“Tehranın nüvə sazişi çərçivəsində bəzi öhdəliklərindən imtina etməsi səhv istiqamətdə atılmış böyük addımdır”
Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin dünən yaydığı bəyanatda belə deyilir.
Məlumata görə, bu bəyanatın ardından üç respublikaçı senator da İrana qarşı sanksiyaların bərpasını tələb edib. Eyni gündə yayılan bu iki məlumat İrana qarşı yeni piar kampaniyasına başlanılmasından və beynəlxalq ictimai rəyin növbəti gərginliyə hazırlanmasından xəbər verir.
Super dövlətin İrana qarşı birdən-birə ideoloji hücuma keçməsinin bəhanəsi isə İran prezidenti Həsən Ruhaninin noyabrın 5-də verdiyi nüvə bəyanatıdır. Ruhani dünən 2015-ci ildə İranın BMT TŞ-na üzv dövlətlər və Almaniya ilə (P5+1) bağladığı nüvə sazişində nəzərdə tutulan bəzi öhdəliklərdən imtina prosesində dördüncü mərhələnin başlandığını rəsmən elan edərək demişdi: “Fordo nüvə obyektində sentrifuqalara qaz vurulması başlayıb”.
Bu isə İranın nüvə silahı əldə etmək təşəbbüsünə yenidən başlaması deməkdir ki, təkcə ABŞ-ın deyil, Avropa ölkələrinin də ciddi təpkisinə yol aça bilər. Artıq bunun ilk təzahürləri də görünür. Belə ki, Fransa və Rusiya Həsən Ruhaninin bu çıxışına sərt bəyanatlar veriblər. Kreml İranın nüvə anlaşmasının ziddinə addımlarından narahat olduğunu və Moskvanın razılaşmanın davam etməsini istədiyini söyləyib. Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Agnes fon der Muhll isə İranı öhdəliklərinin dayandırılması qərarını ləğv etməyə çağıraraq bildirib: “İranın 5 noyabr tarixli bəyanatı Vyana razılaşmasına ziddir və bu razılaşmada nəzərdə tutulan öhdəlikləri açıq şəkildə pozur”.
Əslində İranın Qərb ölkələri ilə bağladığı nüvə sazişindən imtina etməsinin özünə görə haqlı səbəbləri var. Zira Barak Obama hökümətinin İranla imzaladığı nüvə sazişini “səmərəsiz” adlandıran Donald Tramp həmin sənədi imzalamaqdan rəsmən boyun qaçırmış və İrana qarşı ağır sanksiyalara qərar vermişdir. Dolayısıyla saziş öhdəlikləri Tehranın iradəsindən asılı olmayaraq zatən pozulmuşdu. İran, sözsüz ki, bu durumda təkbaşına “mən səni sevəcəyəm, sən sevməsən də” mahnısı oxuya bilməzdi.
ABŞ prezidenti Donald Trampın məlum sazişdən sələfi Barak Obamanın “tarixi səhvi” adlandıraraq imtina etməsi ilk baxışdan iki fərqli düşüncə və siyasi maraqların toqquşması kimi görünsə də, dərinləməsinə analiz ediləndə başqa nəticələr ortaya çıxır. Məlum olur ki, ABŞ-ın iki prezidenti əslində bir-birini inkar etmir, əksinə paslaşırlar. Başqa sözlə desək, Tramp öz sələfini nə qədər tənqid atəşinə tutsa da, sabiq və hazırkı prezidnetlər əvvəlcədən yazılmış ssenarinin iki müxtəlif rolunu oynayırlar. Nədən ki, yaranmış şərtlər Barak Obama zamanında İranla saziş bağlamağı, Donald Tramp zamanında isə ondan imtinanı tələb edirdi.
2015-ci ildə ABŞ kəşfiyyatının əldə etdiyi məlumata görə, İran nüvəni zənginləşdirmə prosesində kritik həddə yaxınlaşmışdı. Bir neçə aya hətta atom bombası da istehsal edə bilərdi. Barak Obamanın rəhbərliyi ilə Qərb dövlətləri İranla nüvə sazişi bağlamaqla İranın bu potensalını faktiki bir neçə aydan bir neçə ilə gerilədə bildi. Sazişin tələblərinə əsasən, İran 20 faizdən artıq zənginləşdirdiyi uran izatoplarını və ağırlaşdırdığı suları Rusiya və digər “dost” dövlətlərə təhvil verdi. Əvəzində isə onlardan atom elektrik stansiyasında istifadəyə yarayan 3% zənginləşdirilmiş uran izotopları aldı. Beləcə, İranın atom bombası hazırlamaq potensialı da xeyli zəiflədi. Ardınca da Tramp hakimiyyətə gəldi və ABŞ-ın cığallığı tutdu.
Zənnimizcə, bu “cığallıq” təsadüfi deyildi. 2015-ci ildə nüvə silahı hazırlamaq imkanı bir neçə aya qədər qısalan İrana hücum etmək və ya onu bu təhdidlə masaya oturtmaq xeyli müşkül görünürdü. Nüvə potensialı əlindən alına İran isə daha zəif vəziyyətə düşmüş və ABŞ-ın tələbləri qarşısında dərhal təslim ola bilər. Deməli, Barak Obamanın şirnikləşdirici vədi ilə İranın gücü əlindən alınırdı, Donald Trampın yumruq siyasətilə isə o, əzilmiş vəziyyətdə masaya oturdulur. Məsələyə bu baxımdan yanaşanda Ruhani hakimiyyətinin bəsirətsizliyi ucbatından İranın öz əsrarəngiz gücünü itirdiyi, ABŞ-ın hiyləsini “yediyi” məntiqi nəticəsi ortaya çıxır.
Sual oluna bilər: İran bir də nə zaman 2015-ci ildəki nüvə potensialına qayıda bilər?
Zənnimizcə, bu suala cavab vermək üçün ilk növbədə nüvə texnologiyasının işləmə mexanizminə ötəri nəzər salınmalıdır. Mütəxəssislərin bildirdiyinə görə, nüvə silahları ən azı 80% zənginləşdirilmiş uran və pluton atomlarından alınır. Təbiətdə uran filizinin sadəcə 0.07% zənginləşdirilməyə yararlı u-235 izotoplarından ibarətdir. Deməli, təbiətdəki uran filizi alınıb, ilk öncə arındırılmalı, daha sonra isə saf urandakı u-235 izotopları toplanmalıdır. Bunun üçün uran fizili ən kiçik hissəciklərə qədər əzilir və sentrifuqalarda illərlə fırladılır. Fırlatma nəticəsində uranın daha ağır çəkili u-238 izotopları aşağı enir, u-235 izotopları isə yuxarı çıxır. İstifadəyə yararlı u-235-lər sentrifuqaların yuxarısında açılmış deşikdən bir başqa balona toplanır. Qaz halına gətirilmiş o izotopları daha da zənginləşdirmək üçün 250 dərəcəyə yaxın istilik altında yenidən fırladılması tələb olunur. Buna da atomun zənginləşdirilməsinin qaz üsulu deyilir. Ruhaninin ciddi beynəlxalq təpkilərə səbəb olan “Fordo nüvə obyektində sentrifuqalara qaz vurulur” bəyanatında qaz deyilərkən, görünür bu nəzərdə tutulur.
Amma bu da tam zənginləşdirilmiş izotoplar deyil. İran bu üsulla indiyədək uran izotoplarının sadəcə 20%-ni zənginləşdirə bilib. Atom bombası üçün bu “zənginlik” ən azı 80%-ə qədər yüksəlməlidir. Əks halda bombalarda istifadə edilən uran atomları parçalanmaz və dağıdıcı enerji ortaya çıxmaz.
Bununla belə, uran atomunun 20% zənginləşdirilməsi bu hədəfə böyük ölçüdə yaxınlaşmaq deməkdir. Atom bombası üçün yararlı yanacaqlar 20% zənginləşdirilmiş izotoplardan alınır. Yəni atom bombasının xammalı təbiətdən alınmış uran filizi yox, 20%-ə qədər zənginləşdirilmiş U-235 izotoplarıdır. Odur ki, İranın sabiq prezidenti Mahmud Əhmədnejdat hələ 2010-cu ildə uranı 20% zənginləşdirmək istədiklərini açıqlayarkən yer-yerindən oynamış, bütün Qərb dövlətləri bunu İranın atom bombasına sahib dövlətə çevrilmək istəyi kimi qəbul etmişdilər. Çünki dinc məqsədlər (məsələn, atom elektrik stansiyalarını çalışdırmaq) üçün uranın sadəcə 3% zənginləşdirilməsi kifayətdir.
Əhmədnejdatın bu etirafından sonra İran kəskin basqılara məruz qalmış, ABŞ-la müharibə astanasına gəlmişdi. İran siyasi iradəsi bu gərgin abu-havanı yumşaltmaq üçün islahatçıların aparıcı nümayəndəsi kimi tanınan Həsən Ruhaninin hakimiyyətə gəlməsinə yaşıl işıq yandırmışlar. 2013-cü ildə ilk dəfə prezident seçilən Həsən Ruhaninin üzərində durulmasının əsas səbəblərindən biri də onun Qərblə nüvə proqramı danışıqlarda iştirak edən əsas simalardan olmasıdır. Ruhani uzun illər Təhlükəsizlik Şurasının katibi və Məclisin vitse-spikeri kimi xarici nümayəndələrlə nüvə proqramı barədə diplomatik müzakirələrdə, o cümlədən MAQATE-ilə danışıqlarda iştirak edib. Onun prezident seçildikdən iki il sonra nüvə sazişinin bağlanması da ilk dövrlərdə İranın İslam Respublikasının yarandığı gündən bəri qət etdiyi ən böyük uğuru sayılırdı. Di gəl ki, Tramp-Obama paslaşması Ruhaninin bu böyük uğurunu bağışlanmaz tarixi səhvə də çevirə bilər.
Halbuki, iranlılar 2015-ci ildə bağlanan nüvə sazişi xəbərini böyük böyük coşqu ilə qarşılamış, “Axır ki, uzun illərin ağır embarqolarından xilas olduq” deyə, bayram etmişdilər. Bu bayram sevinci Ruhani hakimiyyətinin gözünü elə bağlamışdı ki, Xameneyi tərəfdarlarının böyük şübhə ilə yanaşdığı bu saziş çərçivəsində İran əlindəki bütün uran ehtiyatını və ağır suyunu təhvil verdikdən sonra on illər ərzində qazandıqlarından məhrum oldu. P5+1 sazişinə görə, bu ölkə özündə yalnız 300 kq uran saxlaya bilərdi. Bu isə hətta 80% zənginləşdirilsə belə atom bombası istehsal etmək üçün yetərli deyil. Atom mütəxəssisləri bir nüvə silahı üçün ən azı 1 ton 50 kq uranın zənginləşdirilməsinə ehtiyac duyulduğunu bildirirlər.
İran artıq nüvə silahına yarayacaq yetərli atom zənginləşdirmə sentrifuqalarına da malik deyil. Nüvə sazişindən əvvəl İranda 4-5 min sentrifuqa var idi. Saziş çərçivəsində bu say 2 minə düşdü. Mütəxəssislərin fikrincə, İran bundan sonra 1 il ərzində atom bombası üçün kritik kütlə sayılan zənginləşdirilmiş urana sahib olmaq istəsə, sentrifuqalarının sayını ən azı 55 minə yüksəltməlidir. Tehranın bu hədəfi reallaşdırmaq imkanı isə xeyli mübahisəlidir. Çünki məsələ təkcə o qədər sentrifuqa tapmaqla da bitmir. İrana bu bir illik fürsəti verəcəklərmi? Bax, atom dövləti olmaq yolunda 2015-ci ilə qədər böyük məsafə qət etmiş İranın bu gün qarşısında dayanan ən böyük sual bundan ibarətdir.
Heydər Oğuz
Ovqat.com
Paylaş: