Avrasiya İttifaqının İrəvan sammitindən dərhal sonra prezident İlham Əliyev Soçidə keçirilən “Valday” Klubunun sessiyasında iştirak etdi və orada məşhur bəyanatını səsləndirdi: “Qarabağ Azərbaycanındır, NİDA”. Nida bəyanatına müxtəlif münasibətlər var. Siz onu necə qiymətləndirirsiniz?
-Hesab edirəm ki, Prezidentin dünyanın izlədiyi ,Qarabağ probleminin həllində əsas söz sahibi olan Putinin iştirakı ilə keçirilən tədbirdə bu bəyanatı verməsi Ermənistan Baş nazirinə verilmiş sərt və tutarlı cavabdır. Amma bu cavabın məntiqi davamı kimi Azərbaycan ordusu öz sözünü deməli və torpaqlarımız işğaldan azad olunmalıdır.
Söhbətləşdi: Heydər Oğuz
Paylaş: