Xəbər lenti

  

Noyabrın 5-də İran prezidenti Həsən Ruhani ölkəsinin 2015-ci ildə BMT TŞ-na üzv dövlətlər və Almaniya ilə (P5+1) bağladığı nüvə sazişində nəzərdə tutulan bəzi öhdəliklərdən imtina prosesində dördüncü mərhələnin başlandığını rəsmən elan edərək demişdi: “Fordo nüvə obyektində sentrifuqalara qaz vurulması başlayıb”.

Ovqat.com xəbər verir ki, Ruhaninin bu bəyanatı dünyanın bir çox dövlətləri tərəfindən birmənalı qarşılanmayıb. Ən maraqlı açıqlama isə BƏƏ-dən gəlib.

BƏƏ-yə keçməmişdən əvvəl Ruhaninin məlum bəyanatına nəhəng dövlətlərin nəzər salmaqda yarar var. Nədən ki, cırtdanların öz cəsarətini divlərdən aldığı bəllidir.

Xatırlayırsınızsa, Həsən Ruhaninin Fordo bəyanatına ilk reaksiyalar Rusiya, Fransa və ABŞ-dan gəlmişdi. Nüvə sazişindən imtina mənasına gələn həmin bəyanatın ertəsi günü ABŞ Dövlət Departamenti yazılı açıqlama yayaraq, Tehranın bu hərəkətini “səhv istiqamətdə atılmış böyük addım” adlandırmış və onu təhdid etmişdi.

 

Kremldən yayılan bəyanat isə daha yumşaq idi və İranın nüvə anlaşmasının ziddinə addımlarının narahatlıq doğurduğu və Moskvanın razılaşmanın davam etməsini arzuladığı dilə gətirilmişdi. Baxmayaraq ki, bu bəyanatdan dərhal sonra Rusiya şirkətlərin İranda yeni nüvə obyektləri tikdiyinə dair xəbərlər Kremlin səmimiyyətini şübhə altına alırdı.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Agnes fon der Muhll da İranı öhdəliklərinin dayandırılması qərarını ləğv etməyə çağıraraq bildirmişdi: “İranın 5 noyabr tarixli bəyanatı Vyana razılaşmasına ziddir və bu razılaşmada nəzərdə tutulan öhdəlikləri açıq şəkildə pozur”.

Üzərindən hardasa 1 həftə keçməsinə baxmayaraq, İranın yenidən nüvə çalışmalarına başlamasına beynəlxalq reaksiyalar indi də səngimək bilmir.

 Almaniyanın xarici işlər naziri Hayku Mas ötən bazar günü çıxış edərək İranın son addımlarını nüvə sazişinin pozulması kimi qiymətləndirib və ona AB-nin iqtisadi sanksiyalarının geri dönə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Haiku Mas həmçinin Aİ xarici işlər nazirlərinin Brüsseldəki iclasındən əvvəl nüvə razılaşmasının qorunmasına çağırıb.

Mas Avropa Şurasının iki günlük iclasında deyib: “Biz İranla nüvə sazişini qorumaq istəyirik. Bunun üçün İran nüvə sazişinə sadiq qalmalıdır. Əks halda, biz sazişdə olan bütün mexanizmlərə sahib olacağıq”.

Masın hansı mexanizmindən bəhs etməsi geniş ictimaiyyətə bəlli olmasa da, rəsmi Tehran söhbətin nədən getdiyini yaxşı başa düşür. Zira İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Abbas Əraqçı da çıxışlarının birində nüvə sazişində ölkəsinə qarşı təzyiq mexanizmi olduğunu etiraf etmiş və bunu “İranın qırmızı xətti” adlandırmışdı.

“Azadlıq radiosu”nun məlumatına görə, Avropa Birliyi və 3 Avropa ölkəsi – Fransa, Almaniya və Britaniya da  İranın bu qərarına qarşı çıxan ölkələr sırasına qoşulublar. Onların noyabrın 11-də yayılan birgə açıqlamasında deyilir: “Fransa, Almaniya və Böyük Britaniyanın Xarici İşlər nazirləri Avropa Şurası ilə birlikdə İranın Fordoda uran zənginləşdirmə fəaliyyətini bərpa etməsi və Beynəlxalq Atom Enerjisi Agentliyinin də noyabrın 11-də bunu təsdiqləməsi barədə son xəbərlərdən olduqca narahatdırlar və İranı “Hərtərəfli Birgə Fəaliyyət Planına uyğun olmayan bütün addımlardan  geri çəkilməyə çağırırlar”.

 

İrana ən ciddi təhdid isə yenə ABŞ-dan gəlib. Dövlət Departamentindən sonra ABŞ Silahlı Qüvvələrinin birgə qərargah rəisi general Mark Mili uranın zənginləşdirilməsi proqramını bərpa etməsindən dolayı bu ölkəyə ciddi şəkildə xəbərdarlıq edib. O bildirib ki, ABŞ hal-hazırda hərbi addıma əl atmamağı qərara alıb, lakin İran fəaliyyətini dayandırmasa, ona qarşı hərbi əməliyyatlara başlamağa qadirdir.

General Mark Mili noyabrın 10-da ABC telekanalına müsahibəsində deyib: “Biz diplomatik səylərə şübhə etmirik, lakin bununla belə,  zərurət yarandıqda ABŞ-ın maraqlarını müdafiə etmək məqsədilə bölgədə kifayət qədər hərbi imkanları qorumaqdan əmin olacağıq”.

 

O xatırladıb ki, ABŞ ötən ay regiona yeni hərbi qüvvələr göndərib. Hərbçilərin öz üzərlərinə düşən vəzifələrinin icrası “İran tərəfindən törədilən təxribatın  miqyasından və növündən, eləcə də bu addımların ABŞ və müttəfiqlərinin maraqlarını nə dərəcədə təhdid etməsindən” asılı olacaq.

İndisə keçək BƏƏ-yə.

Cənub qonşumuza ən maraqlı reaksiya isə körfəz ölkələrindən gəlib. Körfəzin ən cırtdan dövlətlərindən biri Birləşmiş Ərəb Əmirlikləri belə, indi İrana “xox” gəlməyə başlayıb. BBC-nin məlumatına görə, Əmirliklərin Xarici işlər üzrə dövlət müşaviri İranın müharibə ilə “nöqsanlı” nüvə anlaşması arasında “tərəddüd”ünü “səhv seçim” adlandıraraq, bu ölkəni dünya gücləri və Körfəz dövlətləri ilə danışıqlar masasına qayıtmağa çağırıb.

Əbu Dabidə etdiyi çıxışda Ənvər Qarqaş İranın regional gərginliyi azaltmaq və iqtisadiyyatını bərpa etmək üçün yeni bir saziş əldə etməsinin zəruriliyini vurğulayaraq deyib: “Bu mərhələdə gərginliyin artması heç kimə kömək etməyəcək. Biz qəti şəkildə inanırıq ki, birgə diplomatiyanın uğur qazanması üçün imkanlar var”.

 

İrana ağıl verməyi özünə borc bilən Ənvər Qarqaşın fikrincə, yeni danışıqlar təkcə Tehranın nüvə fəaliyyəti məsələsini əhatə etməməli, bu ölkənin ballistik raket proqramı, həmçinin dəstəklədiyi silahlı qruplaşmalar vasitəsilə “regional müdaxilələr” ilə bağlı narahatlıqlar da müzakirə edilməlidir.

Qarqaş habelə beynəlxalq birliyin, “xüsusilə ABŞ, Aİ ölkələri və region dövlətlərinin” bu məsələdə vahid mövqedən çıxış etməsinin əhəmiyyətini vurğulayaraq, İranla yanaşı, Qərb dövlətlərinə də ağsaqqal məsləhəti verməkdən çəkinməyib: “Bu, uzun yol olacaq və bu yolda səbr və şücaət tələb olunur”.

Müəllifin qeydi:

Bir çoxunuz məni özü -özündən sitat gətirməkdə qınasanız da, deməsəm, olmur:  Qaqaşın, pardon, Qarqaşın bu sözləri bir bənd şeirimi yada salır:

“Qorxma Aslan birisindən,

Nə ölü, nə dirisindən.

Aslanların gerisində

Kölgəlikdə yatandan qorx!”

Ovqat.com

 

 




Ana səhifəyə qayıt        Baxış: 3 181          Tarix: 12-11-2019, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma