Xəbər lenti
27-11-2024, 19:25

 

Azərbaycanın əvəzedilməz brendi olan “ASAN Xidmət”-in ünü çoxdan bütün dünyaya yayılıb. O hətta uğurlu layihələri ilə BMT-nin dövlət xidmətlərinin göstərilməsi sahəsində ən nüfuzlu mükafatına layiq görülüb və bu mükafatdan sonra dünyanın bir çox ölkələrinin diqqətini çəkib. Albaniyadan tutmuş Macarıstana, İtaliyadan Estoniya və Makedoniyaya qədər bir çox Avropa ölkələri Azərbaycanın bu uğurlu layihəsini öyrənmək üçün qollarını çırmalayıblar.

“ASAN”-ın uğuruyla maraqlanan digər ölkə isə Şimalı Koreyadır. Ölkənin daxili işlər naziri Hong Yun-Şik “ASAN xidmət” təcrübəsinin öyrənilməsi və tərcübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə 2016-cı ilin avqustun 19-da Azərbaycanın səlahiyyətli dövlət orqanı ilə Anlaşma Memorandumu imzalayıb. Di gəl ki, hər kəsin həvəslə öyrənib tətbiq etdiyi “ASAN Xidmət” Azərbaycanın “Şimali Koreyası”nın çətin bir əngəliylə üzləşib.

Naxçıvan sakinlərinin Ovqat.com-a şikayətlərinə görə, bu ayın 15-dən etibarən respublikanın digər şəhər və rayonlarında müvəqqəti və ya daimi yaşayan Muxtar Respublika vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinin “ASAN”laşacağı xəbərinə xeyli seviniblər. Düşünüblər ki, bundan sonra adi bir sənədə görə, xeyli xərc çəkib Muxtar Respublikaya getməyəcək, orda süründürməçiliklə üzləşməyəcəklər.

 

Qeyd edək ki, Naxçıvana birbaşa yol olmadığından Muxtar Respublika sakinləri ya İrandan keçərək, ya da təyyarə ilə uçaraq oraya getməlidirlər. İran yolu xeyli yorucu olduğundan və uzun zamana başa gəldiyindən əksər sakinlər təyyarə ilə səyahətə üstünlük verirlər. Hava yolları ilə səyahət isə ən azı 100 manata başa gəlir. Belə çıxır ki, qiyməti 10-15 manat olan şəxsiyyət vəsiqəsi üçün Bakıda yaşayan naxçıvanlı bundan 10 dəfə artıq xərc çəkib Muxtar Respublikaya getməlidir. Halbuki, Naxçıvan sakinləri müvəqqəti yaşadıqları ərazidəki “ASAN Xidmət”-in imkanlarından faydalansalar, həm vaxta, həm pula qənaət edə bilərlər.

Di gəl ki, Naxçıvan Muxtar Respublikası onlara bu asanlığı da  çox görür. Azərbaycan Respublikasının bütün vətəndaşlara tanıdığı haqları Naxçıvan sakinlərinə məhdudlaşdırmağa çalışan "muxtar iradə" bunun üçün müxtəlif vasitələrə əl atır.

 

Şikayətçilərin iddialarından  bəzi sətirbaşları:

“Naxçıvan qeydiyyatında olanların məlumatları ASAN Xidmətin bazasına ona görə köçürülmür ki, vətəndaşların ödədiyi rüsumlar Naxçıvandan kənara çıxmasın. Nə qədər qanuna zidd olsa da, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlar “ASAN Xidmət”-in Bakı mərkəzlərindən yararlana bilmirlər”.

“Ötən illərdə Səyyar ASAN xidməti ilə şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi mümkün olsa da, artıq həmin xidmət də ləğv olunub”.

 

“Naxçıvan qeydiyyatında olub, lakin işsizlik səbəbindən Bakıda müvəqqəti məskunlaşan vətəndaşlar şəxsiyyət vəsiqəsi və bir sıra sənədlərin alınmasında böyük çətinliklərlə üzləşirlər. Vətəndaşlara göstərilən xidmətin daha da asanlaşdırılması məqsədilə yaradılan ASAN xidmət mərkəzləri həmin müraciətlərə baxmır və bunun üçün vətəndaşların Naxçıvana getməli olduqları bildirilir”.

 

Digər bir iddiaya görə, Naxçıvan Muxtar Respublikası rəhbərliyinin “əlləri o qədər uzun”dur ki, onlar hətta rəsmi və yarırəsmi mətbu orqanlarda dərc olunmuş qərarları və yazıları belə sildirə bilirlər. Bunun ən bariz nümunəsi də elə şikayətçiləri sevindirən məlum xəbərdir.

Şikayətçilərin məlumatına görə, ölkənin yarırəsmi xəbər portalı olan APA-nın 10 gün əvvəl yaydığı xəbər üzərindən bir neçə gün keçməmiş həmin saytdan silinib. İndi bəzi mətbu orqanlarda bu xəbərin “youtube”dəki gözü çıxarılmış yeri ilə xəbərin mətni qalıb. APA-da isə o xəbər yoxdur. Həqiqətən də xəbəri tapmaq bizə də müəssər olmadı.

 

Digər saytlarda

 

Bir sözlə, Naxçıvan sakinlərinin “ASAN” hüquqlarını hansısa yolla çətinləşdirən “muxtar iradə” Bakıya və ölkənin digər yerlərinə köçmüş Naxçıvan sakinlərini sənədlərini düzəltmək üçün köhnə qayda ilə ya Muxtar Respublikaya getməyə və ya Bakıdakı Naxçıvan Nümayəndəliyinə yollanmağa vadar edir. Nümayəndəlikdə isə onlara Naxçıvan polisi elə Naxçıvan "qaydasında" xidmət göstərir. Halbuki, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazovun ötən ayın 28-də imzaladığı əmrə əsasən, bu ayın 1-dən etibarən bütün Azərbaycan vətəndaşları yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq, istənilən “ASAN Xİdmət” mərkəzində şəxsiyyət vəsiqəsilə təmin oluna bilərlər. Elədirsə, ölkənin digər rayonlarının vətəndaşları bu haqdan yararlana bilirlərsə, binəva naxçıvanlılara niyə bu hüquq verilmir? Niyə onlar Muxtar Respublikada qeydiyyatdan keçməyə məcbur olunurlar? Yoxsa, onlar Azərbaycan vətəndaşları deyillər? Bir ölkədə müxtəlif vətəndaşlara fərqli yanaşmalar hansı hüquqi məntiqlə əsaslandırıla bilər?

 

Naxçıvan sakinləri bu və bənzər sualların cavabını "muxtar iradənin" “ASAN Xidmət”-dən boyun qaçırması, mərkəzi hakimiyyətin əmr və qərarlarına tabe olmaması, süründürməçiliyin davam etdirilməsi həqiqətində axtarırlar. Onların fikrincə, bütün bu hüquqa zidd qaydalar Naxçıvan əhli üzərində Şimali Koreyadakı zillətə bənzər xofun və hegomonluğun davam etdirilməsi zərurətindən doğur və bu süründürməçi zülmün davam etdirilməsinin iki səbəbi var: əvvəla, sənəd-sünəd düzəldilməsindən Muxtar Respublika məmurlarının cibinə axan rüsumdan kənar ödənişlər, ikincisi isə insanları özündən asılı vəziyyətdə saxlamaq. Zira Naxçıvandan qaçan bəzi asi və ya potensial asi vətəndaşlar sənədlərindən dolayı bir də “kiçik torpağ”a qayıtmağa məhkumdurlar. Bu zaman isə onlar asiliklərinin əvəzini ödəyə bilərlər. İstər-istəməz həmin vətəndaşlar bu xofun ağırlığı altında əzildiklərindən səslərini  çıxara bilmir, mütiləşdirilirlər. Bu isə Naxçıvandakı "muxtar iradənin" qurduğu “kölə yetişdirmə koloniyası”nın fəlsəfəsinə tamamilə uyğundur.

Heydər Oğuz

Ovqat.com

P.S. Qeyd edək ki, bu problemi əslən Naxçıvandan olan millət vəkilləri də dəfələrlə qaldırmış, amma Muxtar Respublikanın sərt etirazları ilə üzləşmişdilər.




Ana səhifəyə qayıt        Baxış: 4 879          Tarix: 24-11-2019, 21:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma