Xəbər lenti

  

“Noyabr ayının 1-dən ərazi polis orqanlarının və "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək”.

“Hürriyyət” xəbər verir ki, Azərbaycan Daxili İşlər naziri Vilayət Eyvazov ötən ayın 28-də bu barədə əmr imzalayıb.

Nazirliyin Mətbuat xidmətinin həmin gün yaydığı press-relizində bu əmrin verilmə səbəbi vətəndaş məmnunluğunun artırılması ilə əlaqələndirilmişdi.

 

Maraqlıdır ki, Azərbaycanın hər guşəsinə şamil olunan bu hüquq Naxçıvan Muxtar Respublika sakinlərinə çox görülür. Məlum səbəblərdən pərən-pərən düşüb respublikanın müxtəlif rayonlarına yayılan naxçıvanlılar şəxsiyyət vəsiqəsi və ya digər sənədlərini almaq üçün zəhmət çəkib ya Muxtar Respublikaya getməli, ya da Bakıdakı nümayəndəliyə müraciət etməlidir. Yaxşı idarə olunmamaq ucbatından yurd-yuvasından didərgin düşmüş naxçıvanlılar isə bu durumdan xeyli gileylidirlər. Ovqat.com-un yazdığına görə, onları haqlı olaraq bu suallar maraqlandırır: Biz Azərbaycan vətəndaşı deyilikmi? Necə olur, digər rayonların sakinləri bu imkandan yararlana bilir, amma binəva naxçıvanlılara bu hüquq verilmir? DİN-nin özü də etiraf etdiyi kimi, bu tədbir vətəndaş məmnunluğunun artırılmasıdırsa, naxçıvanlının niyə məmnun qalmaq haqqı olmamalıdır? Bir ölkədə müxtəlif vətəndaşlara fərqli yanaşmalar hansı hüquqi məntiqlə əsaslandırıla bilər?

http://ovqat.com/manset/34231-naxcvan-kol-yetidirm-koloniyasnn-asan-xidmt-problemi.html 

 

Saytın bazar günü qaldırdığı bu məsələyə “Hürriyyət” qəzeti aydınlıq gətirməyə çalışıb. Əməkdaşımız bu məqsədlə ilk əvvəl Muxtar Respublikanın Bakıdakı Nümayəndəliyinə zəng edib. Nümayəndəlikdən özünü təqdim etməyən xanım deyib ki, Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini nümayəndəlikdən alırlar: “Noyabr ayının 15-dən dekabr ayının 5-nə kimi nümayəndəlikdə şəxsiyyət vəsiqələri verilir”

 Nümayəndəlikdən digər sualları soruşmaq istəyəndə isə qurumun xanım əməkdaşı çox nəzakətsiz şəkildə telefonu üzümüzə qapatdı. Başa düşüləndir, suallar çətin olanda məmurlar adətən bu yolu tuturlar.

“Hürriyyət” qəzeti isə vətəndaş yerinə qoyulmayan və hakimiyyətdən məmnun qalması istənilməyən (Hər halda Daxili İşlər naziri Vilayət Quliyevin məlum əmrindən belə çıxır) Naxçıvan əhlinin dərdini araşdırmağa davam edib. Eyni suallarla müraciət edən əməkdaşa Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayevin cavabı isə belə olub:

Onların Nərimanov rayonu ərazisindəki Naxçıvan Daimi Nümayəndəliyindən vəsiqə almaları təşkil olunur”.

 

Farslar demişkən, xeyli xub. Bəs digər rayon sakinləri yaşadıqları ərazilərdəki “Asan Xidmət”dən şəxsiyyət vəsiqəsi ala bildiyi halda, naxçıvanlıların niyə bu haqqı  olmamalıdır? Axı ölkənin müxtəlif yerlərinə səpələnmiş naxçıvanlılar sənəd almaq üçün niyə məhz iki yerə - ya Daimi Nümayəndəliyə, ya da Muxtar Respublikaya getməlidirlər? Olmaz ki, naxçıvanlılar da hər kəs kimi istədikləri “ASAN Xidmət”dən lazımi sənədlərini ala bilsinlər? 

İ.Babayev bu sualı belə cavablandırrıb: “Təbii ki, mümkündür. Ancaq bununla əlaqədar  “Asan Xidmət”lə əlaqə saxlasınız, yaxşı olar. Hazırda bu imkan yaranıb. Bundan bütün ölkə vətəndaşları yararlana bilərlər”. 

Göründüyü kimi, İlham Babayev də eynilə bizim kimi düşünür. Necə deyərlər, əgər Naxçıvan sakininin istənilən “ASAN Xidmət” mərkəzindən şəxsiyyət vəsiqəsini almaq hüququ vardırsa, eyni prosedurun Daimi Nümayəndəlikdə təşkilinə nə hacət? Bu, arabaya 5-ci təkər qoymağa bənzəmirmi?

Nə yazıq ki, bütün didərgin naxçıvanlıları düşündürən bu suallar hələ də cavablandırılmış deyil. Naxçıvan didərginləri isə  “ASAN Xidmət”-in onlara xidmət göstərmədiyini iddia edirlər. İddialara görə, müraciət etdikləri bütün “ASAN Xidmət” mərkəzlərindən Daimi Nümayəndəliyə göndərilirlər

Şikayətçilər bunu bir neçə amillə əsaslandırırlar. Onların dediyinə görə, “ASAN Xidmət”-dən yararlana bilməmələrinin əsas səbəbi Naxçıvan qeydiyyatında olanların məlumatlarının bu xidmətin bazasına köçürülməməsidir: «Məlumatlar ona görə köçürülmür ki, vətəndaşların ödədiyi rüsumlar Naxçıvandan kənara çıxmasın. Bunun bir başqa səbəbi isə, yəqin ki, Naxçıvanda real olaraq nə qədər insanın yaşadığını mərkəzi hakimiyyətdən gizlətməkdir.

 

Şəkillərdə: Bəxtiyar Əsgərov - "Şair təbiətli" tələbəlikdən Naxçıvan daimi nümayəndəliyinə əfsanəvi sıçrayış qəhrəmanı (Bu əsrarəngiz qəhrəmanlıq barədə xüsusi portret yazımız olacaq).

 

İkinci başlıca səbəb Naxçıvanın Bakıdakı Nümayəndəliyinə əlavə gəlir yeri buraxmaqdır. İddialara görə, Daimi Nümayəndəlikdə şəxsiyyət vəsiqələri üçün rəsmi rüsumdan çox ödənişlər tələb olunur ki, bunun da səbəbi aydındır. Şikayətçilər Naxçıvanın Daimi nümayəndəsi Bəxtiyar Əsgərova tanınan bu imtiyazın mərhum Heydər Əliyevin "ən gənc dostu olması"ndan qaynaqlandığına inanırlar. Deyilənlərə görə, Bəxtiyar müəllim YAP-ın 2003-ci ildə keçirilən III qurultayında etdiyi çıxışının və Heydər Əliyevə yazdığı pafoslu şeirinin çörəyini indiyədək yeyir. Başqa sözlə desək, 100 minlərlə naxçıvanlı pafoslu bir şeirin girovuna çevrilib.

Bəxtiyar Əsgərovu zirvələrə qaldıran həmin çıxışı təqdim edirik:

  

Hurriyyet.org




Ana səhifəyə qayıt        Baxış: 4 430          Tarix: 26-11-2019, 15:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma