Xəbər lenti

 

Azərbaycanda yeni idarəçilər elitası formalaşır - bunu Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev İlham Əliyev haqqında yazdığı kitabda qeyd edib.

Kitabın fəsillərindən biri olan "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider" başlıqlı məqalə Milli Elmlər Akademiyasının veb səhifəsində çap olunub.

Ramiz Mehdiyev məqalədə Prezident Administrasiyasında işlədiyi 16 il ərzindəki müşahidələrinə əsaslandığını qeyd edib.

Məqalədə deyilir ki, Prezident İlham Əliyev dövlət idarəçiliyi sistemində islahatlar aparır, dövlət orqanlarında çalışanları və dövlət qulluqçularını "Qərbdə və Cənubi Asiya ölkələrində ən yaxşı ali məktəblərdə təhsil almış gənc mütəxəssislər hesabına yeniləyir".

"Yeni idarəçilər elitası formalaşır. Futuroloqların proqnozlarına görə, 2025-ci ilə qədər sabit inkişaf edən ölkələrdə, o cümlədən Azərbaycanda "common brain" ("ümumi beyin") deyilən tamamilə yeni siyasi elita formalaşacaq. Bu, hər hansı radikallıqdan, dağıdıcı inqilabilikdən uzaq olan yüksək intellektli və praqmatik funksionerlərin ciddi strukturlaşdırılmış, iyerarxiya baxımdan nizamlanmış vahid komandası olacaq", - məqalədə deyilir.

Ramiz Mehdiyev yazır ki, bu komandaya hazırkı Prezident İlham Əliyev başçılıq edəcək və o, "idarəetmə sisteminin əsas rəhbəri funksiyasını yerinə yetirməkdə davam edəcək".

İlham Əliyevin taleyi

Ancaq Ramiz Mehdiyev xatırladır ki, İlham Əliyev 2003-cü ildə prezident seçiləndə onun kreativ komanda formalaşdırması tələb olunurdu.

Bu komanda idarəetmə sistemində innovasiyalı texnologiyalar tətbiq etməklə ölkədə "informasiya cəmiyyəti"nin inkişafına güclü təkan verməli idi, o qeyd edir.

"Bu o demək deyildir ki, yeni Prezident əvvəlki Prezident Heydər Əliyevin kadrları ilə işləmək istəmirdi. Ağıllı dövlət başçısı bu fürsəti əldən verməz və məhz təhsilli, təcrübəli, istedadlı, xalqın həqiqi mənafelərini müdafiə edən kadrları öz tərəfinə çəkər. Buna görə də Heydər Əliyevdən sonra kim prezident olsa, onun taleyi əvvəlki dövlət başçısının kadrlarına münasibətdən asılı olacaqdı".

Ötən 16 il göstərdi ki, İlham Əliyev siyasi-iqtisadi varislik yolunu, əvvəlki onillikdə Heydər Əliyevin nail olduqlarını rəvan, sabit şəkildə inkişaf etdirmək və artırmaq yolunu seçib, Ramiz Mehdiyev vurğulayır.

Yeni kadrlar və "zəruri keyfiyyətlər"

Akademik qeyd edir ki, "Azərbaycanda yaradılmış dövlət idarəçiliyi sistemi keyfiyyətcə yeni idarəçi kadrlar üçün nəzərdə tutulmuş, tamamilə yeni əsaslar üzərində qurulmuş vahid mexanizm olacaq".

Cənab Mehdiyev "rəhbərlik sahəsinə təsadüfi və ya siyasi idarəçilik sistemindən bixəbər funksionerin" gəlməsinin həm ölkə əhalisi üçün, həm də əcnəbi investorlar üçün "ciddi problemlər yarada biləcəyini" vurğulayır.

Onun sözlərinə görə, dövlət idarəçilik sisteminə qoşulmuş yüksək təhsilli kadrların zəruri keyfiyyətləri olmazsa, onlar, "dövlət idarəçiliyi prinsiplərinə öz yanaşmalarını tətbiq edə bilərlər, bu isə inkişafın siyasi kursuna "mənfi təsir göstərəcək".

Ramiz Mehdiyev məqalədə "zəruri keyfiyyətlərin", daha dəqiq, yeni kadrda olmamalı olan keyfiyyətlərin açıqlamasını da qeyd edir - "əgər həmin şəxs radikallıq, destruktivlik kimi sistemsiz keyfiyyətlərə malikdirsə".

Radikal müxalifət və İlham Əliyev

Ramiz Mehdiyev yazır ki, "radikal müxalifət" İlham Əliyevin "ümummilli miqyaslı lider ola bilməyəcəyini" deyir və bunu İlham Əliyevin "gərgin siyasi mübarizədə, mitinqlər burulğanında, müxalifət ilə iqtidarın qarşıdurmasında sınaqlardan keçməməsi" ilə əsaslandırır, əslində isə "inqilabi keçmişi"nin olmaması "İlham Əliyevin xeyrinədir".

"Radikal müxalifət başa düşə bilmir ki, bu gün İlham Əliyevin "XXI əsrdə tələb edilən yeni tipli lider" kimi tanınmasında məhz bu amil əsas şərtdir", - Ramiz Mehdiyev deyir.

Şəxsiyyətlərarası münasibətlərdə İlham Əliyev

Ramiz Mehdiyev qeyd edir ki, İlham Əliyev şəxsiyyətlərarası münasibətlərdə "etika normalarına riayət edir, yaşlı müsahibinə hörmət və ehtiramla yanaşır".

O vurğulayır ki, prezident komanda üzvlərinin fikir və məsləhətlərini diqqətlə dinləyir, son qərarı isə özü qəbul edir.

Akademik deyir ki, İlham Əliyevdə "başqasının halına acımaq qabiliyyəti çox güclü inkişaf edib, hərçənd, bunu nümayişkaranə və emosional şəkildə büruzə vermir".

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 1 293          Tarix: 11-12-2019, 22:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma